Tərcümə Mərkəzində tanınmış yazıçı Nəriman Əbdülrəhmanlının yubileyi qeyd olunub.
1980-ci illərdən publisistik yazıları ilə mətbuatda çıxış edən Nəriman Əbdülrəhmanlı tezliklə hekayə və povestləri ilə də oxucuların rəğbətini qazanıb. 80-ci illərin axırlarından kinopublisistika və kino tarixi ilə də ciddi məşğul olub, 4 cildlik “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasını yazmaqla yanaşı, onun qələmə aldığı ssenarilər üzrə bədii və sənədli filmlər çəkilib. Həmin illərdə həmçinin folklor araşdırmaları aparıb, bir çox aşıq və şairlərin yaradıcılığını toplayaraq kitab halında nəşr etdirib, onlarla kitabın tərtibçisi və redaktoru olub. 2000-ci illərdə romanları işıq üzü görüb. Nəriman Əbdülrəhmanlı bədii tərcümə ilə də ciddi məşğul olub, gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 2006-cı ildə Beynəlxalq Sənət mükafatına, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb. “Yalqız” romanı 2010-cu ildə Milli Kitab mükafatının ilk onluğuna daxil olub, “Yolsuz” romanı isə 2011-ci ildə həmin müsabiqənin üçüncü mükafatına layiq görülüb. 2018-ci ildə Azərbaycan Yaradıcılıq Fondunun "Ədəbiyyat adamı" mükafatına layiq görülən yubilyarın əsərləri rus, ərəb, gürcü, ingilis və s. dillərə tərcümə olunub. Nəriman Əbdülrəhmanlı istefada olan mayor, Qarabağ müharibəsi veteranıdır.Nəriman Əbdülrəhmanlı 1958-ci il iyunun 3-də Gürcüstanın Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. Bakı Dövlət Universitetində və Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb. Respublikanın bir sıra qəzet və jurnallarında, televiziya və nəşriyyatlarında, C.Cabbarlı «Azərbaycanfilm» kinostudiyasında və digər yerlərdə müxtəlif vəzifələrdə işləyib. 2003-cü ildən Azərbaycan Tərcümə Mərkəzində çalışır.