Azərbaycan Dövlət Musiqili Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib.
Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər.Sənədlər Musiqili Teatrda qəbul edilir.
Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, teatrın heyətində müəyyən dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi çox vacibdir: "Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. İstər yaradıcı qrup üçün, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. Hal-hazırda teatrda kadr çatışmazlığı var və bu boşluğu doldurmaq üçün yeni, istedadlı kadrlara çox ehtiyacımız var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə yeniliklər nəzərə çarpacaq".
Bununla yanaşı, Ə.Lalayev qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalistlərə ehtiyac olduğunu da deyib: "Bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcək".