Yaratdığı obrazlarla İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz Teatrının rəhbəri Babək Nəhreynin iştirakıyla 27 və 30 mart tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında konsert proqramı olacaq.
Qurumun mətbuat xidmətindən Qaziler.az-a istinadən bildirilib ki, ötən il Musiqili Teatrda tamaşaçıların görüşünə “Bəxtəvər” komediyası ilə gələn güneyli aktyor bu dəfə də təqdim edəcəyi layihəni Novruz Bayramı günlərində İrandan - soydaşlarımızın sıx yaşadığı bölgələrdən, əsasən də Təbrizdən ölkəmizə gələn çoxsaylı turistlərin mədəni istirahətlərini təmin etmək üçün təşkil edib.İranlı incəsənət nümayəndələri – müğənni Ayhan, foks ustası Cavad Əkbəri ilə yanaşı, Azərbaycanda son dövrlər populyarlıq qazanan gənc estrada müğənniləri Damla və Çinarə Məlikzadənin də çıxış edəcəyi konsert proqramında, həmçinin, Musiqili Teatrın balet truppasının hazırladığı milli rəqslər də nümayiş olunacaq.
Təbriz Teatrının rəhbəri Babək Nehreyn Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə yaratdığı şəraitə görə təşəkkürünü bildirərək qeyd edib ki, “Birlikdə hazırladığımız layihələr İran və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərəcək. Digər tərəfdən isə ötənilki kimi bu il də biletlərin turizm şirkətləri vasitəsilə satılması mədəni turizmin inkişafında böyük rol oynaya bilər. Bu cür qarşılıqlı əməkdaşlıq mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır və hesab edirəm ki, belə tədbirlərin müntəzəm nümayişi hər iki ölkənin teatr və incəsənət aləmində yeni-yeni uğurlu addımlar atılmasına təkan verəcək”.