Yaşar Nurinin doğum günüdür
Səni axtarıram, mənim sevimli aktyorum. Yəqin ki, bu gün Azərbaycanda içi mən qarışıq yüzlərlə, minlərlə tamaşaçı Yaşar Nurini axtarır. Televiziya tamaşalarında, bədii filmlərdə. Bilə-bilə o daha yoxdur, minib getdiyi qatar geri qayıtmayacaq. O qatarın digər sərnişinləri kimi..Hamlet Xanızadə kimi, Həsən Əbluç kimi...Amma nə yaxşı bizi geriyə qaytaran yüzlərlə rolu var Yaşar Nurinin . Xoşbəxt adamdır əslində. Oynadığı obrazlarda onu axtara-axtara həm də özümüzü tapırıq. Uşaqlığımızı, gəncliyimizi tapırıq, birimiz Gülnar oluruq, birimiz Gülcan, birimiz Həsənağa...
Bu gün “şofer Həsənağanın” - Yaşar Nurinin doğum günüdür. 1951-ci ildə Bakıda aktyor ailəsində anadan olmuşdu. Əvvəl onu atası Məmmədsadıq Nuriyevə görə tanıyırdılar. Qısa zamanda atasını oğula görə tanıdılar. Azərbaycanın kino və teatr səhnəsində çox tez parladı. Hamının sevdiyi aktyor ola bildi. Hamının sevdiyi aktyorlar isə heç vaxt ölmür. Həmişə yaşa, Yaşar Nuri. Ad günün mübarək!