Akademik Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir

Akademik Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir backend

Akademik Milli Dram Teatrı Azərbaycanı “Manqurt” tamaşası ilə Qırğızıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edir.

Teatrın mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, festivalda iştirak Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkəmizin Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” festivalında Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan teatrları da iştirak edir.

Festival 12-17 noyabr tarixlərini əhatə edir.

Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşasını noyabrın 14-də təqdim edəcək.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak edirlər.

Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər
keçirilir.
Diaspora