Azərbaycan Turin kitab sərgisində “Xüsusi qonaq“ olacaq

Azərbaycan Turin kitab sərgisində “Xüsusi qonaq“ olacaq backend

Mədəniyyət və Turizm Nazirliyi hər il xarici ölkələrdə keçirilən beynəlxalq kitab sərgilərində iştirak edir. Bu sərgilərdə Azərbaycanın kitab sənəti, nəşrləri ilə yanaşı, mədəniyyətimiz, turizm imkanlarımız da təbliğ edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 14-18 may tarixində İtaliyanın Turin şəhərində keçiriləcək beynəlxalq kitab sərgisində Azərbaycan "Xüsusi qonaq ölkə" kimi iştirak edəcək. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 50 kvadratmetr sahə icarəyə götürülüb. Nazirlik tərəfindən sifariş olunan stend bu il də özünəməxsusluğu ilə seçilir və Qız qalası, İçərişəhərin qala divarları dizaynı ilə hazırlanacaq.

Sərgi müddətində ölkəmizdə işıq üzü görmüş 300 addan çox nəfis tərtibatlı kitabların və digər çap məhsulları nümayiş olunacaq, Azərbaycanın zəngin mədəniyyəti, Qarabağ həqiqətləri, "Bakı-2015" I Avropa Oyunları, ölkəmizin turizm potensialı təbliğ olunacaq.

Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq münasibətləri və s. mövzularda italyan dilində işıq üzü görmüş bir sıra kitabların təqdimatının keçirilməsi, ölkəmiz haqqında təbliğat və reklam materiallarının ziyarətçilərə paylanılması nəzərdə tutulub. Nazirliyin təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə və ekspozisiyada Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin də iştirakı planlaşdırılır.

Azərbaycanın "Xüsusi qonaq ölkə" olması münasibətilə sərginin açılış günündə - 14 mayda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xüsusi tədbir keçiriləcək. Tədbirdə İtaliya tərəfindən Turin meriyası Mədəniyyət komitəsinin sədri Luka Kassiani, sərginin baş direktoru, professor Ernesto Ferrero, "Tetti" nəşriyyatının direktoru Sandro Tetti, ölkəmizdən isə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, millət vəkili, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Milli Kitabxananın direktoru Kərim Tahirov, habelə Turin şəhər ictimaiyyətinin, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak edəcək.

Mayın 15-də mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin dünyanın ən nüfuzlu kitab sərgisi olan Frankfurt kitab yarmarkasının (Frankfurt Buchmesse) baş direktoru Yurgen Boos və beynəlxalq layihələr üzrə direktoru Barbel Beker ilə görüşü olacaq. Görüş zamanı mədəni əlaqələrin güclənməsində özünəməxsus yer tutan kitab sərgilərinin, o cümlədən bu il sentyabrın 16-18-də IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkili, Azərbaycanın Frankfurt yarmarkasında iştirak imkanlarının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Sərgi müddətində nazirlik tərəfindən müxtəlif kitab təqdimatları da keçiriləcək.
Diaspora