Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Kult.az xəbər verir ki, mərasimdə çıxış edən akademik Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib. O, layihənin adının məhz bu cür seçilməsinin təsadüfi olmadığını deyib:“Yaradıcılıq Fondu hər il “Ədəbiyyat adamı” mükafatını 5 nəfərə verməyi planlaşdırır. Mükafat suvenir və 1000 manat puldan ibarətdir. Ümid edirik ki, gələcəkdə imkanlarımız daha da genişlənər. Onu da qeyd edim ki, bu adı tapmaq o qədər də asan olmadı. Adla bağlı bəzi təkliflər oldu, amma “Ədəbiyyat adamı” mənə elə gəlir ki, qulağa xoş gələn addır. Əslinə qalsa, ədəbiyyat adamı yaxşı bir oxucu da ola bilər”.
Akademikin çıxışından sonra yazıçı Nəriman Əbdülrəhmanlı, şair Səlim Babullaoğlu, ədəbiyyatşünas Seyfəddin Hüseynli, tənqidçi Elnarə Akimova və AYB üzvü Şirindil Alışanlıya mükafatlar təqdim olunub.
Tədbirdə çıxış edən şair Qismət Rüstəmov layihənin ölkə xaricində də tədbirlər planlaşdırdığını deyib:
“Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub”.