AD GÜNÜ... (Novella)

AD GÜNÜ... (Novella) backend

(Dünyada mənım üçün ən əziz insanlara - atama və anama ithaf edirəm)

Evin qapısı cırıltı ilə açıldı. Astanada 60-65 yaşlı, saçı-saqqalı dümağ qoca kişi ilə təxminən eyni yaşda qadın göründü. Hər ikisinin bənizi solğun və dərin qırışlarla örtülmüşdü. Bulud kimi dolmuş gözlərində isə qəribə, çox qəribə bir sevinc işarırdı. Qoca üç pilləni asta-asta endi. Əlində bağ qayçısı, həyətdəki gül kollarına yaxınlaşdı. Yaşıl kolların üstündəki ağ, çəhrayı, qırmızı, sarı güllərə xeyli baxdı. Hiss olunurdu ki, təzəcə qönçə tutmuş gülləri dərməyə əli gəlmir. Qoca fikrindən keçənləri astaca pıçıldamağa başladı:
- Necə qıyım sizə, necə dərim sizi qönçə-qönçə. Bu kolların qəlbini necə incidim, necə sındırım?
- Ay kişi, cəld ol, gecikirik axı!?
Qadının gözlərindəki bayaqkı o qəribə sevinc indi üzündə, dodaqlarında, elə səsində də görünməyə başlamışdı.

Səsə fikirdən ayrılan kişi əlindəki bağ qayçısını yerə atıb, güllərin yanında torpağa bərkidilmiş taxta oturacaqda əyləşdi. Əlləri əsə-əsə siqaret çıxarıb yandırdı. Məlul-məlul qadının üzünə baxdı. Qadın bayaqdan əlləri qoynunda qapıya söykənmişdi, ərinin “gedək!” söyləyəcəyini gözləyirdi. Kişi:
- Dünən bazardan aldıqlarını da götürdünmü?
Qadın gözlərini, çöhrəsini çulğamış o qəribə sevinclə, o qəribə təbəssümlə izahat verməyə başladı.
- Hə... Qırmızı atlas parçanı da, gül dəstəsini də, qırmızı ipək lenti də... hamısını götürdüm.
- Gərək süni gül almayaydın, onun nə iyi olacaq?!
- Yoox... indi hamı ad gününə süni gül bağlatdırır.
- Yaxşı, sən hazırlaş, mən də bu güllərdən yığım, gedək!
Qoca siqaretin kötüyünü yerə atıb, ayaqqabısının ucu ilə tapdaladı. Yaşına uyğun olmayan çevikliklə qayçını yerdən götürdü, gözəlliyi ilə göz oxşayan gülləri bir-bir dərib, oturacağın üstünə yığdı. Sonra onların artıq yarpaqlarını təmizləyib, böyük bir dəstə hazırladı. Dəstəni əlində neçə dəfə o tərəf-bu tərəfə çevirdi. İşindən məmnun adamlar kimi üzünü qadına tutub:
- Hə, necədi? Yəqin özü bu dəstəni görsə, sinəsinə sıxıb, bəsdi deyincə qoxlayar! - dedi və gülümsündü.
- İstəyirsən, qırmızı lent gətirim, bağla, lap gözəl görünsün!
- Hə, gətir, gətir!

Artıq o qəribə sevinc, qəribə təbəssüm qocaya da keçmiş, üz-gözünü bürümüşdü. Həvəslə həm bazardan aldıqları süni, həm də həyətdən topladıqları təbii gül dəstələrini qırmızı lentlərlə bəzədilər. Qadın hədiyyə olan çantanı, kişi isə gül dəstələrini götürüb, asta addımlarla həyətdən çıxdılar. Dinməz-söyləməz xeyli yol getdilər. Hərə öz aləmınə qapılmışdı. Bəzən öz-özunə gülümsəmələrindən, bəzən də, sadəcə, başlarını bulamalarından biss olunurdu ki, şirin xatirələri, ötən günləri yada düşüb.
- Yadına gəlir, bir yaşının tamamında ayaq tutub yeridi.
- Heç yadımdan çıxar? İlk addımını da elə mənə sarı atdı.
Kişi gülümsündü.
- Mənim ağzımcan hamı ona “Kişi bala” deyirdi. Day öz adın unutmuşdu. “Kişi bala” deyəndə dönərdi, baxardı, anlayardı ki, onu çağırırıq.
- Həə... - qadın da gülümsündü: -Yadına gəlir, bir dəfə bərk xəstələndim, məni xəstəxanaya qoyduz, müalicə olunmağa. Sən gəldin dedin ki, hər gün sənsiz ağlayır, amma sənin çarpayına qoyan kimi, balışını qoxlayıb yatır.
- Onda neçə yaşı vardı?
- 4 yaşı... Kişi, saata bax, birdən hamı toplaşar, biz gecikərik!
- Yox, əşşi, qohum-əqrəba bu tezliklə yığışmaz.
Yenə də susdular. Yenə də hər kəs öz aləminə qapıldı. Yanlarından ötənlərin salamına bəzən cavab verir, bəzən cavab verməkdə gecikir, bəzən salamı heç eşitmirdilər də.
- Hələ xeyli yol var! Gərək maşın çağıraydıq.
- Yox, belə yaxşıdı, söhbət yolu qısaldır.
Bu dəfə qadın həvəslə danışmağa başladı:
- Bir dəfə qonaq otağını təmizləyirdim. O da diqqətlə mənə baxırdı. Divanı, çarpayını səliqəyə saldıqca, görürdüm ki, öz-özünə nəsə danışıb, ləzzətlə gülür. Soruşdum: “Ana qurban, nə deyirsən, bərkdən de, mən də gülüm”. Nə cavab versə yaxşıdı? Dedi ki, “Ana, mən arvad alanda o çarpayıda yatacayıq, bəs uşaq olanda o harda yatacaq, divanda?”
Hər ikisi ucadan güldülər.
- Onda neçə yaşı vardı?
- Onda 2-ci sinifdə oxuyurdu. Kiçik toyu olanda qohum-əqrəba o qədər zarafatlaşmışdılar ki, bir bəftəyə-zada böyük toy eləyib, ona arvad alacaqlar. – Yenə güldülər.
- Bir gün gördüm ki, maşının başına hərlənir, sağına baxır, soluna baxır. Dedim, a bala, nə axtarırsan? Dili dolaşa-dolaşa qayıtdı ki, ay ata, qoy aparım maşını çaylaqda yuyum, yaman çirklənib. Düzü, maşın elə çirkli deyildi, amma dedim apar. Nə isə, günortadan yuyulmağa gedən maşın, bir də gecəyarı gəldi. Özü də yuyulmamış.
- Hara getmişdi ki?
- Əsgərlərlə hərbi hissəyə mərmi daşıyırmış! Özü boynuna almadı. Amma hissənin komandiri ilə təsadüfən rastlaşdıq, söhbət əsnasında dedi ki, sursat daşımaq üçün yük maşınımız çatmırdı. Çox sağ olsun, oğlun tez özünü çatdırdı. Sursatın yığılmasına da, daşınmasına da xeyli kömək etdi… Əziyyəti o çəkdi, təşəkkür mənə çatdı.
Kişi əlinin içi ilə alnından saçlarına qədər bir sığal çəkdi. Fəxr ilə dönüb arvadının üzünə baxdı və başını dik tutaraq addımlarını bir balaca yeyinlətdi.
- Kişi, yadına gəlir, bir dəfə evin böyrünə qoyduğun çəndən 100-150 litr dizel yanacağı yoxa çıxdı? Guya ki, axmışdı, - gülümsündü - səni hirsləndirməkçün elə dedik.
- Bəs onda yanacaq necə olmuşdu?
- Hə... o vaxt rayonu ermənilər işğal eləyəndə, çaşqınlıqdan əhali hara gedəcəyini, nə edəcəyini bilmirdi. Gəlib bizim kənddə, yolun kənarlarında çadırlar qurmuş, ağacların kölgəsində daldalanmışdılar. Oğlun da sənin o bir heylə yanacağını təmənnasız-fılansız paylamışdı ordakılara! Amma meyvə məsələsini sənə dedi, elədi?
- Hə... Allah erməniyə lənət eləsin, hər il bağımızdan, yalan olmasın, tonlarla nar, pırnıx, alma, armud yığıb satardıq. O ili də ağaclar yaman bar gətirmişdi, burun-budağı yerə dəyirdi. Gəldi ki, ay ata, kəndimizdəki hərbi hissəyə, bir də qonşu kənddəki hərbi hospitala bir az meyvə aparmaq istəyirəm. Mən də fikirləşdim ki, hər meyvədən uzaqbaşı 1-2 vedrə aparar (ikisi də gülürlər). Axşam işdən dönəndə nə görsəm yaxşıdı, bağa elə bil süpürgə çəkiblər. Sən demə kəndə nə qədər köçkün ailəsi pənah gətiribsə, onlara da meyvə payı gedib.
- Amma öz aramızdı, yaman əsəbiləşmişdin, üzə vurmadın.
- Özümü ələ aldım, amma bir az kinayəli soruşdum ki, a bala, meyvə yığdırmağa gətirdiyim 3 fəhlə meyvələri 2-3 günə dərib qurtarır, sən tək bunu bir günə necə qurtara bildin? Dedi: “Ay ata, narahat olma, əziyyət çəkmədim. Şakir, Maarif, Musa, Elşən kimi dostlar sağ olsun. Elə onlar kömək etdilər tez yığdıq, apardıq, bizə o qədər alqış elədilər ki”.
- Uşaq gördüyü işdən necə razı qalmışdısa, səsindəki o kinayəni də hiss eləmədi. Bir sevinirdi ki... Həm də inanmırdı ki, sən onun bir sözünü iki edəsən.
- Bilirsən mən niyə hirslənmişdim?
- Niyə?
- Fikrim vardı, meyvələrin puluna 5-6 qoyun alım, buraxım həyətə, qışa qədər kökəlsinlər. Allah qoysa, ya dekabrda, ya da yanvarda həyətimizdə gözəl bir toy vurduraq ona.
- Əşşi, sən də... Onda onun 23 yaşı vardı, heç o yaşda da uşaq evləndirərlər?
- Bura bax, ay arvad, evləndirməzdilərsə əgər, onda niyə o çamadanda, sandıqda boş yer qoymamışdın, hamısını doldurmuşdun? Gəlinə nə lazımdır alıb yığmışdın. Mən də istəyirdim də nəsə eləyim!
- Yaxşı-yaxşı, çoxunu mən yox, bacıları almışdılar. Hərəsi bir qız gözaltı eləmişdi qardaşına. Qardaşın heç fıkrin soruşan yox idi ki, a bəy, bu qızı bəyənirsən, ya yox! Böyük bacı gözaltı elədiyi qıza uyğun, balaca bacı isə öz gözaltı elədiyi qıza uyğun paltarlar, kostyumlar alırdılar (gülürlər).
- Heç “bəy” evdə tapılırdı ki, söz də soruşsunlar. Nə vaxt soraqlasaydıq, əsgərlərin yanında, mövqelərdə, səngərlərdə.
- Bura bax, bura bax, yadına gəlir, bir dəfə səngərə gedəndə, erməni gülləsi gödəkçəsini deşib keçmişdi? Şükür ki, dəyməmişdi.
- Hə, tez gedib bazardan bir qurbanlıq qoyun aldım. Fuğara babanın ocağında kəsmək üçün!
- Yadımdadı, səhər durub gördük ki, həmin qoyun ölüb! Qurbanlıq qoyun ölüb! Bu, görünməyən iş idi. Qonşu Gülxara, rəhmətlik bizə gəlmişdi, qurbanlığın öldüyünü bilən kimi “Allah, sən saxla” deyə-deyə, yemək yemədən, çay içmədən çıxıb getdi.
- Başımız söhbətə necə qarışıbsa, gəlib çatdığımızdan xəbərimiz olmadı.
- Deyəsən bizdən başqa heç kəs gəlməyib.
- Belə yaxşıdı. Balamızla ürəkdən qucaqlaşıb-görüşərik, istədiyimiz qədər söhbətləşərik, dərdimizi danışarıq.
- Gəl, bəlkə də bizi gözləməkdən yorulub, darıxıb! Anan ad gününə qurban!
- Odey, özü də göründü!

Qocaların gözündəki o qəribə, qeyri-adi sevinc elə bil bir az da artdı, aydınlaşdı. O aydınlığın içində fərəh, fəxr, həsrət, məyusluq, sevinc, kədər... hər şey, hər şey vardı.
Qarşıda isə lal sükuta qərq olmuş qəbiristanlıq görünürdü... Qırmızı lentlərlə, buket və əklillərlə bəzədilmiş hündür, qara mərmərdən həsrətlə yollara baxan çatmaqaşlı, iri ala gözlü bir oğlan boylanırdı...

Əntiqə RƏŞİD




Diaspora