Yazıçı, tarixi romanlar müəllifi Əzizə Cəfərzadənin «Anamın nağılları» (“My Mother’s Tales”, London, Rossendale books, 2015) kitabı Böyük Britaniyada nəşr olunub.
Yazıçı, professor Vaqif Sultanlının Axar.az-a verdiyi məlumata görə, bu, müəllifin ingilis oxucularına təqdim olunan ilk kitabıdır. Kitabı ingilis dilinə Sevinc Məhərrəmova, Gülnar Aydəmirova və Vəfa İbrahimova tərcümə edib. Əsərin ingiliscə mətni Betti Bleyr (ABŞ) və Maykl Brannok (İngiltərə) tərəfindən redaktə olunub. Kitaba Bakı Dövlət Universitetinin professorları Vaqif Sultanlı və Sevinc Məhərrəmova ön söz yazıb.Qeyd edək ki, Əzizə Cəfərzadənin «Anamın nağılları» silsilə yazıları müəllifin anasının vaxtilə söylədiyi, yazıya köçürülməmiş, birbaşa hafizədən qələmə alınan, kökləri ilə xalq yaradıcılığına bağlı nağıl və əfsanələrdən ibarətdir. İlk dəfə 1982-ci ildə Bakıda nəşr olunan «Anamın nağılları» kitabı bir müddət əvvəl Türkiyə oxucularına da təqdim olunub.
Vaqif Sultanlı və Turan İbrahimovun birgə nəşrə hazırladığı kitabı www.amazon.com, www.barnesandnoble.com, www.books.google.com, www.waterstones.com, www.lulu.com və başqa saytlardan sifariş yolu ilə əldə etmək olar.