Mayın 16-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Rənglərə köçürülmüş dünyam” adlı sərgi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, muzeyin Bakı Şəhəri Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin “Günəş” rəsm studiyası ilə birgə keçirəcəyi bu sərgi 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunacaq. Sərgidə studiyada məşğul olan uşaqların müxtəlif mövzularda çəkdikləri rəsmlər nümayiş etdiriləcək.Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin balaca və yeniyetmə rəssamlarının yaratdığı əsərlərin sorağı İran, Türkiyə, Özbəkistan, Qazaxıstan, Çexiya, Rusiya, Slovakiya, Hindistanda keçirilən nüfuzlu beynəlxalq müsabiqələrdən gəlir.
Sərgidə Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində fəaliyyət göstərən İncəsənət Kollecinin, “Uluslararası Aktivist Sənətçilər Birliyi”nin, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin nümayəndələri, sənətşünaslar, rəssamlar, muzey əməkdaşları iştirak edəcəklər.