Bu gün Bakıda - Gəncliyə Yardım Fondunun ofisində “Vətənpərvərliyin təbliğinə dəstək” ictimai birliyinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırladığı hərbi həkimlərimizə həsr olunmuş “Səhra həkimləri” sənədli filminin təqdimatı keçirilib.
Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının aparıcısı olduğu tədbirdə Qarabağ döyüşçüləri, Qaziləri, şəhid ailələri, millət vəkilləri, hərbi həkimlər, ölkənin tanınmış ictimai xadimləri iştirak edib.Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, hərbi həkim, polkovnik Şahlar Quliyev, Əsgər Ailələrinə birliyinin sədri Mətanət Əsgərqızı, Müharibə Veteranları Qadınları Birliyinin rəhbəri Radə Abbas, istefada olan polkovnik Xətai Baxışov, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun rəhbəri Ədalət Məhərrəmov, QAZİLER.AZ saytının baş redaktoru Rey Kərimoğlu və digərləri çıxış edib.
Çıxış edənlər filmi bəyəndiklərini, ümumiyyətlə layihənin icrasını yüksək qiymətləndirdiklərini deyib, müharibəyə aid belə layihələrlə bağlı arzu və təkliflərini dilə gətiriblər.
Xatırladaq ki, “Səhra həkimləri” sənədli filminin layihə rəhbəri Şəmistan Əlizamanlı, rejissoru Anar Şuşalı, ssenari müəllifi Rey Kərimoğlu, krdinatoru isə Rəşad Sahildir.
Yaxın günlərdə filmin internet resurslarında geniş yayılması nəzərdə tutulub.
QAZİLER.AZ