Gecə yarıdan ötmüşdü.
Bir yandan qatı qaranlıq, o biri yandan payızın soyuq havası çöllərə, düzlərə sanki bir ölüm sükutu çökdürmüşdü. Uzaqdan gələn çaqqal ulaşması, arabir isə bayquşların çığırtıya bənzər vahiməli səsləri bu sükutu pozurdu. Yaxınlıqdakı kənddən də səs-səmir gəlmirdi. Yolçu yorğunluğunun təsirindən heç nəyin fərqində deyildi. Ürəyindən bir çay içərək, sübh açılana qədər yatmaq, dincəlmək keçirdi.Yorğun-yorğun evlərə tərəf addımladı. Ağzını açıb, “ay ev yiyəsi” deyə haraylamaq istədi. Qaranlıqda zorla seçilən evin mənzərəsi onun nitqini tutdu, “A” hərfi elə bil boğazına ilişdi. Bir neçə dəqiqə aramsız öskürdü. Udqunanda çeçəmişdi deyə, gözlərindən yaş da axmağa başladı. Yolçu birtəhər özünə gəlib, lap irəlilədi. O, nə vaxtsa yanıb kül olmuş balaca ala qapının dəmir çərçivəsindən keçib həyətə girdi. Ev bildiyi qaraltının yerində yarıya qədər yanmış, uçuq-sökük divarlar qalmışdı. Yolçu təəssüflə köksünü ötürdü.
Divarlar sanki yolçunun təəssüfünü duydu. Gələn qonağını kasıbçılıq üzündən könülsüz, utana-utana qarşılayan xəcalətli ev yiyəsi kimi məlul, məzlum bir görkəm aldı. Yolçu vaxtsız gəldiyi üçün üzrxahlıq edən qonaqlar kimi mərhəmətlə “ev yiyəsinə” baxdı. Sonra əli ilə mərhəmcəsinə divarlara bir sığal da çəkdi və gəldiyi kimi də geri döndü. Yorğun addımlarla yarıya qədər uçulmuş daha bir tikiliyə yaxınlaşdı. “Qəribədir, görəsən, burda bir salamat ev olmayacaq?” - fikirləşən Yolçu hasarın üstünə çıxdı. Ətrafa nəzər saldı. Qaranlıqda güclə də olsa, görünən mənzərə onu bayaqkından da çox kədərləndirdi. Qaraltılardan hiss olunurdu ki, buralarda damlı, kirəmitli bir ev yoxdu, bütün kənd ucuq-sökük divarlardan ibarətdi.
Yolçu peşman-peşman barının üstündən aşağı endi.
- “Görəsən mən hardayam? Axı bizim kəndimiz bu həndəvərdə olmalıydı! Doğrudanmı mən səhv gəlmişəm? Çox qəribə işdi. 10-12 ilə yolu unutdum? 50 il gedib-gəlmişəm, axı, yəqin zənnim məni azdırdı!? Axı cəmi 10-12 ildir gəlib-getmirəm! Bəlkə səhv gəlmişəm?” - Yolçu sualların arasında çaşıb qalmışdı. Səhv, ya düz gəldiyini dəqiqləşdirmək üçün bir nişanəyə, bir izə rast gəlmirdi. Burda hər şey bir-birinə bənzəyirdi, susuzluqdanmı, yoxsa yanğınlardanmı qupquru qurumuş ağaclar, yerlə-yeksan olmuş hasarlar, yarıya qədər yanıb-qaralmış evlər açmasız tapmacanı xatırladırdı. Qarşısına baxmadan, xəyal aləmində irəliləyən yolçunun ayağı qəfil nəyəsə ilişdi. Yolçu müvazinətini saxlaya bilməyib, kürəyi üstə tappıltı ilə yerə yıxıldı. Yer nəm idi. Yorğunluqdan yerdən qalxmaq istəmədi. Yaxınlıqdan, lap yaxınlıqdan gələn axar suyun buz kimi soyuq mehi yolçunun üzünə çırpıldı.
Yolçu mütəəssir oldu. Bu, necə də onların kəndindəki kəhrizin mehinə bənzəyirdi. Yolçu ani fikirdən qəfil qalxıb, dizi üstə durdu, meh gələn tərəfi dəqiqləşdirib, elə dizi üstdə də o tərəfə sürünməyə başladı. Əlini uzadıb buz kimi soyuq suyu ovcuna aldı. Əvvəlcə burnuna yaxınlaşdırdı, sonra dodaqlarına tərəf apardı. Suyu içə-içə fikirləşdi. - “Yox, yox, Allah eləməsin bu, bizim kənd olsun, bu, bizim kəhriz olsun.” - Amma suyu içib qurtaran kimi özündən asılı olmadan kəhrizin kənarlarına əlini sürtə-sürtə nəsə axtarmağa başladı. Birdən duruxdu. Sarsıldı. Kəndi ələk-vələk elədiyi dəqiqədən ürəyində bu xarabalığın onların kəndi olmaması üçün Allaha nə qədər yalvarmışdı. Amma indi kəhrizin kənarlarına neçə onilliklərdi səliqə ilə qoyulmuş iri, yastı və tilişkəli ağ daşlar Yolçunun əlinin altında idi. Diqqətlə baxmış olsaydı, bəlkə də ağ daşları elə o andaca seçərdi. Yolçu iki hissin arasında süst qalmışdı. Bilmirdi sevinsin, yoxsa kədərlənsin?
Kəhriz əzizi ölmüşlər kimi, susmuşdu, elə bil yas saxlayırdı. Başsağlığına gəlmiş Yolçu isə təsəlliyə söz tapa bilmirdi. Dizləri üstdə durmaqdan bir az da yorulan Yolçu yerə çökdü, qıçlarını qucaqlayaraq xəyallara daldı. O vaxt kəhrizə balası kimi qayğı göstərən sonsuz qarı - Həlimə nənə özü bu daşı bura qoydurmuşdu ki, qız-gəlinlər rahatlıqla su doldursun, pal-paltar yusun. Kimin hünəri vardı yuduğu yunun, qırılan qabın qırıntısını suya ataydı, onu çirkləndirəydi. Elə bil ki, Həlimə nənə təhqir olunub. Səsi-küyü dünyanı başına götürərdi. Qocalar deyirdilər ki, bu kəhrizləri onun babaları çəkdirmişdilər. Həlimə nənə də bala əvəzi onları əzizlərdi.
Yolçu xəyaldan ayrıldı. Qəhər boğazını alışdırırdı. Daha heç nə fikirləşə bilmirdi. Qəflətən ayağa qalxdı. Yorğunluğunu unudub, “Kəhrizin təpəsi” deyilən təpəni sürətlə qalxmağa başladı. Daş-kəsək əl-ayağına ilişir, yıxılır, üz-gözü, dizləri sıyrılır, qalxır, yenə də yoluna davam edirdi. Elə tələsik gedirdi ki, bir az geciksə, addımını bir az ləng atsa, sanki dəhşətli bir hadisə baş verər. Yolçu bir neçə xarabanın yanından ötüb, özünü bir həyətə saldı. “Əgər bu kənd mənim kəndimdirsə, bu həyətli ev də mənim olmalıdır”. - Evin salamat hissəsinə yaxınlaşdı! Bünövrədən xeyli hündür yeri əli ilə yoxladı. O vaxt - o xoşbəxt günlərində bu evi tikdirərkən, ağ mişar daşının üstünə həkk etdiyi “1970” rəqəminə toxundu. Yolçu yerində dondu, xeyli vaxt nə tərpənə, nə də bir söz deyə bildi. Dizi üstə çöküb alnını, sifətini rəqəmlərə sürtdü. Donu açıldıqca, nəyin nə olduğunu anladıqca əvvəl sızıltılı səslə, sonra hıçqırıqla, daha sonra hönkürtü ilə ağlamağa başladı. Yolçu elə fəryadla, elə dəhşətlə ağlayırdı ki, çaqqallar da, bayquşlar da qorxduqlarındanmı, ya ürpəndiklərindənmi səslərini içlərinə saldılar.
“Ayağım tutmayaydı, kaş gəlməyəydim, gözlərim kor olaydı, kaş görməyəydim. Ölüm istəyirəm, Allah, kaş öləydim, kaş öləydim”. - Qəhər boğazını göynətsə də, Yolçu ağı deyir, dizin-dizin evin başına fırlanır, bəzən də salamat qalmış yerləri aramsız öpüşlərə qərq edir və yenidən hönkürürdü.
Yolçu axırıncı dəfə tükürpədici bir qiyyə çəkib, susdu. Neçə saat ağladığını, neçə saat gözlərini bir nöqtəyə zilləyib, qaldığını kəsdirə bilmədi. Yorulmuşdu. Heç vaxt belə ağlamamışdı. Ata-anası rəhmətə gedəndə də, yeganə və nakam oğlu həlak olanda da ağlamışdı, amma belə yox.
Yolçu heysiz-heysiz, aciz-aciz, üzüstə susuzluqdanmı, yoxsa payızın gəlməsindənmi saralıb, qurumuş otların üstünə uzandı. Otların rəngi qaranlıqda bilinməsə də, xışıltısı, xüsusi qoxusu Yolçunun sanki ciyərlərinə hopdu.
Kəndə girəndən ilk dəfə idi ki, yolçu dərindən nəfəs aldı, yerini rahatladı. Otların qoxusu, qurumuş yarpaqların zəif pıçıltını andıran səsi Yolçunu neçə illər əvvələ apardı.
Onda yay təzə gəlmişdi. İndi kökünə qədər qurumuş bu böyük tut ağacının altında stol-stul, bir az aralıda isə pıqhapıqla qaynayan gümüşü samovar qoyulmuşdu. Ailə - ata, ana, bacılar və qardaş bir yerə yığılaraq, nahar edirdi. Gülə-gülə, danışa-danışa, xüsusi bir sevinclə...
Yolçu min cür zəhmətlə, əllərinin qabarı ilə sanki cənnətin bir parçasını bu həyətə yerləşdirmişdi. Geniş və səliqəli həyət daş hasara alınmış, hasarın dibi ilə əkilmiş çiçək və gül kolları, çox da böyük olmayan üzüm çardağı və başı az qala göyə dəyən tut ağacı həyətə naxış kimi bəzək verirdi. Ağacların gövdəsinin, gül kollarının ətrafına düzülən daşların əhənglə ağardılması, həyəti lap sanatoriya bağına oxşadırdı. Bu rəngarəngliyin, gözəlliyin içindən müxtəlif quşların, xüsusən də bülbüllərin cəh-cəhi heç kəsilməzdi. Hələ həyətdən keçən arxa su gələndə bu gözəlliyə bir gözəllik də əlavə olunurdu. Bu həyəti görənlər onu “behişt bağı”na bənzədərdilər. Yolçu da qonaqların tərifindən uşaq kimi sevinərdi. Elə bil tərif həyətə deyil, ona deyilirdi. Ona görə də ailə nə vaxt həyətdə nahar etsəydi, həmin gün hamının ovqatı xoş olardı.
Yolçu xəyallara o qədər aludə olmuşdu ki, gözüyumulu dediyi “Cənnətdi, vallah, cənnət” kəlməsinə özü diksindi. Heyfsiləndi. Ancaq özü də bilmədi, nəyə heyfsilənir: qədrini bilmədiyi ötən və bir daha geri dönməyəcək günlərəmi, yoxsa o “cənnət”dən qalan xarabazaramı, ya heç nəyi dəyişə bilməyəcəyinəmi, aciz olduğunamı...
Yerində qurcalandı, dincəlməyə hövsələsi gəlmədi. Kədərin, qüssənin təsirindən yumağa dönmüş Yolçu ayağa durdu. Üst-başını çırpıb, heç olmasa bir həmkəndlisini tapmaq ümidi ilə cığırı, yolu itmiş kəndin içərilərinə doğru addımladı. Yolçunun tez-tez ayağı ilişir, yıxılır, ufuldaya-ufuldaya qalxıb, yenə yoluna davam edirdi. Xarabaya dönmüş həyətlərin yanından ötdükcə ayaq saxlayır, başını bulayır, sonra isə öz-özü ilə söhbətə başlayırdı: “Bu ev - həyət qarovulçu Musanındı. Gözünü açandan zülm-zillətlə tikib-qurmuşdu. Yazıq, indi görsə, ürəyi partlayar. Eh, heç mənim ürəyim partlamadı. İnsanın üzü möhkəm olur. Nətəhər deyirlər onu, insan idim, dözdüm, dağ olsaydım, əriyərdim”. Hə, ay Musa, yaxşı ki, sən görmürsən bu xarabazarı...
Yolçu hər xarabalıq yanından ötdükcə, ayaq saxlayır, sanki əzizi ölənə başsağlığı verirmiş kimi dərin sükuta dalır, təsəlli üçün söz tapa bilmir və yenidən irəliləyirdi.
Yolçu yenə öz aləmindəydi. Özünü, harda olduğunu unutmuşdu. Kənardan baxan elə bilərdi ki, Yolçunun yanında bir neçə adam var və onlar söhbətləşirlər. Əslində Yolçu doğrudan da danışırdı. “ Bu Musa çox qəribə adamıydı. Hələ heç kəs bu kişinin bircə dəfə də olsa, astadan danışdığının şahidi olmamışdı. Gənc yaşlarından kolxozda qarovulçuluq edər, tarlaları mal-qaradan qoruyardı. Qışqırmaq bir növü onun sənəti idi. Musa həyətində danışanda, məhlədəki qazlar - taxıl zəmisinin qənimləri pərən-pərən düşərdilər. Eh, nəinki heyvanlar, elə uşaqlar da onun səsindən çox çəkinərdilər. Pambıq yığımı bitməmiş, cəsarətin çatır sahədən qoza qopar. Musanın səsi kəndi başına götürərdi. O dəqiqə hamı bilərdi ki, qoza oğrusu tutulub, Musa tərəfindən cəzalandırılır. Əslində o çığır-bağırdan sonra heç cəza lazım deyildi. Amma Musanın axırıncı “bir də səni buralarda görmüyüm, köpəyoğlu! “ tapşırığından sonra, çətin ki, o uşaq bir müddət Musanın gözünə görünsün. “Ayə, bir torba qozadan ötrü uşağın üstünə heylə qışqırmazlar axı, ay Musa” - deyə onu qınayanlara Musanın cavabı kəsə olardı:
- Yox, ə, mən gözümü yumum, hərə bir torba aparsın. Ə, bəs hökumətə nə verək?
Musadan inciyənlər olsa da, haqq üçün öz işinə məsuliyyətlə yanaşan adamıydı. Etibarlı idi.
Bu da təlifçi Zülfüqarın evi... Bu kişini həmişə at helində görməyə öyrəşmişdik. Adama elə gəlirdi ki, Zülfüqar dünyaya elə atla bərabər gəlib. Dünyadan köçənə qədər heç kəs onu atsız görmədi. Təlifçi Zülfüqarın kənddə xüsusi hörməti vardı. Hər görünəndə bir xeyir işdən xəbər verirdi. Tərs kimi bunda da səs vardı, ha!! “Ay ev yiyəsi, ay ev yiyəsi, ay bala, dədənə deyərsən, Mürşüd müəllim sizi qızının parça biçdisinə (qız toyuna) çağırır, savağa, Məhərrəm kişi oğlunun toyuna çağırır, bürüyünə Allah xeyir versin, subaylarınızdan görəsiniz!” Təlifçi məşhur “kəlam”larını deyən kimi də atını çapıb, gözdən itərdi. Kənd əhli də başlayardı yavaş-yavaş sabaha hazırlaşmağa, əyin-baş düzəltməyə...
Zülfüqarın kəndin aralıqlarında görünməsi sevinməyə bir işarə idi. Elə ona görə də camaat təlifçini çox sevər, qalifeyi şalvarı, buxara papağı qırmancı və bir də qızılı rəngli atı təkcə ona yaraşdırardılar. Onun geyimində bir nəfər kəndə qonaq gəlsəydi, bəlkə də camaat ona birtəhər baxardı.
Hə, kəndin bir Molla Zülfüqarı da var axı... Yetmişi çoxdan haqlasa da, bu ağbəniz, qırmızıyanaq kişini çox da xoşlamazdılar. Molla Zülfüqar ölü götürüləndə, ölüyə yasin oxutdurulanda axtarılardı. Bəlkə də adı matəmlə sıx bağlı olduğu üçün kənd əhli onu görəndə təlifçini gördükləri qədər sevinməzdilər. Camaatın da qəribə xasiyyətləri vardı.
Amma əslində molla çox sadəlövh insan idi. Bütün mollalar kimi, bir balaca da tamahkar idi. Bunu onun yanına “Yasin” oxutdurmağa gedənlər söyləyirdilər. Bir gün biri gedir Molla Zülfüqarın yanına ki, bəs, dədəm üçün yasin oxu! Molla Quran kitabını alır əlinə, başlayır ədəb-ərkanla oxumağa: “Bismillahir rəhmanir- rəhim...” Surə oxudan tələsirmiş, əlindəki pulu mollanın döş cibinə basıb getmək istəyəndə, molla avazını pozmadan “Əlhəmdülillahir-rəbbilaləmin bu cibim cırıqdı, bu cibimə qoy, Ərrəhmanir-irrəhim...” Bizim molla belə mollaydı.
Qarabağda bəlkə də ən bəzəkcil, baməzə, hazırcavab kəndlərdən birincisi bizim kənd, daha doğrusu, bizim camaatımız idi. Kənddə elə kişi yox idi ki, onun adının qarşısında bir ləqəb olmasın, ya da ona bir lətifə qoşulmasın. Aşqal İsa, Xaşal Şura, Kürd Əvəz, Naqan Yusif, Kerno Kamal, Kino Musa, Keçəl Ənvər, Gödək Ənvər, Uzun Məhərrəm... Bəzən qadınlar haqqında da lətifələr yaranırdı. Deyirlər, rəhmətlik Xeyransa arvad qızı ilə sudan gəlirmiş. Görürlər ki, lafetlə bir, necə deyərlər, qarlı təpə kimi ot tayası yığılıb, bunların aralığına tərəf gəlir. Xeyrənsa arvad deyir:
- Booy, görən hansı bəxtəvərindi? Gör, nə qədər pulu varıymış ki, bir belə otu alıb, qapısına tökdürür, yarımış!
Qızı Şəkər cavab verir ki, ay nənə, niyə heylə deyirsən? Otu qardaşım Kamil alıb, eyy!
Xeyransa arvad pərt olsa da, özünü itirmir:
- Can-can, nənən ölsün ay Kamil, elə bucığaz! - deyir.
Yolçu gülümsündü. Qurumuş çubuqların ayağı altında sınaraq, səs çıxartması, Yolçunu aləmindən ayırdı. Harda olduğunu anlayıb, dərindən bir “ah” çəkdi. Özündən bixəbər, gəzə-gəzə gəlib kəndin kənarına çıxmışdı. Bunu qarşısındakı geniş çöllükdən duydu. Hə, bura Əppəkli dərədi. Vaxtilə qarovulçu Musanın üstündə əsim-əsim əsdiyi bərəkətli tarlalar, zəmilər buralardaydı.
Yolçu bir az da irəliləyib çaylağa çatdı. Çaylaqdan su səsi, su şırıltısı kəsilmişdi. Amma vaxt vardı, yaz gələndə vurda qız-gəlin əlindən tərpənmək olmazdı. Palaz-paltar yuyan kim, iri torbalara yığılmış yunu ağacla döyən kim, xəlı-gəbəni çay daşlarının üzərində süpürgələyən kim... Qız-gəlinin gülüşlərindən, qəh-qəhəsindən qulaq tutulardı. Həmin gün böyüklərin nəzarətindən kənarda qalmış, bir az da ərköyünləşmiş uşaqlar üçün lap bayram olardı. Yumağa, təmizləməyə başı qarışmış analarının gözündən yayındıqları üçün elə şad olardılar ki... Çayın dayaz yerində çiləşən, çimişən sevincə bələnmiş bu uşaqlara suyla oynamaq o qədər ləzzət edərdi ki, bədənləri, xüsusən də dodaqları göm-göy göyərsə də, sudan çıxmağı ağıllarına da gətirməzdilər. Çayın kənarında günortanın tez gəlməsini də ən çox arzulayan uşaqlar olardı. Günorta - nahar vaxtı, qadınlar yuyulmağa gətirilmiş palazlardan bir neçəsini yerə döşəyər, sonra uşaqlı-böyüklü hamı palazın üzərinə salınmış süfrənin başına yığılardı. Kimin boğçasında nə vardı, ortaya qoyulardı. Şirin-şirin, deyə-gülə naharı başa vuran qız-gəlin bir az dincəldikdən sonra yenidən öz işlərinə başlayar, axşama qədər yorulmaq bilmədən yuyub-təmizləyərdilər. İşini tez qurtaranlar o birilərinə də kömək edərdi. Axşama yaxın kəndin kişilərindən kimisi traktorla, kimisi maşınla, kimisi araba ilə gələr, çaylaqdakıları evə aparardılar. Lafetlərdə, arabalarda evə dönən qız-gəlinin qəh-qəhələri, gülüşləri, hay-küyləri, uşaqların sevincdən ucalan çığırtıları kəndin obasına gedib çatardı. İndi yatağı bir ovuc suya möhtac bu çay, görəsən o günlər üçün heç darıxmayıbmı?
Səssizlikdən qulaq tutulurdu. Yolçu tikan-qanqalın arasından əziyyətlə keçib, çaylağa tərəf addımladı. Gözünə inanmadı. Xeyli aralıda tonqal qalanmışdı. Yolçu sevindi. ”Hər kimdisə, bizim kəndin adamı olar”. Ani fikirdən ürəyi çırpındı. Tikanlığa, çayın kənarında özbaşına bitmiş nar kollarına ilişə-ilişə tonqala tərəf qaçmağa başladı. Yolçu elə tələsik qaçırdı ki, elə bil bir az geciksə, tonqalı tapa bilməyəcəkdi. Tövşüməyinə, ürəyinin aramsız döyünməyinə baxmayaraq, irəliləyən Yolçu axır ki, tonqala yaxınlaşdı. Ocağın güclü işığında ətrafdakıların əsgər olduğunu başa düşdü. Bir az da yaxınlaşanda onları lap dəqiq tanıdı”. Bunlar ki, bizim kəndin uşaqlarıdı. Zabil, Bayram, Ələkbər, Abbas, Yalçın, Səxavət, Məharət, Nəriman kəndin əsgər oğullarının əksəriyyəti burda idi. Yolçu neçə illərdi, bu uşaqları görmürdü deyə, hamısı ilə bir-bir qucaqlaşıb görüşdü.
- Burada neynirsiniz, ay uşaqlar?
- Kəndin keşiyini çəkirik, əmi! Bizim indi işimiz budu!
- Gecənin bu vədəsində niyə dincəlmirsiniz? Axı kənddə heç kim yoxdu ki, ona keşik çəkəsiniz!
- Yox, ay əmi, indi gecə deyil, lap gün günortadır. Amma çoxdan burda gün çıxmır. Odur ki, hər tərəf beləcə qaranlığa qərq olub. - Bu sözləri fikirli-fikirli, gözlərini ocağa zilləmiş Zabil dedi.
- Kəndi qaranlıqdan qoruyuruq! - bunu isə əlindəki avtomatı parça ilə silən Bayram astadan dedi.
Yolçu başı ilə onların dediyini təsdiqlədi. Neçə saatdır kəndi gəzmişdi, qarşısına kimsə çıxmamışdı, bir qatı qaranlıqdan başqa...
- A bala, orda - əlini qeyri-müəyyən səmtə uzadaraq - hər tərəf işıqlıdı. Gəlsənə, gedəyin ora, dincəlin, rahatlanın, yolunuzu gözləyənlərlə, sizdən ötrü darıxanlarla görüşün, sonra gələrsiz... Gün də nə vaxt çıxır, çıxsın...
Əsgərlər təəccüblə bir-birinə baxdılar. Yəqin ki, Yolçudan belə təklif gözləmirdilər. Yalçın əsəbi halda ayağa qalxdı. Hikkəsindən nə edəcəyini bilməyib, eyni tövrlə də aşağı oturdu. Oturan kimi yumruğunu zərblə yerə çırpdı:
- Biz burda qalmalıyıq, bu, bizim borcumuzdu. Bu kənd bizə əmanətdi, əmi, biz onu yiyəsiz qoyub gedə bilmərik! Neçə illərdi keşikdəyik, işıq üzü görmürük, amma ümidimizi də üzmürük. Kəndimizə gün doğacağı günü gözləyirik. O gün nə vaxtsa gələcək! Bax, biz onda dincələcəyik, onda rahat olacağıq! İndi isə bizim yerimiz bu tikanlıq, bax, bu dağın-daşın, bu torpağın üstüdür.
- Əmi, bu kənd mənə atamdan da, anamdan da, bacı-qardaşımdan da əzizdir. Mən onlarsız ölmərəm, çünki insan ömrü boyu əzizlərini itirə-itirə həyatı başa vurur. Amma kəndimizsiz yaşaya bilmərəm, məhv olaram. Ölməmək üçün bu əziz yeri seçdim. Görürsən ki, ölməmişəm. Hələ keşikdəyəm. - Səxavət bu sözləri deyib, susdu. Fikrindən Allah bilir nələr keçdi. Və həmişə hamını valeh edən səsi ilə “Qarabağ şikəstəsi” ni yanıqlı-yanıqlı oxumağa başladı. Əsgərlərin hamısının gözləri həm kədərli, həm də yaşlı idi. Hamısı susmuşdu. Yolçu bu sonsuz kədərin, gözlərə dolan o yaşın içində elə bir məhəbbət, elə bir sevgi gördü ki, qeyri-ixtiyari özünün də gözləri doldu. “Görəsən, o işıqlı yerlərdə ömür sürən soydaşlarımızın gözlərində belə bir ilahi sevgi vardımı?” - ağlına gələn bu ani suala cavab tapmaq üçün yaddaşını varaqlamağa başladı. Və məyus oldu. Çünki oradakıların gündəlik yaşam qayğıları, qazanc, dolanışıq problemləri o ilahi sevgini kölgədə qoyurdu.
Yolçu da susdu. Öz aləminə qapıldı. “Qeyrətinizə özüm qurban, ay etibarlı oğullar! Bizim kimi canınızı sevmədiniz, kəndinizi sevdiniz! Canınızı qorumursunuz, kəndinizi qoruyursunuz! Sizin qeyrətinizə özüm qurban” – sözləri dönə-dönə ürəyindən keçsə də, dilinə gətirmədi.
Yolçu yaman yorulmuşdu. Elə bil kirpiklərindən daş asılmışdı. Qınayan olmasaydı, torpağın üstünə uzanıb, yatardı. Başını qaldırıb əsgərlərə tərəf baxdı. Onların yatmaq fikrində olmadığını, ancaq kədərlə uzaqlara baxdıqlarını sezdi. Elə bil kimi isə həsrətlə gözləyirdilər. Yolçu gözünü onlar baxan səmtə zillədi. Deyəsən, kiprikləri artıq sözünə baxmırdı. Özündən asılı olmadan yavaş-yavaş mürgüləməyə başladı...
Yolçu nə qədər yatdığından özünün də xəbəri yox idi. Ancaq hiss edirdi ki, kimsə lap yaxınlıqda, lap qulağının dibində onu səsləyir, onu haraylayır. Yaxınlıqdan gələn qarmaqarışıq səsləri aydınlaşdıra bilməsə belə, gözünü açmağa da utanırdı. Keşikdəki əsgərlərin ona qınayıcı nəzərlərlə baxaraq “yamanda keşik çəkdin ha...” deyəcəklərindən qorxurdu. Odur ki, kirpiyini bir-birinə bərk-bərk sıxmağa çalışdı. İsrarlı bir səs isə “gözünü aç, gözünü aç, mənə bax, oyan, oyan!” deyə təkrarlayırdı. Yolçu səsin yiyəsinin hansısa əsgər olduğunu və yatdığı üçün onu bağışladığını düşünərək sevincək gözlərini açdı. Ozünü, divarları, tavanı, pəncərələri, hətta adamları ağa bürünmüş bir otaqda, çarpayının üstündə gördü. Ağ geyimli adamın biri ağzına bağladığı ağ parçanı əli ilə aşağı endirib, “Allaha şükür, gözünü açdı” - dedi. O biri ağ geyimlilər də ağızlarına bağladıqları parçanı açıb, astadan söhbət etməyə başladılar. Yolçu heç nə anlamırdı. Bəs, əsgərlər, doğma kəndi, kəndin balaları hara getdilər?
Kimsə onu başa salmalıydı. Axı, nə baş verib? Bir xeyli gözlədi. Ağ dəsmalla onun tərini silən, ağ geyimli qadından başqa daha heç kəs onunla maraqlanmırdı. Qadın işini bitirib, kənara çəkildi. Otaqdakı ağ geyimli adamlar yavaş-yavaş seyrəlirdilər. Bir azdan otaq tamamilə boşaldı. Yolçu darıxmağa başladı. Gözlərini geniş açıb ətrafa nəzər saldı. Gözü təsadüfən pəncərənin ağ pərdəsinin yanından içəri düşən gün işığına ilişdi. İndi anladı. O, işıqlı dünyaya gəlib çıxıb. İçindən ağrıqarışıq bir təəssüf keçdi. “Heyf! Kim gətirdi məni bura? Əsgərlər də elə biləcək ki, mən onları qoyub, qaçmışam”. Əsəbiləşdi. Gözlərinə qatı bir duman çökdü. Gözləri qeyri-ixtiyari yumulmağa başladı.
Artıq bir aydan da çox idi ki, həkim Yolçunu evə yazmışdı. Yolçu bu bir ayda xeyli yaxşılaşsa da, həm arvadı, həm uşaqları onun xasiyyətinin günbəgün dəyişdiyinin şahidi olurdular. Heç kəslə danışmır, evə gələn qonaqları laqeyd nəzərlərlə süzür, həkimləri görəndə isə dodağının altında deyinməyə başlayırdı. Yolçu hərdənbir üzünü evdəkilərə tutub, nəsə soruşanda hamının əli üzündə qalırdı.
Son zamanlar isə Yolçunun arvadı ərinin havalanacağından, dəli olacağından bərk qorxuya düşməyə başlamışdı. “Görəsən, qarovuldakı əsgərlər dincəlmədi ki? Çaylağın gözünün yaşı quruyub! Tonqalı sönməyə qoymayın! Halal olsun sizə, ay etibarlı oğullar! Gəlib siznən bərabər mən də qarovul çəkəcəm!” Bəzən öz-özünə danışmağı bir yana, yersiz-yersiz gülümsəməyi də arvadın canına vəlvələ salırdı.
“Axır əməlimizdi. Bu da başımıza gələcəydi? Ay Allah, sən özün bizləri töhmət yeri eləmə!”
Günlər beləcə bir-birini əvəz edirdi. Yolçu huyundan-hərəkətinden əl çəkməkdənsə, qəribə xasiyyətlərinin sayını daha da artırmışdı. Son vaxtlar artıq özündən başqa heç kimlə danışmırdı. Özü də elə şövqlə, elə həvəslə, elə ucadan danışırdı ki... Nə qonşuların müəmmalı baxışlarını, nə də üzlərindəki istehzanı vecinə alırdı. Yolçunu daha çox uşaqlar izləyirdi. O, danışmağa başlayan kimi məhlədəki uşaqların hamısı qarğı çəpərin kənarına yığışır, mənasını anlamadıqları, rabitəsiz sözlərə ürəkdən gülürdülər. Bunu görən həm Yolçunun arvadı, həm də qızları xəcalət çəkir, camaat arasına az-az çıxmağa çalışırdılar. Artıq qaçqın şəhərciyində elə çadır-ev yox idi ki, orda Yolçunun qəribə hərəkətləri, qəribə sözləri müzakirə olunmasın. Yolçu isə özündən bixəbər, hər gün özü ilə dialoqunu bir az artırırdı. Bir gün isə dan yeri sökülməmiş, yuxudan duran Yolçu ilk dəfə arvadına müraciət etdi:
- Az, dur, əynini geyin, sənnən işim var.
Ərinin ilk dəfə normal adam kimi danışdığını eşidən qadın, cəld qalxıb yerin içində oturdu. Sevinən kimi oldu. Gözlərini geniş açıb, onu dinləməyə hazır olduğunu bildirdi. Dar macalda Allaha da şükür etdi ki, nə yaxşı kişinin ağlı başına gəldi. Yoxsa, el içində tamam biabır olmuşdular. Amma ərinin elə ilk kəlməsindən qadının bütün ümidləri cilik-cilik oldu.
- Mən getməliyəm, arvad, məni orda gözləyirlər! İndi elə bilirlər ki, mən qorxumdan qaçmışam! Çətinliyə dözə bilməmişəm. Qarovul çəkmək əlimdən gəlmir! Ayıbdı, vallah, ayıbdı! Mən burda rahat yatıb, dincəlirəm, onlar orda dinclik bilmədən, kəndi qaranlıqdan qoruyurlar.
Arvad çaş-baş qalmışdı. Heç nə anlamırdı, deyə sual verməli oldu:
- Hara gedirsən, kim qarovul çəkir, nəyin qarovulun çəkirlər?
- Əşi, sən nə anlamaz adamsan? Bizim kəndimizin qarovulunu çəkirlər də... kəndimizin uşaqları... Özü də sizin “öldü” bildiyiniz uşaqlar... Bax, bu dəqiqə tonqalın başına yığışıb, yəqin ki, mənim qaçdığımdan danışırlar. Mən də gedib, onlar kimi kənddə qalacağam.
Qadın söhbətdən heç nə anlamayacağını dərk etdiyindən susdu. Çünki çoxdan qətiləşdirmişdi ki, əri havalanıb. Odur ki, susmaqla, ərinin sözləri ilə guya ki, razılığını bildirirdi. Amma əslində neçə gün bundan əvvəl yaxın qonşusunun məsləhətinə qulaq asmadığının peşmançılığını çəkirdi. Qonşu ona: “Ay qonşu, el-aləm görür ki, sənin ərin əməlli-başlı başını itirib. Gizlətməyin yeri yoxdu. Sən, gəl, tez bir zamanda onu dəlixanaya qoy, həm heç kəsə ziyanlıq eləməsin, həm də yazıqdı, bəlkə sağaldı”. Qadın fikrə getdi. Nə qərara gəldisə, dönüb saata baxdı. Saat 10-a işləyirdi. Yolçu hələ də danışırdı. Hər sözü bəlkə dəfələrlə təkrarlayır, harasa gedəcəyinə haqq qazandırmağa çalışırdı. Qadın çarpayının baş tərəfinə sərdiyi yaylığı qapıb, cəld qapıdan çıxdı. Yolçu da hər şeyin öz qaydasına düşdüyünü fikirləşib, rahatlıqla dərindən nəfəs aldı. Artıq gözləməyin yersiz olduğunu düşünən Yolçu da evdən çıxdı.
Gün günortanı ötmüşdu. Göydən sanki od tökülürdü. Yolçu piyada gəldıyi yolu təxminən hesabladı - 30 kilometr olardı, ya olmazdı. Alnından, kürəyindən axan tər əynindəki nimdaş və bozarmış paltarları bədəninə yapışdırmış, pırtlaşıq saçları toz içində idi. Sərhədə çatmağa lap az qalmışdı. Bir azdan əzizlərinə qovuşacaq, doğma kəndinə yetişəcəkdi. Gülümsündü. Yorğunluq vücudunu sarsa da, xoş xəyallar aləmində özünü hədsiz xoşbəxt hesab edən Yolçu yola düzəlməmişdən əvvəl arxaya döndü. Bir daha dönməyəcəyi yerlərə sonuncu dəfə bir nəzər yetirdi. Birdən uzaqlardan Yolçunun yanına qədər gəlib çatan maşın siqnalının səsi onun diqqətini cəlb etdi. Yolçu əlini gözünün üstünə qoyub, kölgəlik etdi və o səmtə boylandı. Maşın düz Yolçunun üstünə gəlirdi. Yolçu ətrafına baxdı. Burda ondan başqa heç kim yox idi. “Bəs, onda bu xəstə maşını kim üçün gəlir?”
Maşın yaxınlaşıb dayandı. İçindən bir neçə nəfər ağ paltarlı adam düşüb, Yolçuya tərəf qaçmağa başladılar. Bu, “Təcili Yardım” maşını idi.
Əntiqə RƏŞİD