Xalq artisti Amaliya Pənahovanın ölümü bizim üçün nə qədər gözlənilməz olsa da, onun özü üçün bir o qədər gözlənilən idi.
Ölümündən sonra məlum oldu ki, aktrisa onkoloji xəstəlikdən əziyyət çəkib və uzun zamandır müalicə olunurmuş.73 yaşlı Amaliya Pənahovanın son günə qədər səhhətindəki durumu gizlətməsi, xəstəliyi ilə bağlı heç harda danışmaması, məsələni ictimailəşdirməməsi mənim gözümdə onu ən yüksək mərtəbələrə qaldırdı. Amaliya xanımın xərçəngə qarşı bu cür duruşu, təmkinli davranışı içimdə qəribə hisslər oyatdı. Axı, bu necə baş verə bilərdi? Necə bu qədər müddət ərzində səssiz-səmirsiz dayanmaq olardı?
Onu bilirəm ki, biz belə qeyri-adi situasiyaya öyrəncəli deyilik. Çox kiçik istisnaları nəzərə almasaq, yaradıcı şəxslərin, incəsənət adamlarının belə gözlənilməz addım atması xüsusi ilə bugünkü cəmiyyətimiz üçün vərdiş etmədiyimiz, alışmadığımız haldır. Heç kimdən mədət ummamaq və sakitcə bir kənara çəkilib xəstəliklə mübarizə aparmaq..
Halbuki Amaliya Pənahova da başqaları kimi davrana bilərdi. Bunun üçün əlində kifayət qədər böyük imkanları vardı. Məsələn, xərçənglə tanış olduğu ilk andaca ictimaiyyəti bu barədə məlumatlandırardı. Hər kəsin diqqətini öz üzərinə çəkərdi.
Xaricə müalicəyə göndərilməsi üçün dövlətin ən ali qurumlarına müraciət edərdi və bu müraciət də təbii ki, müsbət cavablandırılardı.
Və yaxud dərhal piar işlərinə başlayardı. Zaurun verilişinə çıxardı, xəstəliyi ətrafında şou qurardı. Ağlayırdı efirdə. Sənət yoldaşlarından, iş adamlarından ona dəstək olmalarını istəyərdi. Canlı yayımda günlərlə müzakirələr aparılardı, siyahılar açıqlanardı, Amaliya xanıma kimlərin nə qədər pul göndərdiyi elan edilərdi. Necə ki, bu yaxınlarda belə bir hadisənin şahidi olduq. Amaliya xanımın “Toppuş bacı” ləqəbli gənc həmkarı Tünzalə Əliyeva eyni xəstəliyi əsas gətirib efirə çıxdı, on minlərlə manat pul topladı. Hərçənd ki, sonda yığılan pulların müalicəyə deyil, ipoteka kreditinin ödənişi üçün xərcləndiyi bəlli oldu. Yəni demək istədiyim, Amaliya xanım da insan həyatını bu qədər ucuzlaşdıran aksiyalarda iştirak edə, hər cür varianta əl ata bilərdi. Amma biz son ana qədər onun xərçənglə mübarizəsindən bixəbər idik.
Amaliya Pənahova hamı kimi olmadı, hər kəsə dərs olacaq nümunəvi davranış sərgilədi. O, böyük sənətkar idi. Böyük sənətkarlar isə hətta öz ölümləri ilə də öyrədirlər.
Mirhacib Məcid