Şeyx Əbdül Mahmudov: “Epizod təcili çıxarılmalıdır, yoxsa…”
Elməddin Cəfərov: “Təhqirlə pul qazana biləcəyik?”İlham Qasımov: “Qarabağ atıdır” deyib, üzərinə atıldığı adam təsadüfdən ağdamlı olur…”
Bu günlərdə yenicə ekranlara çıxan “Tayson” filmi qalmaqala səbəb olub. Belə ki, filmdəki kiçik bir epizod sosial şəbəkələrdə yayılaraq izləyicilər, xüsusən də ağdamlılar tərəfindən tənqid olunub. Bəzilərinin iddialarına görə, filmdə ağdamlılar təhqir edilib.
Qeyd edək ki, adıçəkilən epizodda filmin baş qəhrəmanı Ramiz bir iranlı şəxsin üstünə hücum edərək, “Qarabağ atıdır” deyib, onun belinə minir. Həmin şəxs isə “Baba, bu hardan bildi ki, mən ağdamlıyam” deyir.
Məsələ ilə bağlı ziyalılar da öz sərt reaksiyasını bildirib. Muğam ifaçısı, əslən ağdamlı olan Elnur Zeynalov qeyd edib: “Eziz dostlar və dostluğumda olan ağdamlılar... Son vaxtlar ağdamlılar haqqında deyilən sözləri yalandan qoşulan lətiifələri yəqin ki, bilirsiniz. Bu azmış kimi son günlər “Tayson” adlı filim çəkilib və reklamı gedir, efirlərdə. Yenə də Ağdam haqqında kiçicik və ssenaristin, rejissorun səviyyəsinə uyğun bir epizod salıblar. Bu da mənə bir ağdamlı kimi pis təsir edir. Nə istəyirlər bizdən, nə veriblər ki, ala bilmirlər?”
Siyasətçi Nəsimi Məmmədli isə həmin süjeti olduqca qərəzli, zərərli, kobud səhv hesab etdiyini və şiddətlə qınadığını bildirib: “Əgər bu səhv düşünülmədən edilibsə mütləq düzəltmək lazımdır. Yox əgər qəsdən edilibsə, o zaman arxasındakı pis niyyət və çirkli məqsəd sahiblərinin verdiyi mesaj çox təhqiramizdir. Ölkəmizin çağdaş döyüş tarixinin gerçək qəhrəmanlıq səhifəsini yazan insanlar arasında hər 100 nəfərdən ən azı 30 nəfəri ağdamlı olub. Elə bir ağdamlı ailəsi yoxdur ki, onlardan bir nəfər də olsun, düşmənlə döyüşməsin, veteran, qazi və ya şəhid olmasın. Bu ölkənin elmi və yaradıcı ictimaiyyətində, mədəniyyət və incəsənət sahəsində, hərbisində və digər sahələrində bu gün də kifayət qədər ləyaqətli ağdamlı var. Ölkəmizin hər bir bölgəsinin yaxşısı və pisi olduğu kimi, ağdamlılar arasında da hər tip insanların olması istisna deyil. Heç bir halda bir rayonun adını ümumi şəkildə çəkərək, onları aşağılamaq yolverilməzdir. Ziyalısı təmkinlə etiraz etsə də, dəliqanlı gəncləri çılğın etiraz edə bilər və bu, çoxlarına zərər verər. Bu süjet yəqin ki, hər bir ağdamlını narahat edəcək və öz sosial statusuna uyğun reaksiya verəcək”.
“O süjet konkret olaraq ağdamlılar üçün təhqirdir”. Bu sözləri isə tanınmış rejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov musavat.com-a açıqlamasında bildirib.
Rejissor adıçəkilən süjetin təcili filmdən çıxarılmasını tələb edib: “O epizodu o cür filmə salmağın nə yeri, nə marağı var? Bu, təhqirdir. Ağdamlılar yaxşıdırlar ki, hələ gedib onların başlarını “partlatmayıblar”. Filmi çəkənlərə demək lazımdır ki, özlərini yığışdırsınlar. Onsuz da ermənilər qədərincə Azərbaycan torpağını, arxivini, milli-mənəvi dəyərini, elmini, sənətini, bir sözlə, çox dəyərlərini işğal edib. İndi də biz bir-birimizi at, eşşək hesab edib, belimizə minir, ağdamlıları bu cür təhqir edirik, bunu necə anlamaq olar? Təcili o epizodu çıxartmaq lazımdır, yoxsa qarşılarında ilk öncə məni görəcəklər”.
Qalmaqala səbəb olan “Tayson” filmi haqqında qısaca məlumat verərək bildirək ki, filmin rejissoru İrandan olan Babək Şirinsifət, qurulucu operatoru İranda yaşayan həmyerlimiz Mehdi Pərizad, prodüseri isə aktyor-rejissor İlham Qasımovdur. Filmdə əsas rolları Kamran Ağabalayev, Elməddin Cəfərov, iranlı aktyor Əli Sadeghi, Zarina Qurbanova çəkilib. Filmin tezliklə İranda nümayiş olunacağı, həmçinin “Fəcr” festivalında ölkəmizi təmsil edəcəyi bildirilir.
Filmin təsviri bu cürdür – Ramiz ( Elməddin Cəfərov) baytardır. Bu gün onun üçün çox vacib olan gündür. Amma dopinq vurduğu “Tayson” adlı xoruzu avtobusda itirməsi Ramizin bütün planlarını alt-üst edir. O, insanlar aləminin ən vəhşi nümayəndələri ilə qarşı-qarşıya qalır. Xoruzu qaytarmaq üçün Ramizin günün sonuna qədər vaxtı var. Əks halda o, nəinki qulağını, hətta nişanlısını da itirə bilər.
Qalmaqallı epizoda gəldikdə isə, baş rolun ifaçısı Elməddin Cəfərov musavat.com-a bildirib ki, filmdə kimisə təhqir etmək fikrində olmayıblar: “Filmin rejissoru və bir aktyor iranlıdır. Qalan bütün kollektiv azərbaycanlıdır. Orda heç bir təhqir nəzərdə tutulmayıb. Bəzilərinin dediyindən belə çıxır ki, hansısa ağdamlıları, şəxsləri təhqir etmişik. Mənim inancımda qul haqqına girmək olmaz. Kimsə bizi qınaya bilər, amma qətiyyən belə bir niyyət olmayıb.
Bu, zarafatdır. Ancaq görünür ki, bunu fəlsəfəyə çevirib, hərfbəhərf yozmağa çalışırlar. Belə ki, oradakı qəhrəmana dopinq vurublar. O da qarşısındakını at görür. Qaçır üstünə, elə bilir ki, Qarabağ atıdır. Təsadüfən də üstünə qaçdığı adam da ağdamlı olur. O da deyir ki, - “Hardan bildin ki, mən ağdamlıyam?” Epizod bu cürdür. Yəni qəhrəman gücləndirici dərman vurulduğundan qarşısına çıxan insanları at, şir kimi, digərlərini başqa heyvan kimi görür. Bunun üçün də filmə baxmaq lazımdır.
Anlayıram ki, istənilən adamı və ya filmi qara piar etmək olar, amma haqq-ədalət öz yerini tapacaq. Filmə baxanlar görəcək ki, filmdə kimisə vurmaq fikri olmayıb. Sadəcə Azərbaycanda at deyəndə ilk ağıla gələn Qarabağ atı olur, Ağdam zonası gəlir... Niyə axı bu cür yanlış anlayırlar? Sizcə kimisə təhqir etməklə biz nə qazanmış oluruq? Təhqirlə pul qazanacağıq? Niyə kimisə təhqir etməliyik? Bu, qətiyyən mümkün deyil”.
Məsələyə aydınlıq gətirmək üçün filmin prodüseri İlham Qasımovla da əlaqə saxladıq. Prodüser qeyd etdi ki, yanlış anlaşılmaya görə tezliklə adıçəkilən qalmaqallı epizod filmdən çıxarılacaq və film yeni variantda tamaşaçılara təqdim olunacaq: “Bu filmi çəkərkən Azərbaycanın hansısa bölgəsinə aid olan, xüsusən də Ağdam zonasından olan vətəndaşlarımıza söz atmaq məqsədimiz olmayıb. Bu filmdə baş rolun qəhrəmanı baytardır. O, doping altında müəyyən hala düşərək digər qarətçini at hesab edərək, “Qarabağ atıdır” deyib üzərinə atılır. Təsadüfdən də üzərinə atıldığı adam ağdamlı olur. Bu epizod bir çoxlarının qıcığına səbəb olub. Biz bundan böyük təəssüf hissi keçirir və bunu anlayaraq həmin epizodu treylerdən və filmdən çıxardırıq. Qeyd edim ki, film artıq Youtube-dan çıxarılıb və tezliklə kinoteatrlardan da çıxarılacaq. Beləliklə film yenidən montaj edilərək, yeni versiyada tamaşaçılara təqdim olunacaq”.
Musavat.com