“Ağa Məhəmməd şah Qacar” mövzusunda konfrans keçirilib

“Ağa Məhəmməd şah Qacar” mövzusunda konfrans keçirilib backend

Bakıdakı 311 nömrəli tam orta məktəbdə bu təhsil müəssisəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Ağa Məhəmməd şah Qacar” mövzusunda konfrans keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində təşkil olunan tədbirdə məktəbin direktoru Esmira Muradova layihənin əhəmiyyətindən və onun gənc nəslin tarixi şəxsiyyətlərimizi daha dərindən tanıması istiqamətində böyük rolundan söz açıb.

Layihənin təşkilat komitəsinin sədri Araz Şamil və 311 nömrəli tam orta məktəbin tarix müəllimi Nəcəfalı Cahangirli Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun təşəbbüsü ilə reallaşdırılan layihənin böyük əhəmiyyət daşıdığını bildiriblər.

Tədbirdə “Qacarların Azərbaycanın siyasi həyatında rolu” mövzusunda məruzə ilə çıxış edən Tarix İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Tofiq Nəcəfli Qacarların mənşəyindən, XVI-XVIII əsrlərdə Azərbaycanın siyasi tarixində Qacarların rolundan danışıb. Bildirib ki, bir sıra məşhur dövlət xadimləri və sərkərdələr bu tayfaya mənsub olublar.

İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vidadi Umudlu “Görkəmli Azərbaycan sərkərdəsi və dövlət xadimi Ağa Məhəmməd şah Qacar” mövzusunda məruzəsində Ağa Məhəmməd şah Qacarın həyatı, öz dövlətini yaratmaq üçün apardığı əzmkar mübarizəsi ilə bağlı məlumat verib. Qeyd edilib ki, Ağa Məhəmməd şah Qacar xalqımızın XVIII əsrdə yetişdirdiyi ən görkəmli dövlət xadimlərindən biridir.

Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov “Azərbaycanın görkəmli sərkərdəsi Abbas Mirzə Qacar” mövzusunda məruzəsində Abbas Mirzənin keçdiyi həyat yolu, Qacar ordusunun Avropa qaydasında təşkili və Rusiya-Qacar müharibəsində dövrünün tanınmış Azərbaycan sərkərdəsi kimi göstərdiyi hərbi rəşadətlə bağlı məlumat verib.

Tədbirdə Təhsil Problemləri İnstitutunun şöbə müdiri, professor İntiqam Cəbrayılov, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov və başqaları çıxış edərək konfransın vacib və aktual mövzuya həsr olunduğunu vurğulayıblar.
Diaspora