Ə.Topçubaşovun “Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabının təqdimat mərasimi keçirildi

Ə.Topçubaşovun “Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabının təqdimat mərasimi keçirildi backend

Sentyabrın 26-da Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə töhfə olaraq nəşr etdiyi Əlimərdan Bəy Topçubaşovun "Xalqımızın müstəqil yaşayacağına inanırdıq" kitabının təqdimat mərasimi keçirilib.

Qaziler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutan tədbiri giriş sözü ilə bu təhsil ocağının rektoru, akademik Urxan Ələkbərov açıb. O, sözügedən nəşri Cümhuriyyətin 100 illik yubileyinə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilməsinə dair əlamətdar hadisə kimi dəyərləndirib.

Kitabın tərtibçisi – Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyev isə nəşrin ərsəyə gəlmə prosesi barədə ətraflı məlumat verib. Alim böyük siyasi xadimin məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası və zəngin epistolyar irsinin toplandığı bu kitabın Azərbaycanın müstəqillik tarixinin müfəssəl araşdırılması, tarixçilər, diplomatlar, politoloqlar, xüsusən diplomatiya tədrisi, eləcə də hər bir azərbaycanlı üçün dəyərli mənbə olduğunu bildirib.

Tədbirdə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Dövlət İdarəçilik Akademiyası “Siyasi idarəetmə” fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının professoru Solmaz Rüstəmova-Tohidi, Dövlət İdarəçilik Akademiyası “Tarix” kafedrasının professoru Havva Məmmədova, Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova və digərləri çıxış edərək, kitabla bağlı fikir və mülahizələrini söyləyiblər.

Diaspora