Bir gün xəbər gəldi: dava başlanıb…- İsa İsmayılzadə

Bir gün xəbər gəldi: dava başlanıb…- İsa İsmayılzadə backend

Qaziler.az saytı İsa İsmayılzadənin “Güllələr demədi…” şeirini təqdim edir. Getdilər. Getdilər fit çala-çala, Getdilər atları çimizdirməyə – Bizi aparmadılar, Qulançar yığmağa, moruq dərməyə Bizi aparmadılar.

Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız… nə yaşınız var…»

Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…

Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dərməyə».

Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.

Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –

Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq» -

Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…

1971
Diaspora