Qarabağ qazisinin qanla yazılmış gündəliyi

Qarabağ qazisinin qanla yazılmış gündəliyi backend
Rey Kərimoğlu alovun – odun içində bişmiş igid oğullarımızdandır, Qarabağ Qazisidir. Bu il 50 yaşı tamam olub. 1991 – ci ildən erməni işğalçılarına qarşı əməliyyatlarda iştirak etmək üçün Milli Ordu sıralarına ( Milli Qəhrəman, şəhid polkovnik – leytenant Şirin Mirzəyevin yaratdığı 836 nömrəli hərbi hissədə) qoşulub. Kəşfiyyat dəstəsində döyüşlərdə iştirak edib. Xankəndi istiqamətində, Noraguh yaxınlığında növbəti kəşfiyyat zamanı ağır yaralanıb, ikinci qrup Qarabağ əlilidir. Vətən torpağı uğrunda neçə - neçə igid əsgərimizlə çiyin – çiyinə vuruşmuş Rey Kərimoğlu! O, məndən on bayram kiçikdir.Amma odun – alovun içində bişdiyinə görə elə bilirəm ki, məndən on bayram böyükdür!...

Rey Kərimoğlunun düşüncəsinin yaşı qədimdir. Qarabağımızın yaşıdıdır bəlkə də?! Köksü dağlı, qolları bağlı Qarabağın özünə oxşayır Rey Kərəmoğlu!...Hərdən mənə elə gəlir ki onunla yüz ilin dostlarıyıq. Amma bu yüz ildə bircə dəfə birlikdə çay içməsək də, ürəklərimiz bir – birindən su içib həmişə...

Rey cəbhədə olduğu illərdə gündəlik yazmasa da, sonradan kitab halında yazdığı cəbhə xatirələri bir Qarabağ Qazisinin qanla yazılmış gündəliyidir. O, "Kod adı: "REY” kitabını ürəyinin qanı ilə yazıb. Bu, həm də bir Qarabağ Qazisinin ömür kitabıdır. "May ayı idi. Bütün Qarabağda vəziyyət gərginləşmişdi. Şuşada isə vəziyyət lap ağır idi. Amma cəmi bir neçə gün sonra bu qədim Azərbaycan şəhərini itirəcəyimizi heç ağlımıza da gətirmirdik. Batalyonun şəxsi heyəti bu itkini çox ağır yaşadı. İnana bilmirdik Şuşanın işğalına”...

Rey yazıçı deyil. Amma yazıçı olmasa da şəhid oğulların müqəddəs qanı axıdılan torpağın ətrini yaxşı duyur.Yazıçı olmasa da, igid əsgərlərin soyuq səngərlərdəki halını obrazlı dillə, təsirli detallarla verb. Gördüyü qandan danışır, ağ yalandan danışmır. Qarabağ torpağının dilini gözəl bilir. Naləsi torpağı, daşı yandıran Qarabağın dili ilə danışır bu kitab. Yazdıqlarını Qarabağ torpağının dili ilə yazır Rey. Bu kitab insanı torpağa yaxınlaşdırır. Oxuduqca kədərlənirsən, qəhərlənirsən, ağrıyırsan, amma... yenə də oxuyursan. Yazdıqları içini alov – alov yaxan sözlərdir. "Əynində döyüşün ağır keçdiyini nişan verən, didik – didik əsgər mundiri olan on doqquz yaşlı bir gənc. Başı döyüşçü dostunun dizləri üstündə sakitcə uzanıb. Mundirinin yaxası deşik – deşik. Sinəsi aramla qalxıb enir. Pulemyot güllələri sinə qabırğalarını qırıb dağıtdığından ürəyi, ürəyinin çırpındığı aydınca görünür. Tozla qanqarışıq "palçığa” bulaşmış ürəyi hələ də döyünür... Parçalanmış ürəyindən axan qıpqırmızı qan toza qarışıb rəngini dəyişir. Lakin Sənan nə ağlayır, nə də danışır. Eləcə baxır – düz gözlərimin içinə. Nəsə demək istəyir, amma nə? Kim bilir onun parçalanmış ürəyindən nələr keçir?...” – Bu, sükutun içinə çəkdiyi bir haraydı, nalədi! Bu mənzərəni görən Reyin özünün ölümü gözlə qaş arasındadı... Ölənlə ölmək olmasa da o, hər belə ürək dağlayan mənzərələri gördükcə kim bilir neçə yol ölüb dirilib?! Bax, bu sətirləri adam təklikdə oxumağa ürək eləmir! Gəl birlikdə oxuyaq, qədirbilən oxucu: " O səhnə sonralar baxdığım neçə müharibə və dəhşət filmlərinin ən ağır səhnələrini kölgədə qoyur hələ də...



Ölümcül yaralanan, param – parça olan Yalçın uşaqlardan xahiş edib ki, onu vursunlar. Amma heç kəs vurmayıb. Yalçın elə oradaca həlak oldu. Bədənindən ələ keçən bir yer qalmamışdı, nəyi dəfn elədilər, bilmədim...” Bu sətirləri bir şəhid ömrünün acısını yaşaya - yaşaya oxuyuruq. Doğrudan da şəhid ömrü də seçilmiş ömürlərdəndi.

Reyin yazdıqları yazıçı təxəyyülünün məhsulu deyil. Acı həqiqətlərdir, ağrılı həqiqətlərdir. Bu ağrılı həqiqətlər könlümün kövrək telinə toxunduqca elə bil ürəyimi güllədən keçirirlər. Bu kitabın hər səhifəsindən qan sızır. Oxuduqca sanki o yaraların ağrısını ürəyində hiss edirsən. Bu ağrılar insanın iliyinə işləyir. Elə təsirli epizodları oxuduqca torpağı qan rəngində görən, qanı şəhid qanına qarışan qardaşım Reyin könül göynədən halını da düşünürəm...

" ... Tüstü, toz – dumandan bir müddət heç nə görə bilmədik. Yalnız uşaqların bağırtıları gəlirdi....

Tüstü, toz – duman çəkildikcə gördüyüm mənzərədən yerimdə donub qalmışdım. İnsan ayaqları, qolları bədəndən kənarda qalmışdı. Ayaqsız, qolsuz əsgərlər ayaqlarının və qollarının kəsilmiş yerlərini qucaqlayıb bağırırdılar.”

Ürək parçalayan bu sözləri həyacansız oxumaq olmur. Aman Allah! Bir ürəyin qanı axa – axa torpağı yoğurur. Bu ağrılar yaxa – yaxa bir ürəyi qovurur... Bu dözülməz ağrılar Reyin gözlərinin yaşında və ürəyinin başında qərar tutur.

...Rey mənim əqidəsindən dönməz dostumdur. İgid canlı, gözü qanlı dostum. Elə ilk tanışlıqdan Reyin içindəki milli şüur, milli düşüncə dərinliyini hiss etdim. Torpaq, Vətən sevgisinin böyüklüyünü duydum. İlk dəfə tanış olanda ömrünün soyuq səngərlərdə keçən günlərinin kövrək xatirələrini sövq təbiiliklə necə danışırdısa, eləcə də yazır...

Sevimli şairimiz Musa Yaqub torpaq ünvanlı şeirini sanki Reyin torpaq sevgisinə həsr edib:

Torpaq müqəddəsdir,

Torpaq müqaəddəs,

Gərək yadımızdan

çıxmasın bu dərs.

O, ürək kimidir –

satıla bilməz,

Vətəndi, atadı, anadı torpaq.

O, xarakterinin qabarıq özəllikləri ilə çevrəsindəki insanlardan seçilir. Onun daxili dünyası hər an savaş halındadır. İçindəki harayı sözə çevirərək açıq söyləməkdən heç vaxt çəkinmir. Elə bu səbəbdən də on il bundan əvvəl Reyə ithaf etdiyim şeirimi xatırladım:

Qardaş, damarına çəkmə ülgücü,
Vallah, mənasızdı indi əl gücü.
Hər yükü çəkəmmir daha fil gücü,
Fil özü xırdadı, ey Kərimoğlu –
Ədalət hardadır Rey Kərimoğlu?

Haqqın qapıları açılar çətin,
Kimin vecinədir sənin möhnətin?
Yolunda can qoydun sən həqiqətin.
Qırat çidardadı heey Kərimoğlu –
Ədalət hardadı Rey Kərimoğlu!

Haqq elə nazilib lülədən keçər,
Üzlər şapalaqdan, şillədən keçər,
İgidin sinəsi güllədən keçər.
Koroğlu dardadı, bəy Kərimoğlu –
Ədalət hardadı, Rey Kərimoğlu?

Söndü haqq yolunda yanan ocaqlar,
Daha Tanrıdan da yox umacaqlar.
Bir gün Qu nəğməsi oxuyacaqlar...
Sazlar divardadı, hey Kərimoğlu –
Ədalət hardadı, Rey Kərimoğlu?

Namərd güllə atar mərdə birinci,
Çatar Ozan Həzi dərdə birinci.
Kim tapsa olacaq burda birinci,
Gordadı gəzdiyin şey, Kərimoğlu –
Ədalət hardadı eeey Kərimoğlu –
Ədalət ordadı, Rey Kərimoğlu!



Bu kitab bir çox cəhətlərinə görə diqqəti cəlb edir. Xalqımızın Qarabağ ağrısını özündə əks etdirən bu kitabda Reyin öz obrazı canlanır. Yazdıqları Reyin öz gözləri ilə gördükləridir, öz yaşantılarıdır, öz ağrılarıdır, şəxsi müşahidələridir. Çox ümid edirəm ki, Rey Kərimoğlunun bu kitabının oxucuları çox olacaq. Çünki özünün də yazdığı kimi, "...Qarabağ müharibəsində 18 – 20 yaşlarında şəhid olmuş tanıdığım əsgərlərin hekayətlərini qismən də olsa çatdırmaq istəyi də mənə xeyli güc verdi. Bu, bizim hamımızın müharibəsi, hamımızın ağrısı və hamımızın kitabıdı.”

Neçə - neçə qəhrəman oğullarımız işğal altında olan Qarabağımız uğrunda döyüşlərdə şəhid olublar. Qorxu – hürkü bilmədən, bir an da olsa dinclik tapmadan... Onların cəsurluğu, qorxmazlığı haqqında elə epizodlar var ki... Şəhidlər hər şeydən uca bildikləri Vətən uğrunda, Vətən torpağı uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olur və əbədiyyətə qovuşurlar.Şəhidlər öləndən sonra da ürəklərdə, yaddaşlarda yaşayırlar. Böyük Türk şairi Mehmet Akif yazıb:

Ey şəhid oğlu, istəmə məndən məqbər,

Sənə ağuşunu açmış duruyor Peyğəmbə!!!

Sularda axan şəhid qanı görüb Rey... Öz ağrıları özünə bəs etmirmiş kimineçə - neçə ürəkdağlayan ağrısını illərdən bəri öz içində çəkib, zaman – zaman əlinə qələm alıb, sözə çevirib Rey Kərimoğlu.

Mən səhərin erkən çağında otların üstündəki mirvari kimi şehdən sırğa düzüldüyünü çox görmüşəm, amma Rey isə şəhid qanının torpağı al qırmızı qan rənginə boyamasını çox görüb. Bir daha nələr gördüyünü öz yazdığı kitabdan oxuyuram: " Gördüm yenə halım pisləşir, ölürəm! Azada dedim ki, ölürəm! Fikirləşdim ki, birdən huşum başımdan çıxar, amma ölmərəm və əsir düşərəm! Avtomatı boğazıma dirəyib gözlədim. Dedim, Azad, əsir düşməkdənsə, özümü vuracam! Azad yumruqlarını uzandığı yerdə torpağa çırparaq qışqırdı:

- Lazım deyil!

... ermənilərin atəşi altında qalmışdıq.”

Düşmən gülləsinə tuş gələn şəhidlərimizin ruhu və mürgülü kəndlərimiz bu gün də güllə, top, mərmi səsindən diksinir. Amma hər dəfə atəşkəsi pozan düşmən, nizami ordumuzun igid əsgərləri tərəfindən geri oturdulur. Ruhunuz şad olsun, canı qədər sevdiyi torpağın köksünə baş qoyub uyuyan, qanı qanımızdan, canı canımızdan olan şəhid oğullarımız, şəhid qardaşlarımız!

Bu kitabı oxuduqca ağrı ilə bərabər, həm də qürur hissi keçirirsən! Torpağın dərdini dərindən dərk edən Rey Kərimoğlu tarixi faciəmizin fədaisi kimi gördüklərini nə yaxşı qələmə alıb! Vətənimizin bir parçası olan Qarabağ torpağı haqqında yazılanlar olmasa, gələcək nəsillər millətimizin başına gətirilən müsibətlərdən, faciələrdən necə xəbər tutar?.. Yurd itkisi, Qarabağ həsrəti haqqında yazılanlar stolüstü kitabımız olmalıdır. Bunlar bir qanlı sənəd kimi tarixboyu qorunub saxlanmalıdır. Yurd itkisini qanlı köynək kimi əynimizə geyməli, Qarabağ həsrətimizi bütün varlığımızla hiss etməliyik. Qarabağ müharibəsi qəhrəmanlıqlarla dolu keçmişimizin, ulu tariximizin bir hissəsidir. Bunu gələcək nəsillərə çatdırmaq mühüm əhəmiyyət kəsb edir.

Rey inləyən Qarabağ torpağının hər qarışında izi olan, bu torpaq haqqında yazmağa üzü olan Qarabağ Qazisidir! Onun yazdığı bu kitab gələcək nəsillərə örnək ola biləcək, tarixi faktları və həyat həqiqətlərini səhifə - səhifə açıb göstərən, oxucuda erməni faşizminə qarşı nifrət hissi aşılayan bir kitabdır. O, yazır: " Mənim yazdıqlarım ancaq öz gördüyüm, xatırlaya bildiyim, çox nadir hallarda isə üç – dörd mənbədən təsdiqini tapan eşitdiyim hadisələrdir. Elə hadisə var ki, onu tam qələmə almaq olmadı və ya tamamilə toxunmadıq o hadisələrə, amma bu o demək deyil ki, gələcəkdə bunları yazmayacağıq.”

Bu kitabdakı bir çox epizodlarda müharibə dəhşətlərindən xəbər verən ağrı, müsibət, ölüm,itim, şəhidlik fəryad qoparır. Amma bununla belə quduz düşməni geri oturdanda igid əsgərlərimizin hünərinə sevinirik. Kitabda bu cür qürurverici məqamlar da yer almışdır:

"... Birdən "UAZ” – dakı səsgücləndirəndən Şirin Mirzəyevin amiranə səsi gəldi:

- BATALYOOOON! HÜCUMAAAAAA!

Səs qulağımdan beynimə, ürəyimə, iliyimə işlədi. Ardınca tanklar nərildədi, tırıldadı. Ləngər vurub, yerindən irəli sıçradı. Mən ağladım...

Əlimin arxasıyla gözlərimi silib sağa – sola boylananda gördüm ki, əsgərlərimizdən bəziləri də ağlayır. Əslində, bu sevinc göz yaşları idi ki, biz onu saxlaya bilmirdik.

Torpaqlarımızın azad edilməsinə başlayırdıq...

Biz – kəşfiyyat dəstəsinin böyük bir qrupu – İdris Hümbətov, Azad Musayev, Ziyad Əliyev, Qırımxan Novruzov, Fərman (indi tam xatırlamıram, həmin əməliyyatda bizim dəstədən daha kimlər iştirak edirdi) və Yavər Babayevin dəstəsi... Xaçın çayını keçib, özümüzü meşəyə verdik.”

Vətənimizə, xalqımıza, dövlətimizə sədaqətlə xidmət edən əsgərlərimizin Qarabağın işğaldan azad edilməsi uğrunda şücaətini görəndə "Hünərin mübarək, zəfərin mübarək, Azərbaycan Əsgəri!” – deyirik.
Diaspora