“Ya zdes umer. Kuqay”

“Ya zdes umer. Kuqay” backend

Bu gün tanınmış Azərbaycan jurnalisti, yazıçı Zakir Sadatlının doğum günüdür. Qaziler.az saytı Rey Kərimoğlunun onunla bağlı yazısını təqdim edir.

“Yəqin ki, Əfqanıstan müharibəsi haqqında əsl həqiqəti orada döyüşənlərdən başqa heç kəs deyə bilməz” Əfqanıstana yeridilən 40-cı sovet ordusunun komandanı general Boris Qromov

...1979-cu ildə sülhsevər sovet qoşunları Əfqanıstana yeridildi. 1989-cu ildə isə həmin qoşunlar geri qayıtdı. O vaxtdan ta bu günə qədər bu müharibə haqqında müxtəlif əsərlər, xatirələr yazılıb, bədii və sənədli filmlər çəkilib, musiqilər bəstələnib, amma bunların heç biri 15 min sovet vətəndaşını udan bu qanlı savaşın tam təsvirini, real vəziyyətini əks etdirməyib, yəqin heç bundan sonra da mümkün olmayacaq. Çünki müharibənin dəhşətini, vəhşətini göz görür, amma olduğu kimi dil danışa, qələm yaza bilmir...

Məncə, o müharibənin canlı şahidi, iştirakçısı, yazıçı-jurnalist Zakir Sadatlının qələmə aldığı “Əfqanıstan uçurumu” indiyə qədər ən yaxşı nümunələrdən sayılan Sergey Baykinin, General Qromovun xatirələrindən də uğurlu alınıb. Zakir hər hadisənin bədii həllini tapıb, oxucuya müharibənin bütün hallarda insan faciəsi olduğunu anlatmağı bacarıb...Həyəcansız oxumaq olmur “Əfqanıstan uçurumu”nu. İnsanı heyrətə gətirən, nəfəs kəsən səhnələrlə zəngindir bu əsər...

Yeri gəlmişkən, elə General Qromov öz xatirəsinə maraqlı bir ön söz yazıb: “Yəqin ki, Əfqanıstan müharibəsi haqqında əsl həqiqəti orada döyüşənlərdən başqa heç kəs deyə bilməz”.

Bəli, müharibə haqqında əsl həqiqəti məhz o müharibənin od- alovundan sağ çıxmış insanlar daha yaxşı yaza bilər. 1979-cu ilin o qış gecəsi Əfqanıstan sərhədlərini keçən minlərlə əsgərdən, azərbaycanlıdan biri də Zakir Sadatlı olub. Müharibədən əvvəl onlara paylanan “Sovet ordusu döyüşçüsü üçün yaddaş” vərəqəsində bu müharibənin məqsədinin üzdə görünən tərəfini belə izah ediblər: “Zəhmətkeş əfqan xalqının əldə etdiyi inqilabı nailiyyətləri qorumaqda və sülh şəraitində yeni həyat quruculuğu yoluna ona hərtərəfli yardımçı olmalısan”. Əslində isə...

Müharibə necə başladı, əsgərlər necə səngər qazdılar, tanklar, PDM-lər, zirehli texnika, avtomobillər və nəhayət, qoşun necə hərəkətə keçdi?! Raketlər, top mərmiləri, avtomatlar, pulemyotlar necə atəşə başladı?! Bütün bunları dildə danışmaq çətindir, o ki qaldı yazı ola. İlk günahsız əfqan sərhədçisinin bəmbəyaz qar üzərində qanına qəltan olmasından tutmuş ən yaxın döyüşçü yoldaşının həlak olmasına qədər hər səhnəni anbaan yazıb Zakir. O, heç yerdə müharibəni analiz etmir, heç bir şərh vermir, sadəcə “müharibə” adlı kabusu təsvir edir, onu oxucuya yaşadır...

“Silah heç vaxt insanlığı xilas edə bilməz” - bu taleyin təsadüfü nəticəsində müharibənin odundan çıxmış müəllifin qənaətidir. Zakirin bu kitabı dünyada sülhə, əmin-amanlığa xidmət edən çox dəyərli bir kitabıdır, Ən böyük sülh mükafatına layiqdir bu kitab.

“...6 may, 1980-ci il... Şindand çöllüyü... Gicgahlarımı ovuşdururam: Əlində imkanın ola, yer üzünün bu şəkildə şəklini çəkib Allah göndərəsən. Arxasında da yazasan ki, ilahi, kilsələr və məscidlər günahların öhdəsindən gələ bilmədiyi kimi, müharibələr də haqsızlıq və ədalətsizliyin öhdəsindən gələ bilməyəcək. Məgər bunlar sənin özünə agah deyil?”

Əsərdə döyüş yoldaşlarından biri - Poroxov soyadlı bir rus balasını təsvir edib müəllif. Nizam-intizamlı, xidmətə gələnə qədər sevişdiyi qızlarla çəkdirdiyi müxtəlif şəkilləri döyüşçü dostları ilə bölüşən bir əsgərdir Poroxov. Zakir soyadını azərbaaycanlılaşdırır, ona Barıtov deyə müraciət edir. Bir gün gecə növbədə olarkən Zakir öyrənir ki, Barıtovun saatını təzə gələndə “starik” əsgərlərdən biri döyərək əlindən alıb. Ondan xahiş edir ki, saatı qaytarmaq üçün o “stariki” Zakirə göstərsin. Poroxov söz verir amma Zakirin o “stariklə” dalaşmasını istəmədiyindən min bir bəhanə ilə bu məsələni uzadır. Zakir hər dəfə batalyonda qolunda saat olan əsgər görəndə Poroxovdan onun olub olmadığını soruşur. O da yalandan deyir ki, bu o əsgər deyil. Beləcə ta günlərin bir günü-döyüşlərin birindən Poroxov sağ qayıtmayanda, onun cəsədini sink tabuta qoyub evlərinə yola salanda Zakir bu saat məsələsini beləcə bitirir, bədii həllini verir:

“Üstünə gecənin ağırlığı çökmüş taborun çadırlarında yatan hərbiçilərdən hansınınsa qolundan bir saat səsinin hıçqırtısı gəldi...”

Anasını itirən quzu kimi hər ağır vaxtda axtarıb Zakiri tapan türkmən balası Amandəldiyevin obrazı necə ustalıqla verilib əsərdə. Düz əsərin yarısına qədər müəllif bu əsgərin adını xatırlaya bilmir, yalnız yarısında yadına düşür və tam bir səmimiyyətlə o bunu belə verir:

“-Niyə yatmırsan, Amangəldiyev? (İlahi, bu türkmən balasının soyadı yaddaşımın hansı qatından barmaqlarıma süzüldü?..) ”

Əsərdə müəllifin Amangəldiyevə münasibəti ilə bağlı bir çox məqamlar var: “Qulağım çaldı ki, “molodoy”lardan biri ağır yaralanıb. Dərhal o türkmən balası yadıma düşdü. “Evi yıxılmışın oğlu, ayrı vaxtı adamın yanından əl çəkmir. Döyüş başlayana yaxın iki daşın arasında harada it-bata düşdü? Ona demişdim axı, uzağa getmə, yanımca hərlən...” Bir anlıq beynimdə şimşək çaxdı elə bil. Avtomatı götürüb sağ cinaha tərəf süründüm...”

Amangəldiyevi axtaran müəllif bu döyüşdə bir əsgərin - Saşa Qavrilovun həlak olmasını belə təsvir edir:“Yalın tinində, iki daşın arasında ucu havaya tuşlanan pulemyotun lüləsi gözümə sataşdı. Xeyli boylandım, yiyəsini görə bilmədim. Ha çalışdım pulemyotçularımızı xatırlayım, bir anlığa heç nə kəsdirə bilmədim. Amma dalağım sancdı, Səslədim, hay verən olmadı. Ayağa qalxıb onun yanına qaçdım.

...Saşa Qavrilov daşların arxasındakı çökəklikdə “oturub” başını aşağı əymişdi. Əlləri arxaya doğru gərilmişdi. Çənəsinin altından salıb başını yuxarı qaldırdım. Ağzından qan qarışıq köpük şoralanırdı. Açıq-bərəli gözlərinə dipdiri bir soyuqluq çökmüşdü. O soyuqluq-cövhərində azman və ibtidai bir aldanışın rəngləri lillənən həyata istehzadan savayı heç nə demək istəmirdi. Qəhər boğazımı tıxadı. Nitqim qurudu. Bir anlıq keyləşdim elə bil. Ani olaraq səhərki atmacasını xatırladım: “kak slujba?..”

Bu əsərdə sovet zabitləri ilə əsgərlərinin münasibəti də çox səmimi və real şəkildə verilib. Batalyon komandiri Yeqorovun ezamiyyətdə olan vaxtı qəfil onun-Zakirin döyüşdüyü batalyonunun Lurkuh dağında əməliyyata getməsi. Zakir sovet əsgərlərini udan bu dağı çox böyük məharətlə təsvir edir. Sevdikləri və inandıqları komandirləri Yeqorov olmayanda bu dağda baş tutan döyüşlərin birində xeyli əsgər yoldaşları həlak olmuşdu, Kuqay soyadlı bir nəfər isə “duşman”lara əsir düşmüşdü. Düşmənlər hər gecə Kuqayı dağın başında incidib danışdırırmış. Kuqay da uşaqlar yalvarırmış ki, onu azad etsinlər. Yeqorov qayıdan kimi batalyonu döyüşə hazırlayır. Onun qayıdışından sonrakı ilk döyüşdəcə Kuqayı azad edirlər. Amma cəsədini. Onu asılı vəziyyətdə tapırlar:

“Mina axtaranlar Kuqayın asıldığı qayanın yan-yörəsində, cəsədin böyür-başında axtarışdaydılar. Minalar təmizlənəndən sonra biz döyüş yoldaşımızın cəsədini götürəcəydik.

Çəkmələrimi çıxardıb ayaqlarımı şimal daşının üstünə uzatmışdım. Heç nə düşünmək istəmirdim, sadəcə, siqaret tüstülədirdim. Qürubun kədəri sərilmişdi dağların döşünə. Uşaqlardan bəzilər mızıldanıb zümzümə edir, bəziləri yayxanıb dincəlir, bəziləri də süngünün ucu ilə daşın, qayanın üstünə nəysə cızırdı. Boylanıb bu yazılara gözucu baxdım. Hələ fərqində deyildim ki, o yazıların şəkli alın yazılarımızın ayrı-ayrı fraqmentləridir: “Ya zdes bıl. Saşa”, “Jdi menya, mama. Kostya”, “DMB 79-81. Aziz”, Ya zdes voeval, Xudayberqanov”...

Axşam Kuqayın meyitini götürdük...Gözləyirdik meyiti aparmaq üçün xərək gətirsinlər. Vaxt uzanırdı. Cansıxıcı sükutun içində sanki Kuqay inildəyirdi: “Uşaqlar, axı, biz buraya hamımız bir yerdə gəlmişdik!... Niyə bir yerdə qayıtmırıq?!...”

Nədənsə mənə birdən-birə elə gəldi ki, bir azdan xərəyə qoyub aparacağımız adam Kuqay deyil. O bizimlə vidalaşıb həmişəlik burada qalacaq. Süngümü götürüb, onun başdaşı kimi dikələn sıldırım qayanın sinəsini ova-ova yazmağa başladım:

“Ya zdes umer. Kuqay”...

Bu əsərdə hadisənin ən təsirli bədii həllindən biridir.

Müəllif kitabın sonunda belə yazıb: “Birinci kitabın sonu”. Çox heyf ki, bu kitabın ardı yoxdur, yəni əcəl imkan vermədi. Güman ki, ailəsində xatirə halında və ya əlyazma kimi nəysə var və inşallah, o da çap ediləcək.

Bu kitabı oxuyun, dostlar, mütləq oxuyun! Zakir bəy bu əsərdə nə Tolstoydan, nə Dostoyevskidən, nə də dirgələrində geri qalmır. Mən belə düşünürəm.

lent.az
Diaspora