İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru, əməkdar artist Vaqif Kərimov işdən çıxarılıb.
"Ölkə.Az"ın məlumatına görə teatrın direktoru İftixar Piriyev tanınmış aktyorla müqaviləni uzatmaqdan imtina edib. Aktyor özü əməkdaşımızla söhbətində bildirib ki, o, işdən çıxarılandan sonra daha yaşlı iki aktyor ştata götürülüb:"Guya rəsmi qərara görə altmış yeddi yaşım tamam olduğuna görə mənimlə müqaviləni uzatmır. Əslində, onun belə bir ixtiyarı yoxdur. Həm də məndən sonra aktyor ştatına yetmiş yaşı olan iki nəfəri götürüb".
Əməkdar artist hesab edir ki, İ.Piriyev onu yaşa görə deyil, başqa səbəbdən işdən çıxarıb:
"Səbəb onun teatrdan gənc və istedadlı aktyorlarını uzaqlaşdırmağına etiraz etməyimdir.
Mən Qarabağ müharibəsinin iştirakçısıyam, 1993-95-ci illərdə qanlı döyüşlərdə kəşfiyyat komandiri, tabor komandiri olmuşam. İftixar Piriyevlə bu barədə danışdım. Deyir ki, kimə istəyirsən şikayət elə, heç kimdən qorxmuram. Hazırda Mədəniyyət Nazirliyindən gəlirəm. Ordan da bildirdilər ki, direktorun belə ixtiyarı yoxdur. Araşdırıb mənə cavab verəcəklər".
Mövzunu diqqətdə saxlayacağıq.