KQB polkovniki: “Bizdə heç bir yazıçı agentlik eləməyib” - MÜSAHİBƏ

KQB polkovniki: “Bizdə heç bir yazıçı agentlik eləməyib” - MÜSAHİBƏ backend

Adalet.az sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılla müsahibəni təqdim edir.

- İlham bəy, SSRİ-də Dövlət Təhlükəsizlik Komitəsində işləmisiniz. Təhlükəsizlik üzrə ekspertsiniz. Mənə maraqlıdır, ədəbiyyatın təhlükəli olduğu məqamlar varmı və sizcə, hansı məqamlar ədəbiyyatı təhlükəli edir?

- Ədəbiyyat hər bir dövlət üçün deyil, totalitar və avtoritar rejimlər üçün həmişə təhlükədir. Hətta mən deyərdim ki, bir nömrəli təhlükədir. Demokratik cəmiyyətlərdə isə ədəbiyyat sadəcə olaraq sənətdir. Biz özümüz totalitar rejimdən çıxmışıq. Mən özüm Təhlükəsizlik Komitəsində işləmişəm. Biz o zamanlar eşidirdik ki, Solijenitsın deyilən bir yazıçı var. Sonradan öyrəndik ki, başqaları da var. Məsələn, Brodski. Bu yazıçıları qəbul etmirdilər. Çünki ədəbiyyatın təsir gücü, xüsusi ilə qapalı cəmiyyətlərdə daha güclü olur. Simvollarla, alt qatlarla nələrisə çatdıran ədəbiyyat bir rejimin apardığı böyük bir siyasəti bir saatın içində darmadağın edə bilər. Ona görə də ən çox ədəbiyyatdan qorxurdular. Sürgünə kimləri göndərirdilər? Ədəbiyyatçıları, Şalamovu, Soljenitsını...

- O vaxtları idarə olunan bir ədəbiyyat vardı. Siz də KQB-də işləyirsiniz. Olduğunuz yerdən baxanda ədəbiyyat necə görünürdü?

- Onda hər şey idarə olunurdu, o cümlədən də ədəbiyyat. Mərkəzi komitədə humanitar şöbələr vardı ki, əsasən bu işlə məşğul olurdular. Partiyanın ayrıca qurultayları olurdu, ədəbiyyata həsr olunan pleniumlar keçirilirdi. Ədəbiyyata istiqamət verirdilər, onu bir növ idarə edirdilər. Hələ Stalin dövründə bu siyasət daha dəhşətli idi. Səhv eləmirəmsə, Yusif Səmədoğlunun "Qətl günü” romanında belə bir səhnə vardı ki, yazıçılar yığışıb iclas keçirirlər. Onlardan biri deyir, ölkədə traxoma xəstəliyi yayılıb, mən bu xəstəlik haqqında elə bir şey yazacam ki, hamı şəfa tapacaq. Ədəbiyyat bu cür idarə olunurdu. Müharibə bitdi, müharibədən yazın, sosializm yarışından, əməkçilərdən yazın... Səməd Vurğun kəndən şəhərə gələndə yadına təbiət düşürdü və bu səpkidə şeirlər yazırdı. Deyirdilər, yox e, sən gərək traktordan yazasan. Ədəbiyyatın istiqamətləndirilməsi birmənalıydı. O cümlədən DTK-da xüsusi şöbə vardı. Hələ Nikolay dövründə bu şöbəyə 5-ci şöbə deyirdilər. SSRİ vaxtında da şöbənin adı elə "5-ci şöbə” olaraq qalırdı. Qraf Benkendorfun şöbəsi də deyirdilər. Ədəbiyyat kitablarında, tarix kitablarında yazırdılar ki, filan yazıçı qraf Benkendorfa məlumatlar verir, yəni agentlik edir. Məsələn, Nekrasov nə yazırdı. Dobrolyubovun buna münasibəti necədir? Bütün yazıçılar... Hətta Dostoyevski, Tolstoy da... Çar cəmiyyəti SSRİ-yə baxanda nisbətən azad cəmiyyət idi. Ancaq orda da ədəbiyyatın gücündən xəbərdar idilər. Hə, həmin o 5-ci şöbə ədəbiyyatı idarə edirdi. Çar Rusiyasından qalan ənənəni davam etdirdilər. Xəlil Rzanın sözü ilə desək, daha ciddi, daha kəskin hal almışdı SSRİ vaxtında. Yazıçı "yolunu azırdısa”, mütləq onu "profilaktika” edirdilər. Ya bunu KQB edirdi, ya Yazıçılar Birliyinin sədri, ya da Mərkəzi Komitədən kimsə. Həmin yazıçını çağırıb deyirdilər ki, sən belə yazma, bu cür yazmaq olmaz. Stalinin dövründə, 30-cu illərdə bunun cəzası sürgün idi, ya da güllənmə. Andropovun sədrliyi dövründə isə bu cəza mülayim hal aldı. Sürgünü söhbətlə əvəz etdilər, profilaktikayla. Eləsi də var idi ki, söhbətə məhəl qoymadı. Məsələn, Solijenitsın. O istədiyini yazdı.

- Azərbaycan yazıçılarının əksəriyyəti də deyir, istədiyimi yazmışam. Söhbət SSRİ vaxtından gedir. Və onlar buna görə təzyiqlərlə üzləşdiyini, KQB-yə çağırıldıqlarını iddia edirdilər.

- Hansı yazıçılar deyib?

- Məsələn, Vidadi Babanlı. "Vicdan susanda” əsərinə görə hətta həbs olunmaq təhlükəsinin olduğunu demişdi...

- Mən uşaq vaxtı o əsəri oxumuşam. O əsərdə o dövrün siyasətinə əks olan bir şey yoxdu. Bilirsiniz, Sovet zamanı tərənnüm ədəbiyyatı deyilən bir şey vardı. 50-ci illərə qədər davam etdi bu. Sonra Xruşov gəldi və tərənnüm ədəbiyyatı sona çatdı. 60-cılar ortaya çıxdı və o ədəbiyyatda tərənnüm olunanın mahiyyətinin dərki başlandı. Süleyman Rüstəm, Mehdi Hüseyn tərənnüm edirdilər, yazırdılar ki, kənddən gələn oğlan qoşuldu inqilabçılara, yaxud neft daşlarına gedib mühəndis oldu, bir qız da sevdi, qabağa getdi. Əli Vəliyevin "Gülşən” povestini nümunə götürək... Povesti oxuyursan, elə bilirsən ki, briqadirin "svodkası”dır. Axşam bu qədər pambıq yığıldı, səhər bu qədər. KQB bundan sonra yazıçıların başqa şeylər yazdıqlarını gördü. İsa Hüseynov "Yanar ürək”də birinci katibi tənqid edirdi. Birinci katibə toxunmaqmı olardı? Artıq fərqli bir yanaşma yarandı. Düzdü, bu rus ədəbiyyatında çoxdan ortaya çıxmışdı. Doğrudur, elə fikir yaranmasın ki, problem və ya görünməmiş tənqid ədəbiyyatı dəyişdi.Xeyr, sənətkarlıq olmasa heç bir tənqid ədəbiyyatı böyük edə bilməz.

- O zaman bizdə təhlükə yaradan ilk əsər "Yanar ürək” oldu...

- Mən deyərdim ki, İsa Hüseynovdan başladı. Stalin dövründə də buna bənzər şeylər yazılmışdı. Dissident xarakterli ədəbiyyat. Amma çap olunmurdu axı. Bu illər isə artıq əsərlər çap olunurdu və tərənnümün mahiyyəti dərk edilməyə başlanılırdı. İsa Hüseynovdan başlanan yol davam etdi. Əkrəm Əylisli, Anar, Elçin, Ramiz Rövşən və s. Ən çox Bəxtiyar Vahabzadəni KQB-yə çağırırdılar. Dəfələrlə onunla söhbətlər edilib. Nəinki KQB, ölkə səviyyəsində söhbətlər. Deyirdilər, belə eləmə. O da öz mövqeyini qoyurdu ortaya. O zaman da ona Lenin haqda şeir yazdırırdılar...

- Bizdə həqiqətən dissident deyə biləcəyimiz yazıçılar olubmu?

- Solijenitsın səviyyəsində yox. Bizdə gizli ədəbiyyat olmayıb. Çox qəribədir ki, bizdə ədəbiyyatı yox, Mirzə İbrahimovun "Azərbaycan dili” publisistik kitabını qadağan ediblər. Mən o kitabı görmüşəm, üstündən xətt çəkmişdilər. Çox böyük təzyiqlər olmuşdu ona. Halbuki Mirzə müəllim Ali Sovetin Rəyasət heyətinin sədri idi və çox səlis şəkildə öz fikrini ifadə etmişdi ki, fəlsəfi mənaları andiran bu dil, niyə poçt dilinə çevrilməsin. Fikirləri sərt reaksiya doğurdu. Baxmayaraq ki, Xruşşovun dövrü idi, İmam Mustafayevi də çıxartdılar işdən, Mirzə İbrahimovu da. Amma sizə deyim ki, bizdə dissident yazıçılar olmadı. Bununla belə, "podtekstlə” bizə nələrisə çatdıran yazıçılarımız da oldu.

- 60-cılardan danışdınız... Onlar özlərini dissident adlandırır...

- Onlar dissident deyildilər. Sadəcə yenilikçi idilər.

- Bəs Bəxtiyar Vahabzadə?

- O da dissident deyildi. Bəxtiyar Vahabzadə vətəndaş şair idi. Millətin maraqlarını maksimum şəkildə yaşadan şair idi Bəxtiyar Vahabzadə. O vaxt bizə həqiqəti sətiraltı deyirdilər. Onlardan biri də şübhəsiz, Bəxtiyar Vahabzadə olub. "Latın dili”, Gülüstan” bu qəbildən olan şeirlər idi.

- Yəqin el şairləri dissident olardı. Onlar kəskin şeirlər deyirdilər...

- Dissidentlikdə mütləq siyasi çalarlar olmalıdı. Onlar o səviyyəyə qalxa bilmirdilər. Sətiraltı fikirlərini çatdırırdılar. Amma tutaq ki, Saxarov, rus alimi, birbaşa, konkret fikrini deyirdi. Bax, o dissident idi. Ümumiyyətlə, sizə deyim ki, Qafqazda ən az dissidentlik bizdə olub.

- İlham bəy, tez-tez bizdə bu cür ifadələr səslənilir: KQB-yə işləyən şair-yazıçılar. Yaxud da KQB-nin sifarişi ilə əsər yazanlar. KQB-nin tapşırığı ilə hansısa qələm dostunu güdaza verənlər və s...

- Belə hallar o qədər olub ki... Çox məşhur yazıçıların, şairlərin içindən cəlb olunanlar olub. O şöbəyə baxanların vəzifəsi məhz şair-yazıçılarla işləmək idi. İnformasiya almaq məqsədi vardı burda. Mikayıl Müşfiq haqqında informasiyanı dənizin qırağında oturub almırdılar ki, Yazıçılar İttifaqının içindən alırdılar.

- "Verbovka” olunan yazıçılar kimlər idi? Rəhbər vəzifədə olanlar? Sədr, katib?

- Yox. Hətta mənə elə gəlir ki, Yazıçılar Birliyinin sədrini, yaxud katiblərini "verbovka” eləmirdilər. Sədr və katiblərdən sadəcə məsləhətçi kimi istifadə olunurdu. Filan yazıçını çağır, denən belə şeylər yazmasın. KQB-nin dəstəyi ilə qabağa gedən yazıçılar olub. Tez-tez kitabları çıxan, televizorda görünən, xalqın sevgisini qazanan yazıçılardan maksimum istifadə edirdilər. Bu yazıçılar təsiredici funksiya daşıyırdılar. Çağırıb deyirdilər ki, siz ona belə deyin, onu başa salın. Bir növ ağsaqqalıq missiyasını yerinə yetirirdilər. Bu iş ancaq yazıçılar arasında böyük nüfuza və hörmətə layiq olan yazıçılara tapşırılırdı.

- Bəs o yazıçılar "deşifrə” olunurdu? Öz qələm dostları bilirdilər ki, bu yazıçı "verbovka” edilib?

- Yox. Bəzən hiss eləyərdilər. Xüsusilə Stalin dövründə. Deyirdilər ki, bu gecə-gündüz traktordan yazır, onun yanında çox danışmayın. Şübhələndikləri yazıçılar olurdu. Bir söhbət olurdu, səhər bu KQB-nin qulağına çatırdı. Və şübhə yaranırdı. Şübhə bir-iki dəfə olurdu, sonra bilirdilər ki, o yazıçı xəbər verəndir. Amma bunu nəinki o vaxt, heç indinin özündə də sübut etmək mümkünsüzdü. Sadəcə təxmin eləyirdilər ki, filan yazıçı harasa işləyir.

- O dövr sürgünə göndərilən, güllələn şairlərimizi kimlərinsə güdaza verməsi tez-tez müzakirə olunur. Məsələn, Mikayıl Müşfiq. Deyirlər ki, onu satan yazıçılar oldu. KQB bu cür üsuldan istifadə edirdimi?

- Agent informasiya verəndir. Məhkəmə olanda o agentlərin heç biri orda olmur. Əksinə agent olmayan yazıçı, şairləri çağırıb deyirdilər ki, sən bunu qına, sən bunun üzünə dur. Ona görə də indi o vaxt haqqında çox yanlış düşüncələr formalaşıb. Tutaq ki, Səməd Vurğun, Süleyman Rəhimov haqqında. Deyirlər, o danos yazıb. Agent şahidlik etmir, məlumat ötürür. Bunlar tamam ayrı şeylərdi.

- Amma dediniz ki, üzə durmalar filan olub...

- Bəli, olub. Çağırıblar ki, sən Müşfiqi qına. Onlar da deyiblər, sən Soveti, bu gözəlliyi görmürsən və s. və i. O başqa şeydi. Mən indi də deyirəm. Agentlə məhkəmədə ifadə verən yazıçını qarışdırmasınlar. Tutaq ki, agent deyir, dünən Müşfiq kafedə tapançadan atəş açdı, sonra da Sovet hökumətini söydü. Bu artıq informasiyadır. Sabah Müşfiqin ədəbi fəaliyyətini Səməd Vurğun tənqid edirsə, bu o demək deyil ki Səməd Vurğun agentdir. Sadəcə ona deyirlər ki, sən ona denən, yaramazsan, eləsən, beləsən. Bəziləri bu məsələdə çaşdırırlar. Ay Səməd Vurğun filankəsi satdı. Satmaq yox idi. Zaman elə zaman idi ki, onlara deyirdilər, gəl filankəs haqda danış, onlar da danışırdı.

- Sizcə, bu söhbətlərin aydınlaşması üçün KQB arxivlərinin açılması vacibdirmi?

- Mən həmişə bu mövzunu qabartmışam. Təəssüf ki, bizimkilər KQB arxivi ilə agentura şəbəkəsini qarışdırırlar. Arxiv şəxsən ikimiz üçün də açıqdı. Məsələn, gedərsiniz, 37-ci ildə tutaq ki, Salman Mümtazı araşdırmaq üçün arxivlə tanış olmaq istədiniz. Arxivi sizə verəcəklər. Tanıdığım çox adam səhərdən-axşama qədər KQB arxivində işləyir. Arxiv başqa şeydi, agentura şəbəkəsi başqa. Bizdə bu yaxınlarda dövlət sirri haqqında qanun qəbul edildi. 75 ildən sonra kəşfiyyat və əks-kəşfiyyatda işləmiş adamların adları açıqlana bilər. Bu o demək deyil ki, götürüb siyahı veriləcək. Kim maraqlanırsa, kim o işi araşdırırsa, ona veriləcək. Mən təklif vermişdim ki, bunun üçün komissiya yaradılmalı və son qərarı onlar verməlidir. Çünki ola bilsin araşdıracağı adam milli dəyərdi, niyə onun haqqında təsəvvür dəyişsin? Məsələn, sizə bir nümunə deyim. Umberto Eko xüsusi xidmət orqanları ilə işləyib. Merlin Monro da işləyib. O adamlar təsir gücünə malikdir. Vanqadan bolqar KQB-si niyə istifadə edirdi? Çünki onun təsir gücü vardı və Vanqanın dediklərinin çoxu KQB-nin dedikləri idi. Ona öyrətmişdilər ki, sən belə denən. Təsir gücü olan insanlardan həmişə istifadə olunub. İndi 75 il əvvəl bizim sevdiyimiz, əsərlərini sevə-sevə oxuduğumuz xalq yazıçısını sabah ayılıb agent kimi tanısaq nə olar?

- Deyirsiniz ki, cəmiyyət buna hazır deyil?

- Yox, hazır deyil. Biz cənub xalqıyıq, hərarətliyik. Bu cür məsələlərə soyuq yanaşa bilmirik. Təsəvvür edin, ki insanın nəvəsi 75 ildən sonra öyrənir ki, babası agent olub. Görün nə boyda sarsıntı keçirər. Bəzən bizə Pribaltikanı misal çəkirlər. Biz onlar deyilik axı. Bizdə qohumluq, dostluq, qonşuluq anlayışları var. Millətin xüsusiyyətləri də nəzərə alınmalıdır. Bizdə bu cür hadisələrə reaksiya elə-belə olmur. Çox ağrılı qarşılayırıq bunu. Məsələn, Ukraynada yalnız qohuma həmin adam haqda məlumat verirlər, kənar adama yox. Mən ona görə də bizdə komissiya yaradılmasını təklif etdim. Xaricdə, məsələn Amerikada FBİ-da, CİA-da agent olanlara münasibət normaldır. Düşünürlər ki, onlar dövlətə xidmət ediblər, təhlükəsizliyi təmin etmək üçün bəzi məlumatları ora ötürüblər. Bizdə isə bu cür işləyənlərə danosbaz, satqın kimi baxılır. Həqiqətdə də elədi.

- İlham bəy, bir az da sizin mütaliədən danışaq. Nə vaxtdan oxumağa başlamısınız? Ədəbiyyata marağınız necə yaranıb?

- Bizə evdə ədəbiyyata marağı qardaşım Yusif yaratmışdı. O jurnalist idi. İlk vaxtlar Salam Qədirzadəni oxuyurduq, hind kinolarına baxırdıq. Zaman keçdikcə əsl ədəbiyyatla tanış olduq. 18 yaşında bildik ki, böyük ədəbiyyat nə deməkmiş. "Pravda qəzetində ədəbi tənqid və müasir ədəbiyyata verilən tələblər” – mənim diplom işim də belə idi və o vaxt çox bəyənilmişdi. Mənim ədəbiyyata hər zaman marağım olub. Ədəbiyyat adamı təkmilləşdirir, tərbiyələndirir. Ədəbiyyat adamı qəhrəman eləyir. Bax ədəbiyyatda müxtəlif isimlər gəlib gedib də. Amma mənim ən sevdiyim yazıçı Çingiz Aytmatovdur. Onun "Gün var əsrə bərabər”i möhtəşəmdir. Bir qırğız kəndçisinin hisləri bütün bəşəriyyətin hislərini özündə cəmləşdirir. Kim oxuyursa, o hisləri özününkü kimi qəbul eləyir. Yaxud da "Dəniz kənarı ilə qaçan alabaş”.

- Bugünkü yaranan ədəbiyyat sizi qane edirmi? Bizim ədəbiyyatdan söhbət gedir...

- İndi də istər nəsrdə, istər poeziyada nümunələrə rast gəlirik. Amma o deyil.

- Nə çatışmır?

- Əvvələn bəşərilik çatışmır. Qapanırıq özümüzə. Lokal oluruq. Əkrəm Əylislinin "Mənim nəğməkar bibim”i bir sıra dilə tərcümə olunmuşdu və onu hər kəs qəbul edirdi. Çünki orda bəhs olunanlar Naxçıvanın kəndində baş verənlərlə məhdudlaşmırdı. İndi isə təsvirdən o yana keçmir ədəbiyyat. Ancaq cəhdlər var. Şərif Ağayarın "Arzulardan sonrakı şəhər” romanını oxumağa başlamışam. "Şəkil” hekayəsindən də görmüşdüm ki, Şərif bəy tamam başqa rakursdan yanaşır hadisələrə. Fəxri Uğurlunun hekayələri xoşuma gəlir. Fərqli hekayələrdir. Onun dili də zəngindir. Bircə xanım dəbdədir hazırda. Amma hələ oxumamışam. Bir neçə cümlə oxumuşam ondan, görürəm dolu-dolu yazır. Təsvir etdiyi hislər bizə tanış hislər deyil, görünməyən şeyləri yazır, çılpaqcasına qələmə alır, ancaq o çılpaqlığın içində məna da var. Svetlana Alekseyiviçi misal gətirim. O müharibədəki qadınlardan yazdı və maraqla qarşılandı. Bax mən o yazılmayan şeyi axtarıram. Tək mən yox, hamı.
Diaspora