Bu gün ADMİU-da Umummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Heydər Əliyevin mədəniyyət konsepsiyası” mövzusunda elmi-nəzəri konfrans keçirildi.
Universitetdən Qaziler.az-a verilən xəbərə görə, konfransı giriş sözü ilə açan rektor, professor Fərəh Əliyeva çıxış edərək Azərbaycan tarixində qüdrətli dövlət xadimi, misilsiz xidmətləri və dühası ilə dünya miqyasında tanınan ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə və milli-mənəvi dəyərlərimizə qayğısından söz açdı: “Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltaraşlıq, rəssamlığımız və mədəniyyətimizin digər sahələri də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından və qayğısından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Danılmaz faktdır ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışdır. Ulu öndər mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi.Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox qədim zamanlara gedib çıxsa da, XX əsrdə onun mədəni həyatında yeni bir dövr başlamışdır ki, bu da Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi: “Hər bir xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü elm və mədəniyyətdir”.
Fərəh Əliyeva ulu öndərin təhsil və mədəniyyət sahəsindəki konsepsiyalarının tarixi uzaqgörənliklə formalaşdırılmasını xüsusilə diqqətə çatdırdı: “Əlbəttə, Heydər Əliyevin mədəniyyət konsepsiyası çox dərin və geniş anlayışdır. Bu gün Azərbaycanın təhsil və mədəniyyət sahəsində Heydər Əliyev tərəfindən əsası qoyulan müasir siyasətin və idarəçiliyin aparıcı istiqamətləri keçmişi, milli-mədəni sərvətləri qoruyub saxlamaq, indiki nailiyyətləri dəstəkləmək və inkişaf etdirmək, gələcəyə inamla baxmaqdır.
Heydər Əliyev ideallarını yeni tarixi şəraitdə uğurla həyata keçirən H.Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev uğurla davam etdiri. Həmçinin Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması və bu yöndə uğurlu fəaliyyəti ulu öndərin mədəniyyət konsepsiyasının davamı kimi dəyərləndirmək lazımdır.
Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişaf etdirilməsi də əhəmiyyətli yer tuturdu. Fond da öz növbəsində bu sahələrdə layihələrin həyata keçirilməsinə, xüsusilə də milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə yardım edir. Qürurverici haldır ki, bu gün Azərbaycan mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirlərə evsahibliyi edir”.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, Millət vəkili akademik İsa Həbibbəyli, Millət vəkili, professor Jalə Əliyeva BDU-nun professoru İradə Hüseynova çıxış edərək H.Əliyevin çoxşaxəli quruculuq fəaliyyətindən, milli mədəniyyət konsepsiyasından danışmışlar.
Konfransda qeyd olunmuşdurki, müasir Azərbaycan dövlətinin qurucusu olan, həyatını xalqına xidmətə həsr edən ümummilli lider Heydər Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın adının hər zaman dərin ehtiramla anılmasına səbəb olan amillərdən biri humanizm prinsiplərinə söykənən nəcib əməlləridir. Siyasi uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi olan Heydər Əliyev öz xeyirxahlığı, sosial ədalət prinsiplərinə sadiqliyi, milli-mənəvi dəyərləri daim uca tutması, cəmiyyətin tərəqqisi naminə göstərdiyi titanik fəaliyyəti ilə də yaddaşlarda əbədi iz qoyub.
Çıxış edən görkəmli elm incəsənət xadimləri ulu öndərin mədəniyyətə olan qayğısından geniş söz açdılar.
Konfransda “Heydər Əliyevin mədəniyyət konsepsiyası”, “Heydər Əliyev və ifaçılıq sənəti”, “Heydər Əliyev və Azərbaycan teatrı”, “Milli mədəniyyətin hamisi”, “Əvəzolunmaz lider, uzaqgörən şəxsiyyət”, “Heydər Əliyev irsində milli muğam problemləri” adlı məruzələr dinlənildi.