Azərbaycan Xalq Cümhuriyyəti qurularkən cümhuriyyət banilərinin qarşısına çıxan saysız-hesabsız problemlərdən biri də kadr çatışmazlığı məsələsi, daha dəqiq desək, universitet, institut bitirmiş Avropa ali təhsilli insanların Azərbaycanda azlığı idi. Bu məqamla bağlı tariximizin 1918-1920-ci illərinin qaranlıq səhifələrini işıqlandıran Qurban Səidin (Yusif Vəzir Çəmənzəminlinin imzalarından biridir) “Əli xan və Nino” əsərində maraqlı bir epizod var.
Əsərdə Baş nazir Fətəli xan Xoyski əsərin qəhrəmanı Əli xan Cavanşiri yanına çağırıb deyir: “Bizim sizin kimi adamlara ehtiyacımız var. Bizim ölkə avropalı arvadı olan, qədim nəsildən çıxan, ingiliscə danışan və evə sahib olan adamlar baxımından kasıbdır...” Həqiqətən də o vaxt Azərbaycanda Avropa təhsilliləri barmaqla saymaq olardı. İnstutut və universitet təhsillilərin sayı heç 50-yə çatmırdı. Lakin bu azsaylı ziyalı dəstəsi müstəqil Azərbaycan dövlətinin yaradılmasında fövqəladə işlər həyata keçirdilər. Çünki cümhuriyyət qurucuları kamil biliyə, dərin savada malik mütəfəkkir şəxsiyyətlər idilər. Öz həyatlarını Milli İstiqlal Hərəkatına həsr etmiş bu görkəmli ictimai-siyasi xadimlərdən və ziyalılardan biri də Əhməd bəy Ağayevdir.Türkiyədə Əhməd bəy Ağaoğlu kimi tanınan Ağayev XIX əsrin sonu XX yüzilliyin əvvəllərində təkcə övladı olduğu Azərbaycan xalqının deyil, bütün türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan görkəmli şəxsiyyətlərdən biridir. O, zəngin siyasi, nəzəri və elmi irsi hələ də yetərincə öyrənilməyən fikir nəhənglərindən, türk xalqlarının yetirdiyi son ensiklopedistlərdən biridir.
İlk həyat dərsləri
Türk dünyası, xüsusən Azərbaycan və Türkiyə üçün böyük işlər görmüş Əhməd bəy Ağaoğlu 1869-cu ildə Şuşada əsilzadə ailəsində anadan olmuşdur. Valideynləri Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın nəslindəndir. Əhməd bəyin atası Mirzə Həsən və əmisi Mirzə Məhəmməd Şərq təhsili almaqla bərabər dünyəvi elmlərlə də yaxından maraqlanırdılar. Bu köklü-köməcli ailə ocağı həm də öz dövrü üçün Şuşanın fikir mərkəzlərindən biri idi. Ailənin təşkil etdiyi axşam söhbətlərində metafizik və elmi mövzuların müzakirəsi Ağaoğlunun inkişafında əhəmiyyətli yer tuturdu.
Əhməd bəy Ağayev Şuşada erməni və rusların yaşadığı səmtdə yerləşən rus gimnaziyasında oxumağa başlayanda burada cəmisi beş nəfər türk-azərbaycanlı şagird təhsil alırdı. O, sonralar gimnaziyadakı təhsil illərini belə xatırlayırdı: “Bu beş nəfərin illər boyu davam edən təhsil həyatında erməni uşaqlarından çəkdikləri zülmü təsvir etmək imkan xaricindədir. Tənəffüslərdə biz beş nəfər türk şagirdi cəld tərpənib arxamızı divara dirəməyi qənimət bilirdik. Yüzlərlə erməni uşağı qəflətən üstümüzə hücum edirdi... yumruq, qapaz, təpiklə bizi əzişdirirdilər. Bəzən sözü bir yerə qoyub üstümüzə böhtan atır, hamısı üzümüzə durur, bizə haqsız yerə cəza verdirirdilər... Son sinfə qədər türklərdən yalnız mən tab gətirə bildim”.
Əhməd bəy 1884-cü ildə rus məktəbini bitirib təhsilini Tiflis gimnaziyasında davam etdirir. 1887-ci ildə Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirəndən sonra isə Əhməd bəy Ağayev Peterburqa gedib təhsilini Mühəndis Texniki Universitetində davam etdirmək qərarına gəlir. Lakin 1988-ci ildə Parisə gedərək Sorbonna Universitetinin Paris Hüquq Məktəbinin tələbəsi olur. Eyni zamanda, Praktik Ali Tədqiqatlar Məktəbində məşhur tədqiqatçı C.Darmstaterin, Şərq Dilləri Məktəbində isə Şefer və Barbiye de Meynarın ərəb, fars və türk dillərinə dair mühazirələrini dinləyir.
Parisdə Əhməd bəy Ağayev Fransada yaşayan türk inqilabi gəncliyinin (gələcəyin “Gənc türkləri”) nümayəndələri ilə yaxınlaşır. Həmçinin Şərqin böyük mütəfəkkiri Şeyx Camaləddin Əfqani ilə tanış olur. Bu tanışlıq onun dünyagörüşünə, ictimai-elmi fəaliyyətinə çox böyük təsir göstərir.
1890-cı ildən başlayaraq Parisin “La Nouvelle Revue”, “La Revue blue politique et litteraire”, “Journal des debats” kimi nüfuzlu nəşrlərində Əhməd Ağaoğlunun İran və Azərbaycan haqqında, bu regionda yaşayan xalqların tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında silsilə məqalələri dərc olunur. Bu illərdə Ə.Ağayev vətənlə də əlaqələrini kəsmir, “Kavkaz”(Tiflis), “Kaspi” (Bakı) qəzetlərində ardıcıl olaraq məqalələr dərc etdirir.
Əhməd bəy Ağayev 1892-ci ildə 23 yaşında ikən Londonda keçirilən X Beynəlxalq Şərqşünaslıq Konqresində “Şiə məzhəbinin mənbələri” mövzusunda məruzə edir. Məruzə konqresin qərarı ilə Avropa dillərində dərc olunur.
“Firəng Əhməd”
Altı illik Paris həyatından sonra 1894-cü ildə vətənə qayıdan Əhməd bəy Ağayev üç il Şuşada yaşayır. Şuşada realnı məktəbdə fransız dilindən dərs deyir, qiraətxana-kitabxana açır, ilk teatr tamaşaları təşkil edir. Qərbin mütərəqqi yeniliklərini tətbiq etmək sahəsində gördüyü işlərə görə Şuşada ona “Firəng Əhməd” deməyə başlayırlar. Hər vasitə ilə həmvətənlərini bir araya gətirməyə, onların milli şurunu oyatmağa çalışan, böyük arzularla yaşayan “Firəng Əhməd” isə Şuşa mühiti ilə kifayətlənə bilməzdi. O, Azərbaycan dilində “Məşriq” qəzetini nəşr etmək üçün hökumətdən icazə istəsə də, rədd cavabı alır. Bu zaman xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev onu “Kaspi”də əməkdaşlığa dəvət edir. 1897-ci ildə Bakıya köçən Ə.Ağayev “Kaspi” qəzetinin əsas müəlliflərindən biri olur, Ə.Topçubaşovun redaktorluğu dövründə (1898-1907) qəzetin ədəbi şöbəsinin müdiri vəzifəsində çalışır. Eyni zamanda, Bakı Ali Ticarət Məktəbində fransız dili müəllimi işləyir. 1904-cü ildə “Kaspi”nin mətbəəsində çap olunan “İslama görə və islam aləmində qadın”, “İslam, axund və hatifülqeyb” kitablarında, habelə “Kaspi” qəzetində dərc etdirdiyi “Müsəlman söhbətləri”, “Müsəlman xalqlarının vəziyyəti” adlı silsilə məqalələrində Ə.Ağayev müsəlman xalqlarının düşdüyü acınacaqlı vəziyyəti təhlil edir, bunun səbəblərini göstərir, müsəlman xalqlarına böhtan atan əcnəbi müəlliflərə tutarlı cavablar verir. Bu illərdə Ə.Ağayevin Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetində, habelə Kəlküttə və Qahirə mətbuatında da məqalələri dərc olunur. O, “Nicat”, “Nəşri-maarif”, “Səadət” kimi xeyriyyə cəmiyyətlərinin təşkilində və fəaliyyətində də yaxından iştirak edir.
Qılınc və qələm
Əhməd bəy Ağayev 1905-ci ilin iyunundan Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycanda milliyyətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynayan “Həyat” qəzetinin redaktoru olur. 1905-ci il dekabrın 19-dan “İrşad” qəzetini, 1907-ci ildə isə, eyni zamanda, rus dilində “Proqress” qəzetini nəşr etdirir. 1908-ci ilin iyunundan “Tərəqqi” qəzetini çıxarmağa başlayır və Türkiyəyə gedənə qədər (1909) onun naşiri olur. O, Bakı müsəlman sahibkarlarının xahişi ilə 1905-ci ildə iki dəfə şəxsən II Nikolayın və onun nazirlərinin qəbulunda olur, Rotşild, Nobel kimi neft maqnatlarının Bakının neft yataqlarına sahib çıxmasına mane olmağa çalışır. Əhməd bəy Ağayevin bu səfərləri və fəaliyyəti sayəsində azərbaycanlıların Bakı ətrafındakı neftli torpaqlardan köçürülməsi dayandırılır.
Əhməd bəy Ağayev 1905-1907-ci illərdə Rusiya müsəlmanlarının Nijni-Novqorod və Moskvada keçirilən I-III qurultaylarının təşkilatçılarından biridir. Bu qurultaylarda o, imperiyada yaşayan türk-müsəlman toplumunun hüquqlarını əzmkarlıqla müdafiə edir.
Əhməd bəy Ağayev 1905-ci ildə erməni-daşnak quldurlarının çarizmin fitvası ilə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar zamanı dərc etdirdiyi məqalələrində bu faciələrin əsl günahkarları olan car hakimiyyəti orqanlarının və erməni daşnaklarının iç üzünü açıb göstərir. O, Qafqaz canişininin milli qırğınların kəskinləşməsi ilə bağlı 1906-cı il fevralın 20-də Tiflisdə çağırdığı “barışdırıcı qurultayda” Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyov və İsgəndər bəy Hacınski ilə birlikdə iştirak edərək, Azərbaycan tərəfinin proqramını bəyan edir. Əhməd bəy Ağayev qurultaydakı çıxışında xalqların hüquq bərabərliyinin təmin edilməsini, Azərbaycan xalqına qarşı milli qırğınlara dərhal son qoyulması üçün “Daşnaksutyun” partiyasının və digər erməni təşkilatlarının buraxılmasını, əks halda Azərbaycan tərəfinə də müdafiə olunmaq üçün ordu yaratmağa icazə verilməsini cəsarətlə tələb edir, gətirdiyi tutarlı dəlillərlə, faktlarla milli qırğınlara bais olan erməni liderlərini susdurur. Qurultay isə heç bir nəticə vermir, əksinə 1906-cı ildə erməni daşnaklar Qarabağda, Naxçıvan və İrəvanda azərbaycanlılara qarşı soyqırımlar törədirlər. Həmin hadisələrdən sonra Əhməd bəy Ağayev Azərbaycan xalqının hüquqlarını qorumaq məqsədilə 1906-cı ildə “Difai” partiyasını yaradır. Özünü “Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi” adlandıran “Difai” partiyası həmin çətin dövrdə Azərbaycan türklərinin imperiya və erməni terroruna qarşı müqavimətini təşkil etməklə demək olar ki, onun milli varlığını, şərəf və ləyaqətini qoruya bilir. Azərbaycanın əksər qəzalarında geniş fəaliyyət göstərən, əhali arasında böyük nüfuza malik olan “Difai” partiyasına qarşı 1908-ci ildə çar hakimiyyət orqanları geniş repressiyalara başlayır. Partiya qadağan edilir, Əhməd bəy Ağayevin qəzetləri bağlanır, özü isə təqib edilməyə başlayır.
İki imperiya arasında
Əhməd bəy Ağayev təqiblər üzündən 1909-cu ildə Türkiyəyə mühacirət edəndə orada artıq inqilab (1908) olmuşdu, tanıdığı bəzi şəxslər hakimiyyətdə idilər. O, ilk vaxtlar maarif müfəttişi kimi fəaliyyət göstərir, sonra Süleymaniyyə kitabxanasının müdiri təyin olunur. Eyni zamanda İstanbul Darülfünunda rus dili və ədəbiyyatı, türk-monqol tarixi fənlərini tədris edir. Ə.Ağayev elmi, ictimai və publisistlik fəaliyyətini davam etdirərək “Sirati-müstəqim”, “İslam məcmuəsi”, “Haqqa doğru”, “Hikmət”, “Türk yurdu”, İstanbulda fransızca çıxan “Le Jeune Turk” kimi nəşrlərdə məqalələri çıxır. “Türk yurdu” jurnalının yaradıcılarından, “Türk Ocağının” (1911) 4 qurucusundan biri olur. 1912-ci ildə “Tərcümani-həqiqət” qəzetini nəşr etməyə başlayır. Əli bəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Həmdullah Sübhi, M.Ə.Yurdaqul və digər əqidə dostları ilə birlikdə türkçülüyün elmi-nəzəri əsaslarının hazırlanması üzərində çalışır.
O, mühacirət həyatının üçüncü ilində Afyon Qarahisardan Osmanlı parlamentinə deputat seçilir. Türkiyədən Rusiyanın türklər yaşayan bölgələrinə müəllimlər göndərilməsi işinin təşkilatçılarından biri kimi tanınır. 1915-ci ildə Rusiyada yaşayan azsaylı xalqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış edir. Əhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadə, Əbdürrəşid İbrahimov və Yusif Akçura ilə birlikdə Rusiya imperiyasında yaşayan türk xalqlarının dözülməz vəziyyəti ilə bağlı ABŞ Prezidenti V.Vilsona təqdim olunan müraciəti imzalayır.
Ə.Ağaoğlu 1918-ci ildə xalqın bolşevik-daşnaklara qarşı mübarizəsinə kömək üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri kimi Azərbaycana gəlir. Bu zaman Gəncədə Milli Şuranın türk qoşunlarının komandanlığı ilə yaranan anlaşılmazlığın aradan qaldırılmasında Əhməd bəy Ağayev vasitəçilik edir. Onun təklifini 1918-ci il iyunun 17-də müzakirə edən Milli Şura yeni hökumət təşkil etməyə və özünün bütün səlahiyyətlərini müvəqqəti olaraq ona verməyə razı olur. Əhməd bəy Gəncədə “Türk sözü” adlı qəzet təsis edib iki sayını çıxarmağa da imkan tapır.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə üzv seçilən Əhməd bəy Ağayev 1918-ci ildə Ənzəlidəki ingilis işğal qüvvələrinin komandanlığı ilə danışıqlar aparmaq üçün göndərilən xüsusi nümayəndə heyətinə başçılıq edir. Həmin il dekabrın 28-də ADR parlamenti onu Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil edir. Lakin İstanbulda Əhməd bəyi ingilis işğal qüvvələri “türk jurnalisti və Türkiyə parlamentinin deputatı” kimi təqsirləndirərək həbs edirlər. O, “İttihad və Tərəqqi” partiyasının rəhbərləri ilə birlikdə 1919-cu ilin mayında Malta adasına sürgün olunur. Sürgün olunanlar Atatürkün təşəbbüsü ilə ingilis hərbi əsirləri ilə dəyişdirilərkən, Ə.Ağaoğlu da 26 aylıq sürgündən sonra 1921-ci il mayın 28-də İstanbula qayıdır və dərhal Anadoluya gedərək Qurtuluş Savaşında fəal iştirak edir.
Ankaraya gələndən az sonra Atatürkün başçılıq etdiyi Ankara hökumətinin Mətbuat baş müdiri kimi milli hökumətinin çap-təbliğat işinə rəhbərlik edir. Həm də “Hakimiyyəti-Milliyə” qəzetinin redaktoru olur. Əhməd bəy Ağayev Qars bölgəsindən iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilir, eyni zamanda, Ankara Universitetində konstitusiya hüququndan mühazirələr oxuyur.
Siyasi oyunların qurbanı
Dünyanın harasında olursa-olsun türklüyə xidmət etməyi müqəddəs vəzifə sayan Əhməd bəy Ağaoğlu müəyyən vaxtdan sonra demokratiya və respublikaçılıq ideyaları ilə bağlı əndişə hissi keçirməyə başlayır. Bu hisslər onu 1926-cı ildə xüsusi məktub yazmağa vadar edir. Başdan-ayağa tənqidi ruhda yazılan məktubda dövlətin, hökumətin, cəmiyyətin həyatının, habelə xalqa vəd edilmiş islahat ideyalarının uğradığı xoşagəlməz dəyişikliklərin səbəbləri araşdırılır, hakim Cümhuriyyət Xalq Partiyasının başçılarının yanlış addımları təhlil edilir, ölkənin gələcəyi ilə bağlı narahatlıq ifadə olunur. Məktub onun ölkənin ikinci adamı sayılan İ.İnönü ilə onsuz da soyuq olan münasibətlərini daha da gərginləşdirir.
1930-cu ildə Atatürk hakim CXP ilə siyasi rəqabət şəraitində hakimiyyət uğrunda mübarizə aparan müxalifət partiyasının qurulmasına qərar verir. Atatürk Fəthi Okyar, Nuri Conkur və Əhməd Ağaoğluna Sərbəst Cümhuriyyət Partiyasını yaratmağı tapşırır. Lakin yeni yaranan SCP-nin 1930-cu ildə keçirilən ilk çoxpartiyalı seçkilərdə müvəffəqiyyət qazanması siyasi elitanı qorxudur. Sərbəst Partiya yaranmasından cəmi 100 gün keçəndən sonra özü özünü ləğv edir. Sərbəst Partiya eksperimentinə qoşulmuş digər silahdaşlarından fərqli olaraq Əhməd bəy Atatürkün “Nə edəcəksən?” sualına “Əmrinizlə girdiyim partiyadan çıxmayacağam. Bunu izzət-nəfsim üçün təhqir sayaram. Lakin siyasi həyatdan çəkilirəm, millət vəkilliyindən istefa edirəm, sırf müəllimliklə məşğul olaram”, - cavabını verir. Elə də edir. Ağaoğlu Ankaradan İstanbula köçür, darülfünunda konstitusiyanın əsaslarından dərs deməyə başlayır. 1933-cü ildə o, “Axın” qəzetini nəşr etdirir. Lakin Atatürkün narazılığını görüb qəzeti bağlayır. İstanbul Darülfünunu universitetə çevriləndə Əhməd bəy Ağaoğlu təqaüdə çıxarılır. Fəthi Okyara məktubunda bu ədalətsizlikdən ürək ağrısı ilə söz açır: “...Təqaüdə göndərildim. Bundan sonra fəal həyat qapıları üzümə bağlandı. Bunları sizə şikayət etmək üçün yazmıram... Mənim üçün ən ağır, ən çəkilməz dərd həyatın xaricinə atılaraq məəttəl və seyrçi durmaqdır”. Həyatının son illərində “Mədəniyyət Həftəsi” və “İnsan” jurnallarında, “Cümhuriyyət” qəzetində silsilə yazılar yazır.
Əhməd bəy Ağaoğlu 1939-cu il mayın 19-da İstanbulda vəfat edir və orada da dəfn olunur.
Əhməd bəy Ağayevin dünyagörüşü və ictimai fəaliyyəti səmərəli, mürəkkəb, həm də müəyyən dərəcədə ziddiyyətli olmuşdur. Həyatının müxtəlif dövrlərində dünyagörüşü və siyasi düşüncəsi üç ana xətt üzərində cəmləşmişdir: İslamçılıq, Qərbçilik və Türkçülük. O, Qərb mədəniyyətindən öyrənmək fikrini yazılarında ardıcıl olaraq irəli sürmüş, İslama baxışlarında demokratik mövqedən çıxış etmişdir. Əhməd bəy Ağayev Azərbaycan türklərində milliyyətçilik və türkçülük şüurunun oyanmasında və güclənməsində çox mühüm rol oynamışdır.
Ağaoğlular
Ağaoğlular ailəsi Türkiyədə ədəbi-siyasi ənənələrə malik bir ailədir. Əhməd bəylə Sitarə xanımın 7 övladı olub. İki oğlu (Vəzir və Bəşir) hələ kiçik ikən vəfat edib. Qalan beş uşaq - Sürəyya, Tezer (Təzəxanım), Əbdürrəhman, Səməd və Gültəkin isə mükəmməl təhsil alıb, Türkiyənin ictimai-siyasi və elmi-mədəni həyatında yaddaqalan rol oynayıblar.
İlk türk qadın vəkili
Ailənin 1903-cü ildə Şuşada anadan olmuş böyük övladı Sürəyya Ağaoğlu İstanbul Universitetinin hüquq fakültəsini bitirən ilk türk qadın hüquqşünası olub. O, həm də Türkiyədə vəkillik fəaliyyəti ilə də məşğul olan ilk qadındır. Uzun müddət Ümumdünya Qadın Hüquqşünaslar Cəmiyyətinin vitse-prezidenti, iki il də prezidenti olub. Sürəyya Ağaoğlu Azad Fikirləri Yayma Dərnəyi, Türk-Amerikan Universitetləri Dərnəyinin qurucusudur. Eyni zamanda, Uşaqların Dostları Dərnəyi adında xüsusi bir uşaq evi yaratmışdır. Sürəyya Ağaoğlu “Londonda gördüklərim”, “Bir həyat belə keçdi” adlı kitabların və bir çox hüquqla bağlı məqalələrin müəllifidir. Sürəyya xanım 1989-cu ildə vəfat edib.
Freydin davamçısı
Əhməd bəy Ağaoğlunun digər qızı Tezer Taşkıran (Ağaoğlu) əmək fəaliyyətinə fəlsəfə müəllimi kimi başlayıb, uzun illər Vyanada məşhur psixoanalitik Z.Freydin klinikasında çalışıb. 1950-ci ildə İstanbuldan TBMM-ə üzv seçilib. Milli kitabxananın yaradılmasına böyük əmək sərf edən Tezer Taşkıran Qara Fatma adlı qəhrəman türk anasına təqaüdün təyin edilməsi üçün çox çalışıb.
Gültəkin Ağaoğlu isə təyyarə mühəndisi olmaq istəsə də, həyat onu həkimlik peşəsinə bağlamışdır. O, gözəl həkim kimi peşəsini sevmiş, xüsusən uşaq xəstəlikləri ilə maraqlanmışdır. O vaxt uşaqlarda rast gəlinən və epidemiya halını almış bir xəstəliyin səbəblərini uzun müddət araşdırmış, nəticədə pişiklərdən keçən bir mikrobun bu xəstəliyə səbəb olduğunu tapmışdır. Təəssüf ki, Əbdürrəhman Ağaoğlu barədə heç bir məlumat əldə edə bilmədik.
Adnan Menderesin dostu
Ağaoğlu ailəsinin dördüncü övladı Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlib. 1929-cu ildə Ankarada Hüquq Məktəbinin hüquq fakültəsini bitirib. Sonra Strasburq Universitetinin Yüksək etüdlər fakültəsində 16 ay oxusa da, ailə vəziyyəti ilə əlaqədar təhsilini tamamlaya bilməyib. Türkiyəyə döndükdən sonra İqtisadiyyat və Ticarət nazirliklərində bəzi məsul vəzifələrdə çalışıb. 1946-cı ildə dövlət xidmətindən ayrılaraq vəkillik etməyə başlayıb, həm də siyasətlə məşğul olub. Səməd Ağaoğlu Demokrat Partiyasının qurucularından biridir. 1950-ci ildə Türkiyədə ilk dəfə keçirilən çoxpartiyalı seçkilərdə Demokrat Partiyası qələbə çalıb. Partiya sədri Adnan Menderesin Baş nazir olduğu hökumətdə Səməd Ağaoğlu Baş nazirin müavini, əmək naziri, sənaye naziri vəzifələrində çalışıb. 1950-60-cı illərdə Manisadan üç dəfə TBMM -ə millət vəkili seçilib. 1960-cı il hərbi çevrilişi zamanı A.Menderes və hökumətin digər üzvləri ilə birlikdə Səməd Ağaoğlu da həbs olunub. Məhkəmə ona ömürlük həbs cəzası kəsib. 1964-cü ildə ölkədə rejim dəyişdikdən sonra S.Ağaoğlu həbsdən azad edilib və ömrünün sonuna qədər bədii-publisistik yaradıcılıqla məşğul olub. O, 1981-ci ildə İstanbulda vəfat edib.
Mənbə: “Milli Məclis” Jurnalı