Cəfər Cabbarlı ilə Abbas Mirzə Şərifzadə arasında mübahisə bu filmin taleyini qaraladı- TARİX

Cəfər Cabbarlı ilə Abbas Mirzə Şərifzadə arasında mübahisə bu filmin taleyini qaraladı- TARİX backend

Azərbaycan kino tarixinin ən bəxtsiz filmlərindən biri, bəlkə də birincisi elə “Hacı Qara”dır.

Böyük maarifçi Mirzə Fətəli Axundzadənin eyniadlı komediyasının motivləri əsasında ayrı-ayrı vaxtlarda iki film çəkilib. Doğrudur, həmin filmlərin çəkildiyi illər arasında xeyli zaman fərqli var: biri uzaq 1928-ci ildə, o biri isə yaxın 2002-ci ildə ekranlaşdırılıb. Amma tale baxımından hər ikisinin bəxti eyni olub.

Moderator.az xəbər verir ki, hər iki versiya talesiz film kimi kino tariximizə düşüb. Bunu biz yox, ikinci versiyanı ərsəyə gətirmək istəyən (çəkən yox ha, istəyən) rejissor Cahangir Mehdiyev deyib. Fikirlərində də haqlıdır. Çünki birinci versiya böyük Abbas Mirzə Şərifzadə tərəfindən çox pis vaxtlarda-repressiya ərəfəsində çəkilməyə başlanıldı. Vəziyyət ağır, maddi durum sıfır səviyyədə... Amma buna baxmayaraq, Mirzağa Əliyev, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli kimi aktyorlar böyük məmnuniyyətlə çəkilişə qatılırdılar. Lakin rəngsiz və səssiz film olan “Hacı qara”nın dramaturji xətaları da yox deyildi. Bu səbəbdən böyük dramaturq Cəfər Cabbarlı ilə rejissor Abbas Mirzə arasında gərginlik yaranır. İş o yerə çatır ki, film yarımçıq saxlanılır. Çəkilən hissələr isə sonradan it-bata düşür. Bəzi qeydlərə əsasən, guya, hazır lentlər bilərəkdən yoxa çıxarılıb. Amma bir parçası indiki dövrə qədər gəlib çatıb ki, o da mütəxəssislərdə xoş fikir yaratmayıb.

İkinci versiya isə 1993-cü idlə çəkilməyə başlanılır. Maarifçilik xəttinə sadiqliyi ilə seçilən yazıçı İsi Məlikzadə ilə rejissor Cahangir Mehdi ssenarini hazırlayırlar. “Aydın” İstehsalat Birliyi çəkilişlərə maddi yardım ayırır, filmə sponsorluq edir. Lakin sonradan həmin korporasiyanın işlərində əngəl yaranır. “Aydın” həm “Hacı Qara”, həm də “Güllələnmə təxirə salınır” filmlərinin çəkiminə maliyyə ayıra bilmir. Nəticədə “Hacı Qara”nın çəkilişləri yarımçıq qalır. Aktyorlar və texniki heyət təmənnasız çəkilişlərə razı olsa da, rejissor Cahangir Mehdi bunu qəbul edə bilmir. Yalnız 10 il sonra, sabiq nazir Polad Bülbüloğlunun işə qarışması ilə film çətinlik hesabına başa gəlir. Amma “Hacı Qara” artıq öz taleyi ilə barışmışdı. Rejissor Cahangir Mehdi də işindən soyumuşdu. Nəticədə filmə quruluşu rejissorun Heydər bəyi oynayan oğlu Elnur Mehdi tamamlayır. Film isə televiziyanın da qara zolağına düşdü...
Diaspora