Hind aktyoru Dharmendra dünən Bakıda olmalı idi, amma...

Hind aktyoru Dharmendra dünən Bakıda olmalı idi, amma... backend

Dekabrın 27-də Bakıda telejurnalist Namiq Qurbanın hazırladığı "Dharmendra-Məhəbbət Elçisi” adlı sənədli bioqrafik filmin təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, 47 dəqiqə xronometrajlı film dünya və Hindistan kinosunun veteran aktyoru, "He, man" ləqəbli, dünyada sülh, məhəbbət və qardaşlıq carçısı kimi tanınan, Azərbaycanda da çox sevilən ‪Dharmendra Deolun məhəbbət işığında yaşadığı xoşbəxt ömrü, bərəkətli yaradıcılığı və hikmətli həyat ibrətlərinə həsr edilib.

Film Azərbaycan dilində hazırlanıb və ingilis, rus dillərinə tərcümə olunub. Hazırda filmin hind və ərəb dillərinə tərcüməsi də yekunlaşmaq üzrədir.

Filmdə xoşbəxtlik üçün məhəbbətin zəruriliyi, bütün insanların bir-birinə doğma olması, dünyanı xilas edəcək insan sevgisi, həyatla, insanlarla düzgün rəftar, əməklə, zəhmətlə ömrün bərəkətliliyini, faydalılığını artırmağın qaydaları, bütün xalqlara, ölkələrə, mədəniyyətlərə dostluq çağrısı, bütün insanların milli, dini, irqi fərqlilikləri kənara qoyub hamımız üçün ümumi və universal bir dəyər olan məhəbbət ətrafında birləşməyimizin vacibliyi və s. kimi maraqlı, fundamental mesajlar mövcuddur.

Təqdimatda çıxış edən Hindistanın səfiri Sanjay Rana film haqqında danışıb. Bildirib ki, Dharmendra Deolun həyat və yaradıcılığına həsr olunan film həqiqətən də çox maraqlı alınıb. O deyib: "Dharmendra Deol dünyada çox məşhur olan bir aktyordur. O, həm prodüser, həm də siyasətçidir. Hindistan kinematoqrafiya sənətinə verdiyi töhfələrə görə Dharmendra Deol bu ölkənin üçüncü ən yüksək mülki mükafatı olan “Padma Bhuşan”a, həmçinin bir neçə digər mükafata layiq görülüb. Onun haqqında çəkilən sənədli film mənə çox maraqlı idi. Bir ay bundan əvvəl bu filmə baxanda çox təəccübləndim. Həqiqətən bu sənədli film çox maraqlı alınıb. Filmi ərsəyə gətirən Namiq Qurban onun haqqında çoxlu məlumata sahibdir. O, bunun üçün həm də Hindistana gedib”.

Təqdimatda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Yusif Şeyxov deyib ki, Azərbaycan ilə Hindistan arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunan müxtəlif tədbirlər keçirilir. Bugünkü təqdimat mərasimi də onlardan biridir. Filmi ərsəyə gətirən Namiq Qurban müəyyən çətinliklərlə qarşılaşsa da, bu işin öhdəsindən ustalıqla gəlib. Bu cür filmi ərsəyə gətirmək böyük peşəkarlıq tələb edir.

Digər çıxış edənlər də film haqqında öz fikirlərini səsləndiriblər.

Filmi ərsəyə gətirən Namiq Qurban bildirib ki, film klassik sənədli kino estetikasına uyğun hazırlanıb. “55 il ərzində dünyanın böyük kino ekranlarında rəğbətlə seyr edilən, yüz milyonların sevimli və cəsur qəhrəmanı Dharmendra Deolun həyat, sevgi, insan, əmək, xoşbəxtlik və həmçinin Azərbaycan barədə filmdə səsləndirdiyi fikirlərinin bütün tamaşaçılarda maraq doğuracağına inanıram. Filmdə onlarla ümumbəşəri, universal dəyərlər tərənnüm edilib. Film məhəbbətlə müdriklik zirvəsinə ucalmış Dharmendra Deolun bütün dünyaya bir sevgi mesajı kimi hazırlanıb. Film 60 il kino ekranlarının sevilən qəhrəmanı Dharmendra Deolun zəngin şəxsiyyətinə yeni və fərqli baxışdır. Bu film Azərbaycan-Hindistan mədəniyyətləri arasında bir dostluq körpüsüdür”,- deyə Namiq Qurban vurğulayıb.

Sənədli filmin baş qəhrəmanı Dharmendra bir çox ekran əsərində, o cümlədən “Daş və Çiçək”, “Sevimli Raca”, “Qisas və Qanun”, “Cəngəlliklər kralı”, “Əbədi məhəbbət nağılı”, “Əlibaba və qırx quldur”, “Üç muşketyor kimi”, “Samrat” və digər məşhur filmlərdə çəkilib.

Qeyd edək ki. ötən gün Hindistan səfirliyi mərasimdə Dharmendranın da iştirak edəcəyi və onunla görüş keçiriləcəyini açıqlasa da, Dharmendra mərasimdə olmayıb.
Diaspora