Türkiyəli qonaqlar Aşıq Şəmşir Mədəniyyət Ocağını ziyarət ediblər

Türkiyəli qonaqlar Aşıq Şəmşir Mədəniyyət Ocağını ziyarət ediblər backend

Bakıda səfərdə olan Türkiyənin Elm və Ədəbiyyat Əsəri Sahibləri İctimai Birliyinin sədri (İLESAM) Mehmet Nuri Parmaksız və sədr müavini İlter Yeşilay, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan Aşıq Şəmşir Mədəniyyət Ocağını ziyarət ediblər.

Mədəniyyət Ocağının sədri Qənbər Şəmşiroğlunun adından qonaqları salamlayan qurumun sədr müavini Həbib Misirov ocağın fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Yaxın tariximizin quruculuğ dövrü olan 70-ci illər tərəqqisini öz gözləri ilə görüb, ilhama gələn ustad sənətkar Dədə Şəmşir görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi şeirlər, bugün – üstündən illər keçdikdən sonra, maraqlı və təzə-tər göründüyü kimi, zamanla da həmahəng səslənir.

Həmçinin ulu öndər Heydər Əliyev aşıq sənətinə, bu sənətin görkəmli nümayəndəsi olan Dədə Şəmşirə, onun yaradıcılığına həmişə böyük qiymət vermişdir. Ümummilli lider Heydər Əliyev Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin keçirilməsi barədə Sərəncam imzalayıb. Bu Sərəncama əsasən, Göygöl rayonundakı musiqi məktəbinə Aşıq Şəmşirin adı verilmiş, orada abidəsi ucaldılmışd adına küçə verilmişdir.

Professor Məhərrəm Qasımlı Azərbaycan aşıq sənəti və Dədə Şəmşirin yaradıcılığı haqqında qonaqlara ərtraflı məlumat verib. Qeyd edib ki, Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. Bu gün dövlətimiz tərfəindən mədəniyyətimizə, xüsusi ilə də ozan aşıq sənətinə yüksək diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın birinci xanımı Mehriban xanımın təşəbbüsü ilə aşıq sənəti YUNESKO-nun mədəni irsin qorunması siyahısına salınıbdır.

İLESAM-ın sədri Mehmet Nuri Parmaksız Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin möhkəmləndirilməsindəki fəaliyyətləri barədə məlumat verib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan, həmçinin iştirakçılardan Azərbaycan Yazıçılar birliyinin katibi Rəşad Məcid, "Ədəbiyyat" qəzetinin direktor müavini Adil Cəmil, BDU-nün müəllimi Ələmdar Cabbarlı və digərləri iki qardaş ölkə arasında mədəni, ədəbi əlaqələrin gücləndirilməsinin, elm, sənət adamlarının irsinin qarşılıqlı şəkildə təbliğ edilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə qərara alınıb ki, hər iki təşkilat Azərbaycan-Türkiyə ozan aşıq sənətinin görkəmli nümayəndələri Aşıq Şəmşir, Yunus Əmrə və Aşıq Veysəlin yaradıcılığının təbliği ilə bağlı birgə layihələr həyata keçirəcəklər.

Toplantının sonunda tələbələr şeirlər səsləndiriblər və qonaqlara Aşıq Şəmşir Mədəniyyət Ocağı adından təşəkkür ödülləri və hədiyyələr təqdim olunub.
Diaspora