Bakıda Oksford Universiteti nəşriyyatının təqdimatı keçirildi

Bakıda Oksford Universiteti nəşriyyatının təqdimatı keçirildi backend

Oksford Universiteti nəşriyyatının Azərbaycanda fəaliyyətə başlamasına həsr edilmiş təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimdə millət vəkilləri, ziyalılar, ictimai xadimlər iştirak edib.

Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərov Oksford Universiteti nəşriyyatının Azərbaycanda fəaliyyətə başlamasını Avropa-Azərbaycan əlaqələrinin inkişafında növbəti uğur kimi dəyərləndirib. T. Heydərov bildirib ki, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Oksford Universiteti nəşriyyatı Avropanın ən qədim nəşriyyatlarından biridir: "Hazırda dünyanın 50-dən çox ölkəsində nəşriyyatın filialı fəaliyyət göstərir. Azərbaycan həqiqətlərinin Avropa tandılmasında xidmət göstərən Avropa Azərbaycan Cəmiyyəti də nəşriyyat işinə daim önəm verib və ölkəmizdə "Teas Press" nəşriyyatı fəaliyyətə başlayıb. "Teas Press" nəşriyyatı Oksford Universitetinin Azərbaycanda rəsmi tərəfdaşı statusuna layiq görülüb. Oksford Universiteti nəşriyyatının Azərbaycana gəlişi xüsusilə təhsilimiz üçün böyük əhəmiyyət kəsb edəcək. Bu nəşriyyat ingilis dilinin tədrisi üçün ixtisaslaşan ən böyük nəşriyyatdır".

T. Heydərov əlavə edib ki, nəşriyyatın çap etdirdiyi kitabların Azərbaycan dilinə tərcümə edilməsi "Teas Press" nəşriyyatının öhdəsinə düşəcək: "Bu nəşriyyat evi uşaqlar üçün olan kitablardan tutmuş, müxtəlif sahələr üzrə kitabların Azərbaycanda çapını həyata keçirəcək. Eyni zamanda Azərbaycan alimlərinin kitablarının çap olunmasına diqqət yetiriləcək. Bu gün Azərbaycan-Avropa əlaqələrinin yüksək inkişafının bariz nümunəsi I Avropa Oyunlarının ölkəmizdə keçirilməsidir ki, Avropa Azərbaycan Cəmiyyəti olaraq bu inkişafa kitab çapı sahəsində öz töhfəmizi vermək istəyirik".

Oksford Universiteti nəşriyyatının nümayəndəsi Simon Mavin təqdimat mərasimində çıxış edərək, Bakıda olmaqdan məmnun olduğunu bildirib. O, qeyd edib ki, nəşriyyatın ən böyük məqsədi təhsil sahəsində çap məhsullarının ən yüksək səviyyəyə çatdırılmasıdır: "Nəşriyyat dünyanın 40-dan çox dilində kitablar çap edir, ingilis dilinin öyrədilməsi ilə məşğul olur. Biz "Teas Press" nəşriyyatı ilə işləməkdən məmnunuq. İnanırıq ki, insanlar "Teas Press"lə əməkdaşlığımız çərçivəsində ingilis dilinin mənimsənilməsi üçün bu əməkdaşlıqdan bəhrələnəcəklər".

Tədbirdə "Teas Press" nəşriyyatının və Oksford Universiteti nəşriyyatının çap etdirdiyi kitabların sərgisi keçirilib, müxtəlif çap əsərləri tədbir iştirakçılarına təqdim olunub.


Diaspora