“Əgər 60-cı illər ədəbiyyatın qızıl dövrü idisə, indi “qızılca” dövrüdür”
“Bu gün tək əskiyim vaxtdır. 80 yaşım var və bu, az ömür deyil. Bir istəyim odur ki, Allah mənə 5 il, çox səxavətlidirsə, 10 il ömür versin ki, planlarımı həyata keçirim”.Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “Tibb qəzeti”nə müsahibəsində gələcək planlarından danışarkən deyib.
“Planlarınız nədir” sualına Xalq yazıçısı “Ancaq yeni əsərlər. Fikirlərim, qeydlərim çoxdur, onların hamısını işləmək lazımdır. Bütün düşüncələrimi reallaşdırmaq üçün 5-10 il vaxta ehtiyacım var. Hazırda bir neçə əsər üzərində paralel işləyirəm. Amma bitirməmiş onlar haqqında danışmaq istəmirəm” deyə cavab verib.
Yazıçılar Birliyinin sədri ailəsinə və özünə qarşı olan yalanlara cavab verməyə vaxt itirdiyini də vurğulayıb:
“Bəzən ağ yalanlara, ailəmə, mənə qarşı olan böhtanlara görə lazımsız adamlara cavab verirəm. Yaxşı olardı ki, belə şeylərə fikir verməyim. Amma hərdən bacarmıram…
Mənə deyirlər ki, niyə cavab verirsən?! Əslində, onların yüzdən birinə cavab vermirəm. Hər yalanı ifşa etməyə, istəsəm də, vaxt çatdıra bilmərəm. Amma bəzən insan elə yalan, böhtan görür ki, qıcıqlanır, əsəbləri pozulur. İnternet azadlığı ilə yanaşı, internet məsuliyyəti də olaydı gərək. Təəssüf ki, azadlıq var, məsuliyyət yoxdur”.
“…bu gün xalq ziyalısının səsini niyə eşitmir” sualını cavablandıran Anar belə deyib:
“Bilirsiniz, elə bilirlər ki, kim bərk danışırsa, o, xalqın yanındadır və onu daha çox sevirlər. Amma ziyalılıq, xalqa xidmət çox zaman hay-küy, bəyanatlar tələb etmir. Bu, gündəlik fəhlə işidir. Mən çalışmışam və indi də çalışıram ki, bu gündəlik fəhlə işini vicdanla görüm, xalqıma xidmət edim. Şüarlar, təntənəli nitqlər söyləməklə aram yoxdur.
Digər tərəfdən, cəmiyyətin əsas fiqurları indi ziyalılar yox, şou ulduzlarıdır. Bir zamanlar ən populyar, ən imkanlı adamlar şairlər, yazıçılar, alimlər idi. Çünki əsərlərimizə yüksək qonorar alırdıq. İndi Yazıçılar Birliyinin bütün üzvlərinin qazandığından daha artığını hər hansısa müğənni cəmi bir ayda toyda qazanır. Televiziyalar da həmin müğənniləri, dedi-qodu edənləri təbliğ edir, ədəbiyyatı yox. İnsanların marağını belə şeylərə yönəldirlər. Bu, xalqın əxlaqını pozur, bayağılığa alışdırır, mənəvi aşınma gedir. Əvvəllər ziyalı sözü dəyərli idi. Bu gün elə deyil”.
Sağlamlığından da danışar Xalq yazıçısı bildirib ki, 30 ildən çoxdur diabet xəstəsidir
“Lazımi müalicəni edirəm, amma xüsusi pəhriz saxlamıram. Ötən il də ürəyimdən əməliyyat olunmuşam. Həkimlər çox gəzməyi məsləhət görsələr də, buna imkanım, vaxtım olmur. Yəni öz qeydimə qaldığımı deyə bilmərəm. Amma indi ümumilikdə özümü normal hiss edirəm”.
Anarın sözlərinə görə, Azərbaycan ədəbiyyatının bugünkü vəziyyətinə həkim kimi diaqnozu belə olar:
“Bir dəfə demişdim ki, əgər 60-cı illər ədəbiyyatın qızıl dövrü idisə, indi “qızılca” dövrüdür. Gənclər bu sözümdən incimişdilər. Qəbul edirəm ki, bu bir az ifrat sözdür və mən bu sözün arxasından qaçıram. Çünki gənclər arasında çox istedadlı yazıçılar, şairlər, nasirlər də var. Amma hələ 60-cı illərdə yaranan ədəbiyyat səviyyəsində əsərlər yazılmayıb”.