Maqsud Şeyxzadənin 110 illik yubileyi geniş qeyd olunacaq

Maqsud Şeyxzadənin 110 illik yubileyi geniş qeyd olunacaq backend

Daşkənddə və Bakıda özbək ədəbiyyatının azərbaycanlı dahi dramaturqu Maqsud Şeyxzadənin 110 illik yubileyi geniş qeyd olunacaqdır.

Qaziler.az bildirir ki, bu il özbək ədəbiyyatında dramaturgiyanın banisi, tərcüməçi, pedaqoq, tanınmış ədəbiyyat nümayəndəsi, azərbaycanlı Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi tamam olur.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə tanınmış drammaturqun 110 illiyi münasibəti ilə Daşkənd və Bakıda Beynəlxalq elmi konfranslar, habelə Maqsud Şeyxzadəyə həsr olunmuş “İki xalqın iftixarı” adlı sənədli filmin və “Özbək şeir çələngi” adlı kitabın təqdimatı keçiriləcəkdir.
Cari il 14 dekabr tarixində Daşkənddə keçiriləcək tədbir Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat İnstitutu, habelə Şeyxzadənin uzun illər fəaliyyət göstərdiyi Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin təşçkilatçılığı və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin dəstəyi ilə keçiriləcəkdir.

Elmi konfransda Özbəkistan elminin, ədəbiyyatının tanınmış simaları - akademiklər Naim Kərimov, Baxtiyar Nazarov, tanınmış ədəbiyyatşünas alimlər Nurbay Cabbarov, Hamidulla Hamidi, Hamidulla Boltabayev, Babaxan Şərif və başqaları məruzələrlə çıxış edəcəklər.

Öz fəaliyyəti ilə iki xalq arasında dostluq körpüsü yaradan dahi dramaturq Maqsud Şeyxzadənin yubileyi ədibin vətəni Azərbaycanda da geniş qeyd olunacaqdır.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanın “Kaspi” qəzeti və təhsil şirkəti ilə birgə təşkil olunacaq yubiley tədbiri Bakıda Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcəkdir.

Tədbirlər çərçivəsində Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli materialların, həm də bədii parçaların yer alacağı “İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdiriləcəkdir.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi ilə əlaqədar Mərkəzin layihəsi ilə Daşkənddə çap olunmuş “Özbək şeir çələngi” adlı kitabda Şeyxzadənin “Bir zamanlar”, “Bahar yağışı” adlı şeirləri Özbək və Azərbaycan dillərində yer almışdır. Keçiriləcək tədbirlər çərçivəsində kitab iştirakçılara təqdim olunacaqdır.

Maqsud Şeyxzadə özbək klassik əbədiyyatını öyrənmiş, tədqiq etmiş, özbək əbədiyyatı tarixini, ədəbiyyatşünaslıq nəzəriyyəsini təkmilləşdirmiş və onu yeni-yeni elmi axtarışlarla zənginləşdirmişdir. Maqsud Şeyxzadə yaradıcılığının zirvəsi onun dramaturgiyası hesab olunur.

Dahi dramaturq Özbək xalqının qəhrəmanı "Cəlaləddin Mənguberdi", hökmdar "Mirzə Uluğbəy" kimi tarixi şəxsiyyətlərə dair yaratdığı əsərləri, tarixi faciələrlə özbək dramaturgiyasının əsasını qoymuş, “Daşkəndnamə” kimi mənzum faciələrlə ölməz əsərlər yaratmışdır. Şeyxzadə dünya şöhrətli özbək şairi Əlişer Nəvai irsini tədqiq edənlərdən biri olmuş və onun "Seçilmiş əsərləri"nin bir kitabı Nəvaiyə həsr edilmişdir».

Maqsud Şeyxzadə Özbəkistanda böyük tərcümə məktəbinin də əsasını qoymuşdur. O, Nizami Gəncəvi, Məhəmməd Füzuli, M.F.Axundov, A.S.Puşkin, M.Lermontov, V.Şekspir, İ.Höte, C. Bayron, Ş.Rustaveli və bir sıra başqa dünya klassiklərinin əsərlərini özbək dilinə tərcümə edib.

Diaspora