Son günlər Güney Azərbaycanda trendə çevrilən “Səni deyirlər” mahnısı Bakıda da böyük maraqla qarşılanıb
Bu mahnı ilə evdə, küçədə, bağda, sinifdə, maşında, yollarda və hətta iş yerlərində rəqs edənlər videolarını sosial şəbəkələrdə paylaşaraq, soydaşlarımıza dəstəklərini ifadə edirlər. Gənc şair Şəhriyar del Geraninin mahnının sözlərinin ona məxsus olması ilə bağlı informasiya yayması isə birmənalı qarşılanmayıb.Məsələyə münasibət bildirən “Səni deyirlər” mahnısının ifaçısı İbrahim Əlizadə mahnının 25 il əvvələ aid olduğunu bildirib. Sonra isə Nadir Sulduzlu instaqram hesabında “Səni deyirlər”in orijinal versiyasının səs yazısını yayımlayıb.
Qarapapaq türkü Nadir Sulduzlu Kult.az-a açıqlamasında Şəhriyarın iddiasının tamamilə yalan olduğunu, orijinal variantda olan səs yazısının sözlərinin sulduzlu aşıq Məhəmməd Əli Mahmudiyə məxsus olduğunu bildirib:
“Bu iddia yalandır. Biz Qarapapaq türkləriyik, Borçalı mahalından köçərək, Sulduza gəlmişik. Mahnını İranda, Sulduz şəhərində Aşıq Əsədullah Rəhsipur oxuyub. Mənim əlimdə olan orijinal səs yazısının sözlərini 1976-cı ildə Aşıq Məhəmməd Əli Mahmudi oxuyub. Bundan sonra mahnı bizim eldə, türklərin içində məşhurlaşıb. Mahmudi isə 1995-ci ildə vəfat edib. İnstaqram hesabımda paylaşdığım səs Sulduzun el sənətçisi Aşıq Əsədullah Rəhsipurun ifasındadır. Hər iki aşıq – Mahmudi və Rəhsipur ayrı-ayrı vaxtlarda “Səni deyirlər”i oxuyub. İndi yayılan mahnı isə Maku şəhərindən olan İbrahim Əlizadənin ifasındadır”.
N.Sulduzlu Məhəmməd Mahmudinin 1976-cı ildə qələmə aldığı sözügedən şeirinin orjinalının surətini də təqdim edib.
Qeyd edək ki, Şəhriyar Del Gerani Teleqraf.com-a müsahibəsində son günlər sosial şəbəkələrin gündəmindən düşməyən “Səni deyirlər” mahnısının sözlərinin ona məxsus olduğunu iddia edib. O qeyd edib ki, bu mahnının sözlərini 2012-ci ildə Təbrizdə həbsdə olarkən yazıb:
“Şair dostum Fərid Hüseyn və mən o məşum və məşhur olaydan sonra Təbriz həbsxanasında olan vaxtı Urmiya gölünün qurudulması söhbətləri gündəmdəydi. 2012-ci ilin yazında Mərkəzi Təbriz həbsxanasında yüzlərlə aktivist vardı. Bu musiqiyə dustaqlar da qulaq asırdılar.
Mən də yəqin məzə üçün cənublu soydaşlarımızın ləhcəsində musiqinin üstündə belə bir şey yazmışdım”.
Şair Fərid Hüseyn isə Şəhriyarın belə bir şeir yazdığını xatırlamadığını bildirib.
Sözügedən mətnlər aşağıdakılardır:
Urmu dəryası nə üzməlidi
Urmunun bazarı nə gəzməlidi
Urmunun qızları nə sevməlidi
Səni deyillər, məni deyillər
Səni sevənlər səni deyillər
Dağları dəlləm, yanıva gəlləm
Ay arzumdur, damad, toyuva gələm
Arzumdur, güzəl üzüvü görəm
Səni deyillər, səni deyillər
Urmuda səni, səni deyillər.
(İbrahim Əlizadə)
***
Urmiya dəryası nə üzməlidir,
Ay quş olub üstündə süzməlidir,
Urmiya qızları nə sevməlidir,
Sevməli deyirəm - səni deyirlər
Ölməli deyirəm - səni deyirlər...
Qapına gəlləm,
Qarşında qul ollam,
Özümdən sənə yolam
Yolçu deyirlər.
Sevməli deyirəm - səni deyirlər
Ölməli deyirəm - səni deyirlər.
Yolam - saçımı yolam,
Qulam - saçımı yolam,
Mən dəli olannan
Səni deyirlər...
(Şəhriyar Del Gerani)
***
Arzum budur ki, bir gülsün ellər
Sürmələnsin o qara gözlər
Dağda lalələr, baxçada güllər
Səni deyirlər, səni deyirlər
Sən mənim sazım, sən mənim sözüm
Sənə qurbandır bu iki gözüm
Ayım, günəşim, mənim ulduzum
Səni deyirlər, səni deyirlər.
Şirvanın dağı, Gəncənin düzü
Maral baxışlı, o şirin sözlü
Aşiqlərinsə söhbəti, sazı
Səni deyirlər səni deyirlər.
Baxçada güllər, oxur bülbüllər
Sürməli gözlər, o qara tellər
Azad ölkəmdə mehriban ellər
Səni deyirlər, səni deyirlər...
(Məhəmməd Əli Mahmudi, 1976).
Aşıq Məhəmməd Əli Mahmudinin 1976-cı ildə yazdığı və ifa etdiyi mahnını təqdim edirik: