Tanınmış jurnalist-publisist, Prezident yanında Bilik Fondunda aparıcı məsləhətçi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü Ramilə Qurbanlının “Müharibə miniatürləri” adlı yeni kitabı çap olunub.
Modern.az-ın məlumatına görə, Qarabağ müharibəsindən bəhs edən kitabda ayrı-ayrı, amma bir-biri ilə bağlı real həyat hadiələri təsvir olunub.“Kitabda müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazmışam. Başqa sözlə, o hadisələri təsvir etdim ki, orda bu həqiqətlər öz əksini tapır. Məhz həqiqətlər!”,-deyə müəllif Modern.az-a bildirib.
Ramiə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994-95-cı illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib.
Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə “Ədəbiyyat qəzeti”ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. “7 Gün”, “Gənclik – P.S”, “Gün Səhər”, “Üç nöqtə”, “Yeni zaman” qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor vəzifələrində çalışıb. APA internet TV –də “Mizan” adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri" adlı kitabların müəllifidir.