Azərbaycanın əməkdar rəssamı: “Mən harada yaşayıramsa, ora elə Azərbaycandır”
Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovla sonuncu dəfə martda Moskvada görüşmüşdük. Almaniyada yaşayan rəssam payızda Bakıya gələcəyini demişdi. Ancaq dəqiq tarix bilinmirdi. Bir neçə gün öncə televiziya kanallarını ixtiyarsız çevirirdim ki, ATV-də Əşrəf bəyin Qala Mədəniyyət Mərkəzindəki sərgisindən reportajı gördüm. Bakı nömrəsindən arayıb “xoş gəldin” edəndən sonra görüşməyi, müsahibəni təkrarlamağı qərara aldıq. Ancaq günü yenə dəqiqləşdirə bilmədik – Əşrəf bəy Bakıda əlçatan deyil. Dostlar, tanışlar, ustad dərsləri almaq istəyənlər şəhərdə, bağda onunla görüşmək üçün sıra gözləyirlər. “Vaxt tapaq, gəl bizə, deyəcəklərim var”a “sizdən zəng gözləyirəm” cavabını verib sağollaşdım. Ertəsi gün Axundov bağından üzü aşağı gəlirdim ki, baxdım Əşrəf bəy... Bundan gözəl təsadüf? Yolda başlayan söhbətimiz rəssamın Bakının uca nöqtələrindən birindəki sözün bütün mənalarında sənətlə zəngin evində 5 saata qədər çəkdi. Sağ olsun, həmin günə bütün görüşləri təxirə saldı Əşrəf bəy. Söhbətə başlar-başlamaz anladım ki, məmləkət üçün darıxıb:-Hələ bir neçə gün də Bakıdayam. Azərbaycanı heç vaxt unutmuram. Çalışıram hər il gəlim, gələndə də mütləq bölgələri gəzim. Əslən bakılı olsam da, mənə elə gəlir, rayon, kənd gəzməsəm, Azərbaycanı ürəyim istəyən qədər duya bilmirəm. Milli Məclisin üzvü Elmira Axundova ilə ailə dostlarıyıq. O, Milli Məclisdə Masallını təmsil edir, bizi dəvət elədi, Masallıya getdik. Oradakı mədəniyyət mərkəzində ustad dərsləri verdim. Sevindim ki, əyalətlərdə də istedadlar yetişir, onlar üçün şərait yaradılır. Eşitmişəm ki, rayonlarda mədəniyyət mərkəzləri açılır, çox sevinmişəm. Uşaqları kiçik yaşdan incəsənətə yönəltmək həm milli mədəniyyətin qorunması, həm də psixoloji sağlam gənclik yetişməsi üçün önəmlidir. Bu ölkənin gələcəyinə qoyulan çox ciddi kapitaldır. Təbiətimiz gözəldi. Masallıda İsti suya getdik, dağları doyunca seyr etdim. Payız füsünkardı...
-Çox ölkələr gəzirsiniz, ən gözəl, sizi əlinizə fırça almağa məcbur edən payız harada qarşınıza çıxıb?
-Əslində çox az peyzaj çəkirəm. Mən monumentalistəm. Ancaq bəzi əsərlərimdə milli peyzaj elementləri var. Son vaxtlar isə daha çox realistik peyzajlara üstünlük verirəm. Bu ruhuma çox yaxındır. Rəssam kimi bütün “izm”ləri keçmişəm. Modernizm, impressionizm, konstruktivizm, kubizm, ən çox müraciət etdiyim janrlardan biri eksprensionizm... İndi yenidən realistik peyzaja qayıdıram. Bu, Səttar Bəhlulzadədən başlayaraq bir çox Azərbaycan rəssamlarının müraciət etdiyi yoldur. Ona görə də indi təbiəti seyr etmək, hətta saatlarla ona dalmaq mənə xüsusi zövq verir. Ən gözəl payız mənzərəsini ölkələrə bölməkdə çətinlik çəkirəm. İstənilən yerdə rənglərin təması, təbiətin ecazkarlığı insanın, xüsusən rəssamın gözünə dünyanın ən gözəl mənzərəsi kimi görünə bilər. Təbii, bu bir az da həmin andakı ovqata bağlıdır. Azərbaycan 4 fəsli yaşadığından təbiəti ilin hər fəslində gözəldir. Amma təbiəti duymaq üçün şəhərlərdən kənara çıxmaq vacibdir. Şəhərlərdəki təbiət düzən verilmiş təbiətdir. Xəlq olunanı olduğu kimi görmək üçün betondan, asfaltdan uzaqlaşmalısan. Yalnız onda avtomobillərin tüstüsü ilə boyanmayan əsl səmanın, əsl yarpağın, əsl otun rəngini görmək olar. Danışa-danışa düşünürəm ki, deyəsən, ən gözəl payızı Moskva ətrafında görmüşəm. Bəlkə də onu böyük Puşkin tərənnüm etdiyi üçün belə düşünürəm... Böyük rus rəssamları, realistik peyzaj ustaları Polenov, Levitan da Moskva ətrafındakı payıza neçə əsərlər həsr ediblər. Azərbaycandakı payızda məni ən çox valeh edən dağların moruğu-qırmızı rəngidir. Bu il Şamaxıda, Qubada, Qusarda, Qəbələdə, Masallıda dağların rəngini yaddaşıma köçürdüm. Gələn il isə Aranı, Muğanı gəzmək istəyirəm. Çayqırağı kəndlərin də öz gözəlliyi var.
-Əşrəf bəy, sizin əsərlərinizdə saysız insan simaları var. Hamısı da fərqli, özünəməxsus. Aydındır ki, çox müşahidələr aparırsınız. İldən-ilə insanların simasında nələr dəyişir, nələr kəşf edirsiniz?
-Kədərin artdığını görürəm. Bakıda bu lap aydın hiss olunur. Baxırsan ki, şəhər “ütülənir”, sakitlikdir, ancaq insanların üzünə baxanda ilk gördüyün kədərdir. Yəqin səbəblər var. Həyat şərtləri insanları incidir və bu onların simasını olduqca qayğılı göstərir. Burada insanların gözləri danışır. İndi dünya belədir – elə bir yer göstərin ki, orda həyat asandır. Hər ölkənin, hər toplumun öz çətinlikləri, qayğıları var. Demokratiyanın tərs üzü – cinayətkarlıq, qadın, narkotik alveridir. Qərb də bundan əziyyət çəkir. Hardan baxsan, bizim ölkəmizdə həm də müharibə havası var, axı. Həlak olanlar, yaralılar, atışmalar... Bəlkə də ölkə içində çox da hiss olunmur, amma kənardan aydın görünür.
“Həmin sərginin maraqlı faktlarından biri də o idi ki, böyükelçinin də, mənim də çıxışlarımı indi prezident Putinin mətbuat katibi olan Dmitri Peskov çevirirdi. 1994-cü ildə o, Ankara böyükelçiliyinin mətbuat attaşesi idi”
-Siz, Qarabağ danışıqları ilə bağlı böyük bir tablo işləmisiz. Orada danışıqların nəticəsizliyinə işarə var... Adı da maraqlıdır...
-“Danışıqların havası”... Fevralda Xocalı soyqırımının 25 illiyi ilə bağlı Almaniyada böyük bir tədbir planlaşdırılırdı. Ötən il Azərbaycan-Avropa Cəmiyyətinin təmsilçiləri məndən Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda 3-4 əsər işləməyimi istədirlər. Onlar Almaniya dərgilərindən birində mənim Xocalı haqqında panomu görmüşdülər. Həmin panonu mən 2 il öncə İstiqlal Muzeyinə bağışlamışam. Təbii, mən bu təklifdən imtina edə bilməzdim, ölkəmə bu məsələdə dəstək vermək mənim borcumdur. Beləliklə, başladım Xocalı mövzusunu yenidən işləməyə. Məsələyə o qədər içdən yanaşdım ki, 4 yox, düz 25 əsər işlədim. Hamısı da böyük formatda. Almaniya-Azərbaycan cəmiyyəti belə miqyası görüb sərgi keçirməyi qərara aldı. Xocalı faciəsinin 25 illiyində Almaniya ictimaiyyətinin böyük diqqətinə səbəb olan tədbir və sərgi keçirildi. Berlinin ən bahalı rəsm qalereyalarından biri olan Şults Qalereyasında günlərlə mənim Qarabağla bağlı əsərlərim sərgiləndi. Əsas hədəfimiz Almaniya ictimaiyyətinin diqqətini cəlb etmək idi. Çünki biz azərbaycanlılar öz ölkəmizin problemlərindən xəbərdarıq, Beynəlxalq dəstək almaq üçün biz önəmli ölkələrin diqqətini çəkəcək addımlar atmalıyıq.
-Əşrəf bəy, bayaq Bakının “ütüləndiyindən” söz saldınız. İçəri şəhərə yolunuz düşür? Sizə doğma məkandan, doğulduğunuz İçəri Şəhərdən nələrsə qalır?
-Darıxan kimi gedirəm İçəri Şəhərə. Ancaq orda da müsbət tendensiyalarla yanaşı qədimliyin qorunmadığını görüb darıxıram. Qədim şəhəri sanki yalnız turistlər üçün düzəldirlər – hotellər, restoranlar, milli mədəniyyət nümunələrinin satış mərkəzləri açılır. Bütün bunlar çox yaxşıdır – Bakıya gələnlər qədimliklə yeniliyin sintezindən zövq alırlar, şəhərə yenə qayıtmaq istəyirlər, turizm inkişaf edir. Ancaq İçəri Şəhəri başdan-başa alqı-satqı mərkəzinə çevirmək də olmaz. Bunun üçün İçəri Şəhərdə bir neçə meydan var. Amma Bakını bəzilərinin istədiyi kimi Nyu-Yorka, Çikaqoya çevirə bilməyəcəklər. Bakının cazibəsi başqadır. Narahat olduğum bir məqam da yalnız mərkəz hissəyə diqqət ayrılmasıdır. Axı, şəhərin baş memarı var... Hansı səbəbdən mərkəzdən azca aralanan kimi boz, rəngsiz, heç nə ilə yadda qalmayan bir şəhər görürük? Şəhəri qonaqlar bəyənir- bu əladı, amma şəhər daha çox sakinləri üçün rahat olmalıdır. Bizim evimizi 1962-ci ildə söküb yerinə Milli Ensiklopediyanın binasını tikdilər, bizi də Nərimanov prospektinə köçürdülər. Ona görə mənim üçün xatirələr bir az dağınıqdı. Bir də, mənim üçün vətən anlayışı yalnız coğrafi deyil. Mən harada yaşayıramsa, ora elə Azərbaycandır. Evimdə hər zaman Azərbaycan bayrağı, Azərbaycan motivləri... Mən hər zaman bu ab-havada yaşamışam və dünyanın hansı şəhərində olmağımdan asılı olmayaraq bundan çıxa bilmərəm.
-Hər dəfə sizinlə söhbətdə təəccübləndiyim bir fakt da var. Çox gənc yaşlarınızda Moskvaya köçmüsünüz, ondan sonra Almaniya həyatınız başlayıb, aşağı-yuxarı 50 ildir Azərbaycanda deyilsiniz, üstəlik xanımınız da yəhudidir, ancaq siz ana dilində yaxşı danışırsınız... Kiminlə danışırsız Almaniyada, necə olur ki, dili unutmursuz?
-Demək olar, heç kimlə. Almaniyada türklərlə az-çox təmaslarımız olur. Mən onlarla Bakı, onlar da mənimlə Anadolu ləhcələrində danışırlar. Əsas odur bir-birimizi anlayırıq. Dil düşüncə üçün önəmli faktordur. Düzdü, fikrilərimiz ana dilində bədii cümlələrlə ifadə etmək mənim üçün çətindir, yazı da yaza bilmərəm, amma çalışıram bacardığım qədər dilimi itirməyim. Bu işdə milli musiqi dadıma catır...
-Kimləri dinləyirsiz?
-Evimdə Azərbaycan musiqisinin böyük arxivi var. Nə istəsəz, tapa bilərsiz... Klassika, milli musiqi, milli caz, estrada. Eldar Mansurovun mahnılarını çox sevirəm. Bakının nəğmələridir onlar.
-Bayaqdan əsərlərinizə baxıram, amma heç Avropanı görmürəm. Niyə?
-Almaniyanı qrafik əsərlərdə çəkirəm. 5 il öncə mənim dəyərli dostum Kamal Abdullanın təşəbbüsü ilə Slavyan Universitetində qrafik əsərdən ibarət “Almaniya haqqında 40 qrafik əsər” adlı sərgi keçirmişdik. İndi artıq bu rəsmlərin sayı 100-ə çatıb. Yaxınlarda albom çapı nəzərdə tutmuşuq. Bu albom yaradıcılığımın Avropa hissəsinin siması olacaq. Lüksemburq peyzajı üzrə də seriya əsərlərim var. Almaniya şəhərlərini, Doğu Avropanı çox çəkmişəm. Adətən ruhuma yaxın olanı kətana köçürürəm. Mənə ən yaxın olan isə Azərbaycandır – insanımız, təbiətimiz, qayğımız, sevincimiz, gələnəklərimiz... Ölkəmi çəkəndə daha böyük məmnunluq hissi yaşayıram. Məni Avropada da Azərbaycanı çəkən rəssam kimi tanıyırlar. Doğma mövzularımdan biri də türk dünyasıdır. Bu mövzuda Türkiyədə, Rusiyada, Avropada neçə sərgim keçirilib, nə qədər təşəkkürlər, mükafatlar almışam. İlk xarici sərgim də 1994-cü ildə Ankarada olub. Sərgi təklifini Rusiyanın Ankara böyükelçisi Albert Çernışovdan almışdım, qısa zamanda hazırlıqları bitirmişdim. Həmin sərginin maraqlı faktlarından biri də o idi ki, böyükelçinin də, mənim də çıxışlarımı indi prezident Putinin mətbuat katibi olan Dmitri Peskov çevirirdi. 1994-cü ildə o, Ankara böyükelçiliyinin mətbuat attaşesi idi. Biz Ankarada yaşayanda o həm də bizim mərtəbə qonşumuz idi. Hər zaman “bizim Dima” ilə yaxşı münasibətlərimiz olub və bu gün də qalmaqdadır. Moskvada – Beynəlxalq Əlaqələr İnstitutunda gələn ilin mart ayında keçiriləcək sərgimə yəqin cənab Peskovu da dəvət edəcəyəm.
-Diplomatik korpusla əlaqələriniz geniş olduğunu bilirik. Bu dəfə Bakıda keçirilən sərginizə Hindistanın Bakı böyükelçiliyinin diqqəti xüsusi olub.
-Cənab səfir Sanjay Rana ilə çox yaxşı münasibətlərimiz var. O, mənim hind mədəniyyətimin vurğunu olduğumu bilir. 2 dəfə Hindistanda, Nepalda olmuşam. Həmin səfərin təəssüratları ilə onlarla əsər yaratmışam, Bakıda, Moskvada, Avropada sərgilərdə nümayiş etdirmişəm. Səfir bakıdakı iqamətgahında da mənim fərdi sərgimi keçirib. Yenə o yerlərə getmək arzusundayam. Açığı, özümə yoldaş axtarıram. O yerlər mənə çox yaxındır.
-Nə ilə yaxındır?
-Mənə elə gəlir, Hindistan və Azərbaycan mədəniyyətləri arasında daxili bir bağ var. Hind mədəniyyəti ilə tanış olduqda bu yaxınlığı hiss etməmək mümkün deyil. Hind mədəniyyətinin ən parlaq məkanları Tacmahalı, Caypuru, Varanaxı çox həvəs və böyük zövq alaraq gəzirəm. Bu zövqü anlatmaq çətindir. Məsələn, siz qızıl gülün ətrini necəsə izah edə bilərsiz? Mənim Hindistana sevgimi də qızıl gülün qoxusu kimi izah etmək çətindir.
-Əşrəf bəy, Azərbaycanın rəngkarlıq məktəbinin indiki durumunu necə qiymətləndirirsiniz?
-İndi realizm məktəbindən daha çox uzaqlaşır Azərbaycan rəssamları. Bəlkə də yanılıram... Amma gördüyüm budur. Rəssamlıq qabiliyyətini Yaradan verir, amma məktəb keçmədən, insan fiziologiyasını bilmədən, təbiət qanunlarını öyrənmədən böyük rəssam olmaq mümkün deyil. Məktəb vacibdir. İstedad məktəblə təkmilləşir, yalnız o zaman rəssam öz sənət dilini tapa, yarada bilir.
-Rəsm əsərləri həm də rəngkarın yaşam qaynağıdır. Reklamın bu məsələdə rolu nə qədərdir?
-Çox böyük. Elə rəssamlar var, məmurlarla yaxınlıq sayəsində əsərlərini baha qiymətə satır və bunu özləri üçün “yaxşı rəssam”lığın sübutu kimi qəbul edir, ətrafı da buna inandırır. Yoxlasaq görərik ki, o zəngin məmurların çoxunun sənətlə bağlı elementar anlayışları yoxdur. O məmur sadəcə bilir ki, aristokratiya evinin divarlarını orjinal əsərlə bəzəyir və onları yamsılayır. Beləliklə, meydanda sənətə az dəxli olan amma güclü reklam edilən insanlar çıxır. Bu çox mənfi tendensiyadır. Beləcə əsl sənətin kriteriləri itir. Təəssüf ki, bu yalnız Azərbaycan incəsənətinin yox, dünya incəsənətinin bəlasıdır. Fırçanı yenicə tutmağı öyrənən gəncin qarşısına hardasa bir pullu insan çıxsa və o, zibillikdən yığdığı kağız-kuğuzu ona sənət əsəri kimi təqdim edə bilsə, bütün həyatını təmin etməkdən başqa, özünü sənət adamı saymağa başlayır.
-Əsərlərinizi baha satırsız?
-Hətta çəkdiyim xərc və zəhmətə baxanda çox ucuz satıram. Daha çox bağışlayıram. Bir professional kimi çox istərdim ki, əsərlərim baha alınsın. Amma mən qalereyalarda bunun üçün günlərlə müştəri gözləyən rəssam tipinə aid deyiləm. Əsərlərimi ölkəmin maraqları üçün hansısa diplomata bağışlayanda və sonradan o əsərləri dünyanı idarə edən qurumların binalarında görəndə özümü dünyanın ən zəngin rəssamı sayıram. Satış ardınca qaçmadığım üçün həm Azərbaycanın, həm də Avropanın əsərləri beynəlxalq qurumların binalarının ekspozisiya salonlarında sərgilənən nadir rəssamlarındanam. O salonlara seyrçi kimi düşmək belə çox çətindir. Azərbaycan adına bundan böyük qazanc nə ola bilər?
Musavat.com