Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası” (ABİA) və “Renaissance Atyrau” hotelinin təşkilatçılığı ilə “Renaissance Atyrau” otelində Azərbaycan mədəniyyət günü tədbiri keçirilmişdir.
Qaziler.az Trend-ə istinadən bildirir ki,tədbir ilə bağlı “Renaissance Atyrau” otelinin foyesində və tədbir keçirilən zalda Bakını əks etdirən foto sərgi, milli musiqi alətləri, milli ornamentli qablardan ibarət guşə yaradılmışdır. Milli geyimli oğlan və qızlar isə gələn qonaqları qarşılamağa düzülmüşlər. Tədbirdə qonaqlara milli yeməklərimiz, Azərbaycanda istehsal olunmuş spirtli içkilər, müxtəlif şirələr və sular təqdim olunmuşdur. Tədbir öncəsi zalda Azərbaycanın son dövrlərdə qazandığı uğurlara dair video rolik nümayiş etdirilmişdir.Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov, xalqımızın qədim tarixi, milli adət-ənənələri, milli mətbəxi haqqında məlumat verərək, son illərdə ölkəmizin qazandığı uğurlar haqqında danışmışdır. Baş konsul, “Bakı 2015 - I Avropa oyunları” haqqında məlumat verərək, Avropada birinci dəfə keçiriləcək və ölkəmiz tərəfindən yüksək səviyyədə təşkil olunacaq bu oyunlara dəvət etdi.
Çıxışdan sonra “Bakı 2015 - I Avropa oyunları”-nın təqdimatı keçirildi. Qonaqlara Avropa oyunları haqqında video roliklər nümayiş etdirildi, həmçinin yerli turizm şirkətləri tərəfindən bu oyunlara səfər etmək istəyənlər üçün bukletlər paylanıldı.
Tədbir daha sonra, Azərbaycandan dəvət olunmuş “Bakı Ba” etno-caz musiqi qrupunun konserti ilə davam etdirildi.
Tədbirə Qazaxıstan Respublikasının Atırau vilayətinin rəhbərliyi ilə yanaşı, həmin bölgədə neft hasilatı sahəsində fəaliyyət göstərən çox saylı xarici neft şirkətlərinin nümayəndələri iştirak etmişlər.