Bu gün aktyor Ceyhun Mirzəyevin 72 yaşı tamam olur
Onu iki filmi ilə yadımızda saxlamışıq. “Ögey ana” və “Fəryad”la. Hər ikisi kədərdən doğan filmdi. Hər ikisində fəryad var. Birində anasını itirib qəhrəman, birində ana Vətəni. Bu itkinin ikisi də əziz itkilərdir və hər adam bu itkiylə barışa bilmir. Ceyhun Mirzəyev barışmayanlardan oldu. Ona görə də çox cavan yaşında biz də onu itirdik. Özü boyda boşluq qoyub getdi Azərbaycan kinosunda.Ceyhun Mirzəyev 1946-cı ilin bu günü Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada təhsil alıb. 46 illik ömrünün 30 ildən çoxu kino ilə bağlı olub. Cəmi on iki yaşı vardı "Ögey ana"ya çəkiləndə.
O ögey anasını bağrına basacaq qədər ürəkli oğlan idi. O, doğma anasını - Ağdamını itirmək həqiqətini qəbul edəcək qədər ürəksiz oğlan idi. Ona görə də, ürəyi partladı. 46 yaşında itirdik onu. Çəkdiyi “Fəryad” filminin premyerasında iştirak edə bilmədi. Çəkdiyi “Fəryad” bizi ayıltmadı. Amma o sanki bu missiya üçün dünyaya gəlmişdi. Xatırlayırsız, “Mozalan”ın başlığında səslənən vızıltı səsini? Ceyhun Mirzəyevin səsiydi.
Biz bu vızıltını da sevirdik, balaca İsmayılı da sevirdik, böyük İsmayılı da, Ceyhun Mirzəyevi də. Kaş Allah da bizi sevsin və Ceyhun Mirzəyevin ruhu xatirinə Ağdamı millətə bağışlasın. Amin! Əminəm ki, Ceyhun Mirzəyevin partlayan ürəyi bir də onda Fəryad qoparacaq. Bu dəfə sevincdən.
Real TV