Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin dəstəyi və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəvəti ilə “Azərbaycan-Ukrayna Ədəbi Görüşləri” çərçivəsində Azərbaycanda səfərdə olan Ukrayna nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən APA-ya verilən məlumata görə, Ə. Qarayev bildirib ki, ədəbi-mədəni əlaqələr dövlətlər arasında əməkdaşlığa xidmət edir.
Nazir iki ölkə arasında mədəni əlaqələrin müasir şəraitə uyğun yeni tendensiyalarla qurulmasının tərəfdarı olduğunu nəzərə çatdırıb, qarşılıqlı mədəniyyət günlərinin təşkili, poeziya, elm və sənət adamlarının təcrübə mübadilələrinin vacibliyini vurğulayıb.Ukrayna Ali Radasının deputatı Sergey Taruta isə qarşılıqlı əlaqələrin intensiv inkişafı üçün daha səmərəli metodlardan istifadənin əhəmiyyətindən danışıb.
Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko, Ukrayna Ali Radasının deputatı Mariya Matios, “Vsesvit” jurnalının baş redaktoru Dmitro Drozdovski, Ukrayna Yazıçılar Birliyinin katibi Lesya Mudrak, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli və başqaları iştirak edib.
Ə. Qarayev yazıçıların bir qismini Azərbaycan-Ukrayna ədəbi əlaqələrinə verdikləri töhfəyə görə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq diplomu ilə təltif edib.