Qız Qalası təltif edildi

Qız Qalası təltif edildi backend

Bu il Şotlandiyanın Qlazqo şəhərində Avropanın 21 ölkəsinin nüfuzlu muzeyinin iştirak etdiyi "Avropada ilin muzeyi" müsabiqəsində Qız Qalası seçim mərhələlərindən keçərək “Muzeyin ictimai əhəmiyyətliyinin artırılması sahəsində əldə etdiyi mühüm nailiyyətlərə görə” nominasiyasında yer alıb.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, Qız Qalası bu nominasiya ilə muzey işinin təkmilləşdirilməsi sahəsinə verdiyi əhəmiyyətli töhfəsinə görə təltif edilib.

Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən keçirilən "Avropada ilin muzeyi" müsabiqəsi (EMYA - European Museum of the Year Award) dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdəndir. 1977-ci ildən bəri hər il onlarla Avropa muzeyi bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır.

Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər iştirak edə bilərlər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.

Xatırladaq ki, ölkəmizin qədim tarixinin əsas rəmzlərindən biri, milli memarlığımızın incisi, YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qız Qalası aparılan konservasiya işləri və yeni muzey ekspozisiyasının qurulmasından sonra 2014-cü ilin əvvəlində öz qapılarını ziyarətçilər üçün açıb.
Diaspora