Sənət adamları Fədayə Laçının bağışlanmasını xahiş edirlər - MÜRACİƏT

Sənət adamları Fədayə Laçının bağışlanmasını xahiş edirlər - MÜRACİƏT backend

Azərbaycanın bir qrup incəsənət xadimi bu xahişlə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar

Ötən il barəsində həbs qətimkan tədbiri seçilən tanınmış müğənni Fədayə Məmmədova (Laçın) ilə bağlı məlum cinayət işi üzrə istintaq prosesi davam edir.

Qaziler.az-ın "525"ə istinadən məlumatına görə, artıq 4 aydır ki, istintaq təcridxanasında cəza çəkən müğənninin ailəsi, yaxınları və həmkarları ölkə rəhbərliyindən növbəti dəfə humanist addım gözləyirlər. Xalq artistləri Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Aftandil İsrafilov, Zaur Rzayev, Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, Səkinə İsmayılova, Əməkdar artist İlqar Muradov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayaraq F.Laçının sənət adamı kimi xidmətlərinin nəzərə alınıb bağışlanılması istəyiblər.

Məktubda qeyd olunur: "Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Sizin Azərbaycan incəsənətinə, sənət adamlarına daimi qayğınız hamıya məlumdur. Biz həmişə bu qayğını hiss etmişik. Hər bir incəsənət adamı dövlət rəhbərliyinin himayəsini hiss edir, ona arxalanır. Dar günümüzdə bilirik ki, Siz həmişə bizə köməksiniz, heç vaxt himayənizi əsirgəmirsiniz.

Sizə müraciət etməyimizin səbəbi Fədayə Laçın - Məmmədova Fədayə Baris qızının düşdüyü vəziyyətlə bağlıdır. Səmimi insan, istedadlı sənət adamı olan Fədayə hazırda həbsdədir… Əlbəttə, biz hüquqşünas deyilik və istintaqın işinə qarışmaq fikrimiz də yoxdur. Biz hüquq mühafizə orqanlarının obyektivliyinə şübhə etmirik. Lakin sənət yoldaşımızın taleyinə, acınacaqlı vəziyyətinə biganə qala bilmirik. Fədayə çətin həyat yolu keçib, məcburi köçkündür, yaxşı insan, qayğıkeş anadır. Onun Sizin mərhəmətinizə ehtiyacı var. Sizdən onun barəsində qayğınızı əsirgəməməyinizi, həmişə nümayiş etdirdiyiniz humanizmlə ona yanaşmağınızı, kömək etməyinizi xahiş edirik".

Xüsusilə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində dövlət səviyyəsində böyük əfv üçün hazırlıqların getməsi bütün məhbus yolu gözləyən ailələr kimi, F.Laçının doğmalarının da ümidlərini artırıb. Həbsdə olan müğənni əfv edilməsi üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət ünvanlasa da, barəsində məhkəmə hökümün hələ çıxarılmaması, istintaq prosesinin davam etməsi onun yenidən azadlığına qovuşması üçün qarşıda duran başlıca əngəl, maneədir. Çünki komissiya üzvü, hüquqşünas Əliməmməd Nuriyevin də mətbuata açıqlamasında qeyd etdiyi kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, eləcə də komissiyanın Nizamnaməsinə əsasən, məhkəmə hökmü çıxarılmadan hər hansı bir qanun pozuntusunda, cinayət əməlində təqsirləndirilən şəxsin əfv üçün müraciəti müsbət cavablandırıla bilməz: "Əfv yalnız o şəxslərə aid edilir ki, onların barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olur. Fədayə Laçın barəsində cinayət işinin davam etdiyi təqdirdə, onun əfv olunması qeyri-mümkündür. Barəsində özü və ya vəkili tərəfindən yalnız həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilə bilər. Bura həmin şəxsin zaminə buraxılması, ev dustaqlığı və həbslə əlaqədar olmayan qətimkan tədbirləri daxildir. İstintaq bunun nə dərəcədə məqsədə müvafiq olduğunu, onun şəxsiyyətini, cinayət işinin təhqiqatı posesinə mane olub-olmamasını və digər məsələləri nəzərə alaraq həbs qətimkan tədbiri ilə bağlı müsbət və ya mənfi cavab verə bilər. Hazırkı şəraitdə onun əfvlə bağlı müraciəti baxılmamış saxlanılacaq. Barəsində istintaq aparılan, cinayət işi qaldırılan şəxslər barəsində əfv verilə bilməz".

F.Laçının vəkili Türkel Süleymanlı isə bildirib ki, Fədayə xanım özü birbaşa təcridxanadan yazılı şəkildə komissiyaya müraciət edib: "Hər halda qanun əfv ərizəsi yazmağı qadağan etmir".

Hüquq müdafiəçisi Əsabəli Mustafayev də məsələ ilə bağlı mətbuata açıqlama verib. O qeyd edib ki, apellyasiya məhkəməsinin qərarı qüvvəyə mindikdən sonra şəxs barədə əfv sərəncamı verilə bilər: "Düzdür, təcrübədə olub ki, apellyasiya məhkəməsi davam edən bir neçə nəfər əfvə düşüb. Amma tam hökm çıxmamış Fədayə Laçın əfvə düşə bilməz. Əfv imzalanana qədər hökm çıxarsa, o zaman əfvə düşmək ehtimalı yaranır".

Ona görə də, müğəninin ailə üzvləri, yaxınları ölkə rəhbərliyi, müvafiq dövlət qurumları, hüquq mühafizə orqanları tərəfindən müsbət cavab gözləyirlər.

F.Laçının böyük bacısı, tanınmış müğənni İlahə Fəda bildirib ki, Fədayə istintaq müddətində xüsusi nəzarətə alınıb:

"İstintaq bitəndən sonra bacımın bu cinayət işində təqsirinin olub-olmadığı məlum olacaq. Son sözü hüquq, ədalət məhkəməsi deyəcək".

İ.Fədaya görə, bu məsələdə Fədayənin qəlbinin saflığından istifadə ediblər:

"O, çox peşmandır. Fədayə sənət adamıdır, onun necə sədalövh, saf insan olduğunu hər kəs bilir. Məcburi köçkün düşəndən sonra bütün bu təbəqədən olan insanlar kimi doğma el-obadan uzaqda qayğılı, çətin həyat yaşamışıq. Atasız böyümüşük. Fədayə mənim əlimdə böyüyüb, ona yaxşı bələdəm. Bilirəm ki, o, heç vaxt dövlətinə zərər verə biləcək addımlar atmaz. Əksinə, Fədayə daim ölkə, xalq üçün çalışıb, dəfələrlə dövlət konsertlərində iştirak edib, hərbi hissələrdə vətənin keşiyində duran əsgərlərimiz qarşısında çıxışlar edib".

Müğəninin ailəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın humanizminə sığınaraq Fədayənin musiqiçi kimi vətəninə xidmətlərinin, ailə vəziyyətinin nəzərə alınaraq bağışlanmasını, cəzasının yüngülləşdirilməsini istəyirlər:

"Mən demirəm ki, Fədayənin heç bir səhvi yoxdur. Sadəcə, bacım aldadılıb. Əgər təqsiri varsa, hər kəs kimi o da cəza alacaq. Lakin inanıram ki, dəfələrlə humanist addımları ilə minlərlə ailənin sevincinə səbəb olan ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalq artistlərinin, görkəmli sənətkarların xahiş və müraciətlərini nəzərə alaraq xalqına, dövlətinə, prezidentinə bağlı olan bir musiqiçi, həm də məcburi köçkün ailəsinin sevincinə səbəb olacaq, Fədayəni ailəsinə qovuşduracaq".

Bugünədək ailəni Fədayənin dolandırdığını deyən İ.Fəda qeyd edib ki, indi həm mənəvi, həm də maddi sıxıntılarla üz-üzədirlər:

"Xəstə anamın gözü yoldadır. Artıq ona qəbul etdiyi dərmanlar da kömək etmir. Möhtərəm prezidentimiz onu bu qoca anasına, yeganə övladına, ailəsinə bağışlasın".

F.Laçının sənət yoldaşları da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın növbəti dəfə humanist addım ataraq daha bir sənətkar ailəsini sevindirəcəklərinə inanırlar.

Xalq artisti Aftandil İsrafilov bildirib ki, Fədayə çox xoşxasiyyət, ürəyitəmiz xanımdır:

"Təkcə mən deyil, Azərbaycanın bütün sənət adamları onun qəlbinin təmizliyinə, insanlarla səmimi rəftarına yaxşı bələddirlər". A.İsrafilov F.Laçının müsbət xarakterik keyfiyyətləriylə yanaşı, həm də ifaçı kimi özünü sübut etdiyi üçün xalq tərəfindən sevildiyini diqqətə çatdırıb. O, F.Laçının tez bir zamanda azadlığa qovuşmasını, ailəsi, sənət yoldaşları ilə yenidən bir arada olmasını, əvvəlkitək konsert proqramlarında çıxışlar etməsini arzuladığını deyib.

Xalq artisi Mənsum İbrahimov qeyd edib ki, əhalinin bütün təbəqələrindən olan insanlara, o cümlədən, sənət adamlarına daima diqqət və qayğı göstərən, onların problemlərinə olduqca həssaslıqla yanaşan Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmələrində məqsəd dövlət səviyyəsində həyata keçirilən ardıcıl humanist siyasətə uyğun olaraq həmkarları F.Laçınla bağlı məsələyə baxılması, imkan daxilində ona köməklik edilməsidir: "Azərbaycanın xanım sənətkarlarından biri kimi Fədayə Laçının azadlıqda olmasını arzu edirik. Əlbəttə, əfv yalnız Prezident İlham Əliyevin səlahiyyət dairəsində olan məsələdir. Ona görə də, dövlət başçısının növbəti dəfə humanist addım atacağına ümidliyik. İnanırıq ki, Prezidentimiz bizim müraciətimizi müsbət cavablandıracaq".

Əməkdar artist İlqar Muradov isə qeyd edib ki, sənət adamı kimi həmkarı F.Laçınla bağlı göstərilən təşəbbüsə dəstək verib və onun ölkə qanunvericiliyin imkanları daxilində cəzasının yüngülləşdirilməsini, bağışlanmasını istəyir: "Bu məqsədlə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanladıq. Şübhəsiz ki, son sözü ölkə rəhbərliyi deyəcək. Əgər qanunla mümkündürsə, inanırıq ki, Prezidentimizin sayəsində F.Laçını tez bir zamanda azadlıqda görmək bizə nəsib olacaq".

Törətdiyi qanunazidd əməllərdən islah olunan hər bir insanın azadlığa qovuşmasını arzuladığını deyən İ.Muradov qeyd edib ki, Allah hər kəsin, o cümlədən, Fədayə Laçının qapısını açsın.

Xalq artistləri Zeynəb Xanlarova, Flora Kərimova, Brilliant Dadaşova və digərləri də müğənni F.Laçın düşdüyü bu vəziyyətə görə üzüntülərini ifadə ediblər. Hətta B.Dadaşova bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya fərdi şəkildə müraciət ünvanlayıb. O, Mehriban Əliyevaya həbsdə olan bir anaya dəstək olmasını xahiş edib: "Əzizimiz, sevimli Mehriban xanım! Sizin sonsuz dərəcədə mehriban və qayğıkeş insan olduğunuzu bilirik. Bu səbəbdən Sizə müraciət edib, istedadlı müğənni, gənc qadın, ən əsası bir övlad anası Fədayə Laçına dəstək olmanızı xahiş edirik. Mən onu şəxsən tanımıram. Yalnız sizin ədalətli, xeyirxah bir insan olduğunuzu, heç kəsin dərdinə biganə qalmadığınızı bildiyim üçün Fədayə Laçına dəstək olacağınıza ümid edirəm".

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə F.Laçın təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan həbsin müddəti 3 ay da artırılıb.
Diaspora