Gözəl şairimiz Musa Yaqubun yaradıcılığına müraciət etmişik.
Qeyd edək ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şairin vəziyyəti hazırda normaldır.Qaziler.az olaraq biz də sevimli şairimizə bir daha xəstələnməməyi arzu edərək onun "İlahi, bu körpə necə böyüyüb" şeirini oxuculara təqdim edirik. Qoy bu narahat dünyamızda onun gələcəyi olan körpələr atasız və ya anasız böyüməsin!
İLAHİ,BU KÖRPƏ NECƏ BÖYÜYÜB
Demirəm mehriban qucaq görməyib,
Demirəm qayğılı isti bir nəfəs,
Demirəm ev bilib, ocaq görməyib -
Bu körpə anasız necə böyüyüb?
Doğmalıq deyilən ilahi bir əl
Onun üz-gözünü oxşamayıbsa,
Görəsən bu körpə necə qımışıb?
Hansı donda görüb ilk doğmalığı,
Sevinci sevincə necə qarışıb?
Bilibmi həsrətdir ali nemətə -
Ana döşündəki südə, bilibmi?
Bir yemək yeyəndə,əmzik tutanda
Görəsən şıltaqlıq edə bilibmi?
İlahi,bu uşaq necə böyüyüb?
Bir xoş yuxu vaxtı, bir gecə yarı
Bu körpə ayılıb necə ağlayıb?
Alıb bir yuxunun şirin çağını
O kimə ərk edib gecə ağlayıb?
O vaxt ağlı kəsib söz anlasaydı
Necə saxlayaydı ağlamağını?
Ana baxışından şəfəq almadan
Necə işıqlanıb üzü görəsən?
Doğmaca laylasız necə uyuyub,
Necə çiçəklənib sözü görəsən?
O necə oynadıb əl-ayağını,
Bəs kimin üzünə qımışıb hərdən?
Hansı rəngdə sevib oyuncağını?
Ana fərəhindən güc alıb təzə
Bir daşqın sevincə bürünməyibsə,
İlk dəfə o necə qalxıb ayağa,
Görən necə atıb ilkin addımı?
Lap heyrət götürür vallah adamı…
İlahi,bu uşaq necə yeriyib,
Kefi pozulanda necə kiriyib?
Dayan,bu sualdan alışdı bağrım,
Durub yan otaqdan anamı çağrım.
Qoy ondan soruşum bir də özümü,
Anlayım fikrimi,bilim sözümü.
Bir görüm bu uşaq necə böyüyüb,
Söykənib o hansı gücə,böyüyüb…
Dekabr 1987