Musiqinin Məcnunu

Musiqinin Məcnunu backend

Bu gün Üzeyir Hacıbəyovun doğum günüdür

Mənə görə o Azərbaycanın himnidir. Təkcə ona görə yox ki, himnimizin musiqisini bəstələyib. Həm də o himnə yaraşıq verən dövlətin – müstəqil cümhuriyyətin sütunlarından olub. Bəli, zarafat gəlməsin sizə, əgər müstəqil cümhuriyyət 23 ay yox, 23 il yaşasaydı, biz Üzeyir Hacıbəyovu başqa tərəfdən tanıyacaqdıq. Təkcə musiqi adamı kimi yox, həm də siyasət adamı kimi. Özü də uğurlu siyasət adamı kimi. Əlində olan imkanlar isə ona həmin dövrdə siyasi yazar kimi parlamağa şərait yaratdı. Üzeyir Hacıbəyov 3 gün qabaq 100 illiyini qeyd etdiyimiz “Azərbaycan” qəzetinin baş redaktoru kimi tanındı.

"Filankəs", "Beşmankəs", "Çoban", "Tısbağa" imzalarıyla filankəs, beşmənkəs, çoban olmadığını sübut etdi. O xalqını düşündürən, milli məfkurəyə əsaslanan, dövlətçiliyə xidmət edən nə qədər gözəl, sağlam fikirlərin müəllifi idi. O fikirlər ki, bu gün də diqqət cəlb edir, hətta cümhuriyyət dövrünün araşdırmaçısı Şirməmməd hüseynov boyda nəhəngi uşaq kimi sevindirir.

Əslində onun bütün şüurlu fəaliyyəti də millətin ruhunun xilasına çalışmaq idi. Bunun üçün adicə bir felyetonuna göz gəzdirmək kifayətdir.

“Parlament” sözü fransızca “ parla” sözündən götürülüb, “danışmaq” deməkdir. Bəzi ölkələrdə ona Duma deyirlər, bu da “dumat”, “fikirləşmək” sözündəndir. Bizdə Məclis deyirlər. Məclis də iki cürdür; toy məclisi, yas məclisi. Yas məclisində molla danışır, biz “Amin” deyirik, toy məclisində tamada danışır, biz əl çalırıq.

Qısası, Üzeyir Hacıbəyov dünən olduğu kimi bu gün də aktualdır və Azərbaycanın 20-ci əsr tarixinin ən parlaq şəxsiyyətlərindən biridir. Nə yaxşı ki, doğulub. Yoxsa mətbuatımız da , publisistikamız da, siyasətimiz də, musiqimiz də misgin görünərdi. Nur içində yat, Azərbaycan boyda adam.

Diaspora