Milli Qəhrəman haqqında film çəkilir - FOTO

Milli Qəhrəman haqqında film çəkilir - FOTO backend

Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev haqqında sənədli film çəkilir. Qaziler.az xəbər verir ki, ”Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik leytenant Şirin Vəli oğlu Mirzəyevin həyatından-döyüş yolundan bəhs edən 35 dəqiqəlik “Diqqət, mən 301-əm” sənədli filminin çəkilişlərinə başlayıb.



Çəkilişlərin birinci mərhələsi Şəhidlər Xiyabanında Şirin Mirzəyevin məzarı önündə döyüş yoldaşlarının iştrirakı ilə reallaşıb.

Filmin digər epizodları Bakı şəhərində çəkiləcək və bu dəfə Milli Qəhrəmanın ailə üzvləri, qohumları və yaxınları onun haqqında xatirələrini bölüşəcəklər.
Qeyd edək ki, sənədli filmdə səsləndirilmək üçün Şirin Mirzəyevə həsr edilmiş musiqinin yazılmasına da başlanılıb.

Xatırladaq ki, Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu sənədli filmin ssenari müəllifi Rey Kərimoğlu, rejissoru İlham Tumasdır.



Milli Qəhrəman Şirin Mirzəyev haqqında qısa məlumat: Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Vəli oğlu Mirzəyev 5 yanvar 1947-ci ildə Xankəndi şəhərində anadan olub. Nizami Gəncəvi adına 4 saylı orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılıb. Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmətini başa vurduqdan sonra 1967-ci ildə Sankt - Peterburq şəhərində Ali Siyasi - Hərbi məktəbə daxil olub. 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub, təyinatla Ermənistanın paytaxtı İrəvan şəhərinə göndərilib. Beş il burada xidmət etdikdən sonra, xidmət üçün Bakıya göndərilib. Daxili qoşunlar Alayında 15 illik xidmət yolu keçib. 1988-ci ildə Moskva Ali Siyasi Akademiyasını bitirib. Xidmətlərinə görə dəfələrlə medallar və döş nişanları ilə təltif olunan Ş.Mirzəyev rota komandirinin müavini, batalyon komandirinin müavini, diviziya komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Öz ərizəsinə əsasən döyüş bölgəsinə göndərilir. 1991-ci ilin avqustun axırında Ağdama gəlir. Sentyabr ayından sonralar 836 saylı 836 saylı Ağdam Əlahittə Ərazi Özünü Müdafiə Batalyonunun əsasını qoyur. Qısa müddət ərzində ətrafına güclü döyüş kontingenti toplayır. 1991-ci il 9 oktyabrda həmin batalyona komandir təyin edilir.

Polkovnik - leytenant rütbəsinə qədər yüksələn Ş. Mirzəyev Qazançı kəndinin düşməndən azad edilməsində böyük rəşadət göstərir. 1992-ci ildə Qaralar kəndindən geri qayıdarkən minaya düşür və həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə polkovnik - leytenant Mirzəyev Şirin Vəli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Ailəli idi. İki övladı yadigar qalıb.







Diaspora