Duet Qalereyasında Azərbaycan və Amerika rəssamlarının əsərləri nümayiş olunur. Bu barədə YARAT Müasir İncəsənət Məkanından Trend-ə verilən məlumatda bildirilir.
Sərgidə Amerika rəssamı Ketlin Aasenin (Duet Qalereyası) və Azərbaycan rəssamı Vüsal Rəhimin (YAY Qalereyası) yaradıcılığını təqdim edən əsərlər nümayiş olunur. Rəssamlaın əsərləri ilk dəfədir birlikdə nümayiş etdirilir.Onların abstrakt rəngkarlığa yanaşma özəllikləri vasitəsilə sərgi iki ölkə arasında mədəniyyət dialoqu təəssüratı bağışlayır. Duet Qalereyasının (Sent-Luis, ABŞ) direktoru Daniel Mak-Qrat və YARAT Müasir İncəsənət Məkanının (Bakı, Azərbaycan) yerli proqramlar üzrə direktoru Lana Sokolova bu sərgiyə birlikdə kuratorluq edirlər.
V.Rəhimin sərgidə nümayiş etdirdiyi rəngkarlıq silsiləsi onun əvvəlki əsərlərində sınayıb-təkmilləşdirdiyi özünəməxsus rəssamlıq üslubu üzərində qurulub. Hər bir tablosunda V.Rəhim insan fiqurunun tanınan cizgilərini ayrı-ayrılıqda müəyyən abstrakt formalar şəklində göstərərək, parlaq rəng palitrasından aldığı boyanı kətan üzərinə sərbəst, süzgün yaxmaqla vahid obraz halına gətirir, birləşdirir. Onun tablolarından duyulan dinamik hərəkət hissi bu əsərləri tükənməz enerji ilə doldurur. Cizgilər və düşünülmüş kompozisiya vasitəsilə rəssam həmin enerjiyə nəzarət edir.
K.Aasenin rəngkarlıq əsərləri V.Rəhimin tabloları ilə yanaşı nümayiş etdirilərək kontrapunkt təşkil edir. Onun kağız və kətan üzərində çəkdiyi şəkillərin üstünə ara-sıra ləkələr düşüb, boyalar axaraq iz qoyub, rənglər solub. Üst qatın əriyib-axan boyaları altından astarın boylanıb-çıxdığına görə bu təsvirlər, sanki, təbii, ancaq formalarından heç nəyə oxşamayan bir görüntü yaradırlar və beləcə, yoxluğa işarə vururlar. Üslub baxımından V.Rəhimin işlərinə nə qədər nəzarət və enerji, səliqə-sahman və dinamizm xasdırsa, K.Aasenin əsərləri üçün bir o qədər səssizlik, müəllif barədə az məlumat vermək səciyyəvidir.
Direktor və müştərək kurator D.Mak-Qrat sərgini belə səciyyələndirib: “Keçən ilin oktyabrında Lana Sokolova “CEC Arts Link”-in art-rezident qonağı qismində Sent-Luisdə olduğu zaman onunla görüşdük. Onunla “Duet”də müştərək kuratorluğumuzla sərgi keçirmək imkanlarını müzakirə etdik. Vüsal Rəhimlə Ketlin Aasenin əsərlərini birlikdə sərgiləmək Lananın seçimi oldu. Onun fikrincə, bu rəssamların abstrakt rəngkarlıqda nümayiş etdirdikləri üslub baxımından onların qoşa təqdimatı maraqlı, düşündürən olmalı idi.”
Yerli proqramlar üzrə direktor və müştərək kurator L.Sokolova isə sözügedən sərgi haqqında bunları söyləyib: "İlk dəfə Ketlinin əsərlərinə baxanda Vüsalın emalatxanasında gördüyüm abstrakt eskizləri xatırladım. Ketlinlə duet sərgiləmək üçün məhz Vüsalı ona görə seçdim ki, bu iki rəssamın əsərlərində gerçəkliyin abstrakt təsvirə çevrilməsi güclü bir paralel təşkil edir. Ketlinlə Vüsal ikisi də açıq, aktiv rənglərdən istifadə edir, rəngkarlıq işlərində rəngin insan hissiyyatlarını oyadan xüsusiyyətlərini instinktiv duyub-anladıqlarını nümayiş etdirirlər. YARAT Müasir İncəsənət Məkanı müxtəlif mədəniyyətlər arasında dialoqun qurulması uğrunda çalışır və bu baxımdan, belə bir sərgi bizim qarşımızda qoyulan məqsədlərə bir az da yaxınlaşmaq üçün yaxşı imkandır. Gənc Azərbaycan və Birləşmiş Ştatlar rəssamları arasında əlaqələri möhkəmləndirmək işində incəsənətin rolu olduqca böyükdür.”
Rəssamların tərcümeyi-halı:
V.Rəhim təsviri sənət üzrə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında alıb. Əsərləri YAY Qalereyası tərəfindən nümayiş edilir. Əsərləri Azərbaycanda və xaricdə sərgilənir. “Black woman” adlı fərdi sərgisi YAY Qalereyasında keçirilib (Bakı, Azərbaycan). İştirak etdiyi qrup sərgiləri: “BACARART layihəsi”, Azərbaycan; “Ev, doğma ev”, Azərbaycan Mədəniyyət Mərkəzi, Paris; “Sülh dairəsi”, Gürcüstan Yazıçılar Evi, Tbilisi, Gürcüstan; “Commonist”, YARAT Müasir İncəsənət Mərkəzi, Bakı, Azərbaycan; IV Beynəlxalq Türk mədəniyyəti, incəsənəti və mədəni irisi simpoziumu, Milan, İtaliya; “İz”, Azərbaycan Milli Tarix Muzeyi, Bakı, Azərbaycan.
K.Aasen təsviri sənət üzrə bakalavr diplomunu Sent-Luisdəki Missuri Universitetini bitirərək alıb. Hazırda Sent-Luisdəki Vaşinqton Universitetində təsviri sənət magistraturasında oxuyur: rəngkarlıq üzrə təhsil alır. Bu onun ilk duet sərgisidir.
Duet Qalereyası haqqında
Duet silsilə sərgilər və kurator tədbirlərini təmin edən qurumdur, fəaliyyətinin hədəfi – bir Sent-Luisli rəssama başqa bir şəhəri təmsil edən bir rəssamı qoşaraq, diqqətli seçim nəticəsində mənalı cütlük təşkil etmək, əsərlərini sərgiləmək və beləcə, hər bir rəssamın işinə təsir göstərən müxtəlif mədəni aləmlərin həm oxşar, həm də fərqlənən cəhətlərini üzə çıxarmaqdır. Grand Center məhəlləsində yerləşir. Müxtəlif incəsənət sahələrində çalışaraq, öz məkanları üçün nadir sayılan mövzuları araşdıran sənətkarları birləşdirir. İyirmi beş ildən artıq müddət ərzində sarsılmaz həvəslə yerli rəssamlara yardım göstərən Ken və Nensi Kranzberq tərəfindən bir kurator layihəsi kimi dəstəklənir, rəssamlara mühüm sərgilərlə həm bölgədə, həm də daha geniş miqyasda yeni-yeni auditoriyaların qarşısına çıxmağa imkan yaradır.
Yay Qalereyası haqqında
YAY Qalereyası Bakının tarixi mərkəzi olan, YUNESKO tərəfindən dünya mədəniyyəti irsinə aid edilmiş İçəri Şəhərdə yerləşir. Qalereyanın təsisçisi olan YARAT müasir incəsənət sahəsində fəaliyyət göstərən, bununla da Azərbaycanda yaradıcı infrastrukturu dəstəkləyən qeyri-kommersiya təşkilatıdır. Qalereya ictimai vəzifələri yerinə yetirən müəssisədir: YAY (sözün “yaymaq”, “paylaşmaq” mənasında) Qalereyasında satılmış hər bir əsərdən əldə edilən gəlir əsərin müəllifi ilə YARAT arasında bölünür. Qalereyada hər il altı sərgi keçirilir. Bundan əlavə, Qalereya böyük fəallıqla özünün görüşlər və publikasiyalar proqramını da həyata keçirir. Əsərlərini YAY Qalereyasında sərgiləyən rəssamlar sonradan beynəlxalq art-rezident proqramları və sərgilərə qatılırlar. Buna misal gətirərək, Faiq Əhmədin 2013-cü ildə nüfuzlu Jameel Prize mükafatına təqdim olunmasını və əsərlərinin Londondakı Viktoriya və Albert Muzeyində sərgilənməsini qeyd etmək olar; Nəzrin Məmmədova, Rəşad Ələkbərov və Fərid Rəsulov Delfina Fondunun məşhur art-rezident proqramı üzrə Londonda ezam-sakin olublar.