Fevralın 11-15-də Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək beynəlxalq kitab sərgisində ölkəmizin, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil olunması məqsədilə mütəxəssislər və yerli nəşriyyat nümayəndələrindən ibarət heyət Minskə yola düşəcək. Bu barədə Trend-ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Nazirlik artıq doqquzuncu dəfədir ki, Minsk sərgisində təmsil olunur. Builki sərgidə nazirliklə yanaşı, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və "Hədəf" nəşrləri də iştirak edəcək. Sərgi zamanı 200 adda nəşr məhsullarının, habelə çox sayda turizm materiallarının nümayişinin təşkili və 2015-ci ildə paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarının geniş təbliğatı nəzərdə tutulub.Eyni zamanda, fevralın 11-12-də sərgi çərçivəsində baş tutacaq "Yazıçı və zaman" mövzusuna həsr olunmuş ədiblərin beynəlxalq simpozumunda ölkəmizi Belarusun informasiya nazirinin şəxsi dəvəti ilə əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu təmsil edəcək.
Qeyd edək ki, Minsk Kitab Sərgisi, xüsusilə MDB ölkələri arasında nüfuzu, iştirakçı və ziyarətçi sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin təmsil olunması baxımından əlamətdardır. Hər il təşkil olunan sərgiyə təqribən 150 min ziyarətçi və 40-dan çox ölkədən iştirakçılar gəlir.