Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab sərgisi çərçivəsində Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin başçılıq etdiyi nümayəndə heyəti dünyanın ən nüfuzlu kitab sərgisi olan Frankfurt kitab yarmarkasının baş direktoru Yurgen Boos və beynəlxalq layihələr üzrə direktoru xanım Barbel Beker ilə görüşüb.
Söhbət zamanı kitab sərgilərinin mədəni əlaqələrin inkişafında özünəməxsus rol oynadığı bildirilib, bu il sentyabrın 16-18-də IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkili, Azərbaycanın Frankfurt yarmarkasında iştirakı ilə bağlı müzakirələr aparılıb.Vaqif Əliyev ölkəmizin beynəlxalq sərgilərdə fəal iştirakının əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi, nəşriyyat və poliqrafiya sahələrində də mühüm nailiyyətlər əldə edilib. Bu da ölkəmizin müvafiq sahədə bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsinə zəmin yaradır.
Yurgen Boos Azərbaycanın müasir inkişafı barədə məlumatlı olduğunu vurğulayıb. O, ölkəmizin hər il keçirilən Frankfurt yarmarkasında iştirak etməsindən məmnunluğunu bildirib.
Vaqif Əliyev sentyabrın 16-18-də Azərbaycanda təşkil olunacaq IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün Yurgen Boosu və Barbel Bekeri ölkəmizə dəvət edib.
Görüşdən sonra nazir müavini italiyalı jurnalistlərə müsahibə verib.