Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə adına səhnəsində yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub.
Teatrın mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor asistenti Nərmin Camalovadır.Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.
Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.
Tamaşaçıların rəğbətini qazanan səhnə əsəri alqışlarla qarşılanıb. Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.
Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.
Qeyd edək ki, martın 27-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsinin açılışı olub. Yeni səhnədə ilk dəfə məhz “Bir, iki – bizimki!” tamaşası təqdim olunub.