Qaziler.az “Kulis”ə istinadən bildirir ki, Kolumbiya polisi Qabriel Qarsiya Markesin ötən həftə paytaxt Boqotada nümayiş olunduğu Beynəlxalq Kitab Sərgisindən oğurlanan “Yüz ilin tənhalığı” romanının imzalı ilk nəşrini bir bukinist dükanında tapıb. Kulisin türk mətbuatına istinadən verdiyi xəbərə görə polis Boqotada qədim kitablar satılan yerlərdə cümə günü aparılan axtarış zamanı tapılan kitabı əntik əşya tacirlərinin oğurladığını düşünür.
Qiyməti 60 min dollar olduğu açıqlanan kitab Corferias Sərgi Mərkəzində bağlı bir rəfdə sərgilənirdi. 1967-ci ildə Argentinadakı “Sudamericana” adlı nəşriyyat tərəfindən 8 min nüsxədə çap olunan kitabı qiymətli edən yazarın imzasıdır.Markesin kitabı “Köhnə kitablar satan Alvaro Castilloya. Keçmişdən sonsuzadək hər vaxt dostun olaraq qalacaq Qabo” deyə imzaladığını deyən Castillo, romanı 2006-cı ildə Uruqvayın paytaxtı Montevideodakı bir bukinistdən aldığını bildirmişdi.
Latın Amerikasının ən önəmli kitab sərgilərindən biri olaraq qəbul edilən Boqota Kitab Sərgisi, bu il Markesə və “Yüz ilin tənhalığı” romanının bəhs etdiyi xəyali Makondo şəhərinə həsr edilib.