Professor Maisə Rəhimovanın yubileyidir

Professor Maisə Rəhimovanın yubileyidir backend

15 may tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovanın yubileyi ilə əlaqədar İnstitut əməkdaşları təbrik tədbiri keçirmişlər.

Bildirək ki, doktor, professor Maisə Nurbala qızı Rəhimova 16 may 1945-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (müasir BDU) Kimya fakültəsini bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix insitutunun aspiranturasına daxil olmuşdur. 1974-cü ildə Moskva şəhərində SSRİ EA Təbiətşünaslıq və Texnika İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1973-cü ildən 1978-ci ilə qədər Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunun Arxeoloji Texnologiya laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmış, 1978-ci ilin noyabr ayında Arxeologiya və Etnoqrafiya Sektorunun elmi katibi vəzifəsinə təyin olunmuşdur. 1984-cü ildə SSRİ AAK-nın qərarı ilə ona “elm və texnika’ ixtisası üzrə “böyük elmi işçi” elmi adı verilmişdir.

Müstəqillik dövründə 1993-cü ildə Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldıqdan sonra həmin İnstitutun elmi katibi, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2005-ci ildə “Eneolit və tunc dövrü Azərbaycan metallurgiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatı olan YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin üzvü seçılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi Şurasının sədri, Tarix üzrə Problem Şurasının sədr müavinidir. 2005-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsində çalışır.
M.Rəhimova Azərbaycan arxeologiyasında müasir dünya tələblərinə uyğun arxeometrik tədqiqatlara keçidin təməlçilərindəndir. Onun İnstitutda rəhbərliyi dövründə Azərbaycan arxeologiyası və etnoqrafiyası ABŞ, Avropa və Yaponiyanın elmi mərkəzləri ilə əməkdaşlıq qurmuş, gənc elmi kadrların qabaqcıl dünya mərkəzlərində hazılanmasına başlanılmışdır.

M.Rəhimova “Arxeologiya və Etnoqrafiya” dövrü jurnalının, 6 cildlik “Azərbaycan Arxeologiyası”nın baş redaktoru, AMEA-nın Xəbərlər məcmuəsinin, “Elm və həyat”, “Azərbaycan arxeologiyası” jurnalının redaksiya heyətinin üzvüdür. ABŞ, Rumıniya, Türkiyə, Almaniya, Pakistan, Macarıstan, Fransa, Rusiya və digər ölkələrdə Beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Dəfələrlə AMEA-nın Rəyasət Heyətinin fəxri fərmanları, Azərbaycan-Polşa elmi əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə medal ilə, elmə verdiyi töhfələrə görə müxtəlif elm mərkəzlərinin yüksək fəxri elmi adları, beynəlxalq konfransların diplom və mükafatları ilə təltif edilmişdir.

Həmçinin, M. Rəhimova ictimai-siyasi fəallığı ilə tanınmış, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının Yasamal rayonu ilk özək təşkilatının sədri vəzifəsini icra etmişdir.

İnstitut əməkdaşları M. Rəhimovanı təbrik etmiş, Ümummilli Lider Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyevin Azərbaycan elminə göstərdikləri qayğının gerçəkləşməsi üçün arxeologiya və etnoqrafiya elminin inkişafında M. Rəhimovanın rolunu qeyd etmişlər, yubilyara can sağlığı və uzun ömür arzulamışlar.
Diaspora