Ermənilər Üzeyir Hacıbəylinin mahnısını oğurlayıblar

Ermənilər Üzeyir Hacıbəylinin mahnısını oğurlayıblar backend

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi musiqisi görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan “Çırpınırdı Qara dəniz” mahnısının erməni plagiatı ilə bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, məlumatda “Çırpınırdı Qara dəniz” mahnısının rusiyalı müğənni Avraam Russo tərəfindən başqa adla erməni mahnısı kimi ifa olunduğu və həmin mahnının Ermənistanda “2018-ci ilin mahnısı” adını aldığı qeyd edilib. Bildirilib ki, Avraam Russonun ifa etdiyi bu plagiat mahnı “YouTube” internet portalında sözləri erməni aşığı Sayat Novaya məxsus “Kamança” mahnısı kimi təqdim olunur.

“Hələ 2014-cü ildə Türkiyənin “Sabah” qəzetində “Çırpınırdı Qara dəniz” mahnısının guya əsərlərinin böyük əksəriyyəti Azərbaycan dilində olan erməni şairi Sayat Novaya aid olması ilə bağlı məlumat yayılmışdı. Dərhal Müəllif Hüquqları Agentliyi tərəfindən mahnının musiqisinin Üzeyir Hacıbəyliyə, sözlərinin isə Əhməd Cavada məxsus olmasını sübut edən hüquqi və arxiv materialları əsasında hazırlanmış arayış təsdiqedici materialların surətləri ilə birlikdə 2014-cü il mayın 7-də faksla, sonra isə əlavə materiallarla birlikdə rəsmi məktubla Türkiyənin Azərbaycandakı səfirliyinə göndərilmişdi. Bununla yanası, Agentliyin saytında da məsələyə dair şərh yerləşdirilib və KİV-lərdə yayılıb.

Bildiririk ki, “Çırpınırdı Qara dəniz” şeiri 1914-cü ildə Əhməd Cavad tərəfindən Gəncədə yazılıb. Üzeyir Hacıbəyli 1918-ci ildə bu şeirə musiqi bəstələnib və mahnı bir çox tədbirlərdə ifa edilib. Türkiyədə çox məşhur olan bu mahnı müəlliflərin pantürkçülükdə ittiham oluna biləcəyi səbəbinə görə 1920-ci ildәn sonra uzun müddət Azərbaycanda səsləndirilməyib. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bu mahnı ictimaiyyət qarşısında 1993-cü il martın 10-da Bakıda Respublika Sarayında Əhməd Cavadın anadan olmasının 100 illik yubiley gecəsində səsləndirilib.

Bununla yanaşı, bir çox nəşriyyatların, o cümlədən “Azərbaycan” nəşriyyatının nəşrlərində, “Musiqi dünyası” jurnalında, həmçinin elektron ensiklopediyalarda bu mahnının musiqisinin məhz Ü.Hacıbəyliyə məxsus olduğu göstərilib”, - deyə açıqlamada qeyd olunub.

Diqqətə çatdırılıb ki, Əqli Mülkiyyət Agentliyinin musiqi eksperti, Xalq artisti, professor Faiq Sücəddinovun məsələyə dair rəyinə əsasən, Avraam Pussonun ifa etdiyi “Kamança” mahnısı “...Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı, Qara dəniz” mahnısı ilə tamamilə üst-üstə düşür. Erməni plagiatının növbəti qurbanı olan bu mahnı muğamın şur (keçidində) təsnifində yazılıb. Təsadüfi deyil ki, Səid Rüstəmovun “Gəlmədin” mahnısı, Emin Sabitoğlunun “Dağlar” mahnısı da şur təsnifində yazılıb və Üzeyir bəyin musiqisindən bəhrələnib. Beləliklə, sözügedən mahnı muğamın şur təsnifində yazılan məşhur Azərbaycan mahnısı “Çırpınırdı, Qara dəniz” ilə tam üst-üstə düşür”.

Bəllidir ki, əsərin müəllifinin adının göstərilməməsi, əvəzində ifaçının adının ön plana çəkilməsi erməni plagiatının işlənmiş alətidir (bax: Kamran İmanov, Erməni yadelli nağılları, 2008).

Sayat Novanın müəllifliyinə gəldikdə, onun şeir-mahnılarının, nəğmələrinin 70 faizə qədəri türk-Azərbaycan dilində yaradılıb və yayılıb. Müasir erməni ədəbiyyatının banisi Xaçatur Abovyan bunları etiraf edərək yazıb ki, “... ermənilər ancaq türkcə oxuyurlar”, “ermənilərin mahnı ilə dastanları yoxdur”. Tanınmış erməni ədəbiyyatşünası S.Palasanyan isə əlavə edib ki, “...biz (ermənilər) hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik” (S. Palasanyan “Erməni nəğmələri”, S.Peterburq, 1868, erməni dilində). Erməni mənimsəmələrini təsdiqləyən digər erməni sənətşünas M.Nalbandyan isə xüsusi vurğulayıb ki, “...əksər musiqi və nəğmələr türklərdən götürülüb. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitməmişəm...” (N. Nalbandyan, “Qədim şeirlər və nəğmələr haqqında”, Seçilmiş əsərləri külliyyatı, c. 1).

Sayat Novanın yaradıcılığı ilə bağlı aparılmış araşdırma da göstərir ki, onun əsərlərinin siyahısında “Çırpınırdı Qara dəniz” adlı şeir yoxdur.

Bundan başqa, 1982-ci ildə “Sovetskiy pisatel” nəşriyyatının Leninqrad bölməsində nəşr olunmuş “Саят Нова. Стихи” kitabında da qeyd edilib ki, Sayat Novanın bu adda və ya məzmunda şeiri yoxdur. Sayat Novanın “Kamança” şeiri Valeri Bryusov tərəfindən rus dilinə tərcümə olunub. “Kamança” ilə bağlı qeyd etmək lazımdır ki ermənilər tarın və kamançanın azərbaycanlılara məxsus olduğunu dəfələrlə etiraf ediblər. Dini xadim, folklor toplayan və naşir Trdat Balean bu barədə deyib: “Aşıq alətlərinin adları türkcədir - saz, santur, kaman, yaxud kamança, bağlama” (Aрмянские ашуги. Собиратель Тридат Балеан. I Том, Издательство Мамурян, 1911, стр, 9, на армянском языке).

Trdat Balean daha sonra qeyd edib: “Hətta şeirlərin adları da türkcədir: qoşma, dastan, qələndər, müstəzad-qələndər, müxəmməs-qələndər, divani, qəzəl, rübai-divani, müsəddəs-divani, səmai, müsəddəs-səmai, naxişkar-səmai, ədəkli-səmai, dübeyti, müxəmməs, təcnis, zəncirləmə, dildəyməz, əlifləmə, sətrənc, qitə, qəsidə, nəqarət və s.” (Aрмянские ашуги. Собиратель Тридат Балеан. I Том, Издательство Мамурян, 1911, стр, 9, на армянском языке).

Tbilisidə erməni dilində nəşr edilən “Mşaq” qəzeti 1916-cı il 3 sentyabr tarixli nömrəsində yazırdı: “...onların qulaqları tar və kamança səsləri ilə doldurulub. Ona görə də Şərq musiqisi erməni xalqının cisminə və qanına hopub” (K. İmanov. “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinə müsahibəsindən. 15 noyabr 2011-ci il).

Azərbaycan mədəniyyəti və onun inciləri Azərbaycanın Birinci vitse-prezidentli Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində bütün dünyada tanınır. Вeynəlxalq səviyyədə də kamança musiqi alətinin Azərbaycan xalqına məxsus olduğu qəbul edilib. 2017-ci ildə sonunda Koreya Respublikasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycanın və İranın birgə təqdim etdiyi kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Bundan başqa, kamança haqqında Agentlik tərəfindən onlarca elmi məqalə və araşdırmalar dərc olunub, xarici dillərə tərcümə edilib və aidiyyəti üzrə göndərilib. Beləliklə, kamança Şərq və Orta Asiya xalqları arasında müxtəlif adlarla geniş yayılan qədim musiqi alətlərindən sayılır və onun bir neçə növü olub. Kamança yaylı qopuzun törəməsidir (M.Kərimov. “Azərbaycan musiqi alətləri” kitabının ikinci nəşri. 2010. Səh.136). Ortaq türkcədə “kiçik kaman” mənasını verir. Adının əski türkcə “qam” və “an”/”un” sözlərindən (uca, müqəddəs səs) yarandıgı, qam-maqların Tenqri (Tanrı) ilə ünsiyyət məqsədi ilə səsləndirildiyi barədə fikirlər də öz təsdiqini tapıb.

“Çırpanırdı Qara dəniz” mahnısının müəlliflərinin müəlliflik hüquqlarının qorunma müddəti bitdiyi üçün həmin mahnı və şeir ictimai varidat dairəsindən sayılır və mahnının böyük əhəmiyyət daşıdığını nəzərə alaraq o, ictimai varidatdan dövlət varidatına keçirilib və hazırda dövlət tərəfindən qorunur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, müəlliflərin şəxsi (qeyri-əmlak) hüquqlarının qorunması müddətsizdir. “Çırpınırdı Qara dəniz” mahnısının sözlərinin dəyişdirilməsi orijinal əsər müəlliflərinin şəxsi (qeyri-əmlak) hüquqlarının pozulmasıdır və qanun pozuntusu hesab olunur.

Odur ki, sözügedən əsərin hər hansı formada dəyişdirilməsi, mənimsənilməsi, özgəsinin adına çıxarılması müəllif-hüquq pozuntusu olaraq plagiata çevrilir. Buna görə də Ü.Hacıbəylinin “Çırpınırdı Qara dəniz” mahnısının erməniləşdirilməsi, habelə Sayat Novanın “Kamança” şeiri ilə eyniləşdirilməsi cəhdlərinin qarşısı beynəlxalq qanunvericiliyə uyğun olaraq tərəfimizdən hər zaman alınacaq.
Diaspora