Bu gün “Bəxt üzüyü” filmindən “alkoqolik Hüseyn” obrazı ilə yaddaşlarda qalan, Azərbaycanın əməkdar artisti Ayşad Məmmədovun doğum günüdür.
Aktyorun 63 yaşı tamam olur.Ayşad Məmmədov 1954-cü ildə Mərdəkanda anadan olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alaraq, Nəsir Sadıqzadə və Vaqif Abbasov kimi sənətkarlardan sənətin sirlərini öyrənib.
Modern.az saytı Ayşad Məmmədovun doğum günü təəssüratlarını öyrənib. Onunla müsahibəni təqdim edirik:
-Ayşad bəy, 63 illik ömrünüzü necə qiymətləndirirsiniz, taleyinizdən razısınızmı?
- Əlbəttə. Sevdiyim işlə məşğul oluram, ailəm yanımdadır. Bundan artıq nə istəmək olar?
- Yaş artdıqca keçmiş günlərin həsrətini çəkən insanlar var. Siz necə düşünürsünüz, bu günü dünənə dəyişərdinizmi?
- Mənə görə hər bir gün dəyərlidir. Hər gün, hər saat, hər dəqiqə insan üçün sınaqdır. Eynilə mən də düşünürəm ki, hər anımı dəyərləndirməliyəm. Səhər oyanıram, ağacları, təbiətin gözəlliyini, tanış adamların simasını görürəm. Bunlar hamısı demək olar ki, bizə verilən hədiyyədir.
- Əksər aktyorlar teatr, kino sahəsində gəlir olmadığını bildirir. Bu baxımdan siz qazancınızdan razısınızmı?
- Yaxşı iş həmişə dəyərləndirilir. Sadəcə bunun geci və tezi var. Mənə elə gəlir ki, səbrli olmaq lazımdır. Eyni zamanda, tale tərəfindən sənə verilən bəxti düzgün qiymətləndirməlisən ki, sonradan heyfslənməyəsən.
- Siz sənət, teatr, tamaşalar haqda söhbətləri eşidə-eşidə böyümüsünüz və bu səbəbdən həyatınızı teatrla bağlamaq qərarına gəlmisiniz. Həmçinin, həyat yoldaşınız da teatr aktrisasıdır. Bu, övladlarınıza təsir edirmi? Onların teatr sənətinə marağı necədir?
- Təbii, övladlarımın da teatr sənətinə marağı var. Bir şey də qeyd edim ki, mənim hobbim heykəltəraşlıqdır və evdə çoxlu işlərim var. Oynadığım obrazları taxtadan yonuram. Qızım da yəqin ki, bunu görüb dəyərləndirmişdi. Buna görə də o, bu il Rəssamlıq Akademiyasını bitirib və rəssamdır.
- Bəs sizin heykəltəraşlıqla bağlı son işiniz nə olub?
- “Şam insan”. Yəni şamı yonub insana bənzəyən fiqur düzəltdim.
- Doğum gününüzü necə qeyd edirsiniz?
- Adətən doğum günlərimi sadə şəkildə qeyd edirəm. Öz ailəm, qızlarımla bir yerdə keçirirəm. Bu gün də belə olacaq. Təbrik edənlər də çoxdur. Buna görə hər birinə ayrılıqda təşəkkür edirəm.