KOD ADI "REY" KİTABI TARİXİ SALNAMƏDİR...

KOD ADI "REY" KİTABI TARİXİ SALNAMƏDİR... backend

Bakının Yasamal rayonundakı "Kitab Evi"ndə keçmiş döyüşçü qardaşım Rey Kərimoğlunun döyüş xatirələri yer alan KOD ADI: "REY" kitabının təqdimat mərasimi keçirildi...

Tədbirdə tanınmış jurnalistlərlə və görkəmli şairlərlə bərabər Reyin kəşfiyyatçı dostları, müxtəlif ictimai birliklərin rəhbərləri də iştirak edirdilər. Mövzu ağırlığı, bir millətin döyüşkənlik ruhunun təbliği baxımından bu kitab olduqca güclü təsirə malik idi. Dahi Səməd Vurğun məhz belə kitablar haqqında deyib:

Hər sözü bir ulduz, bir şəffaf almaz,
Mənalar dünyası qaranlıq deyil.
Bu böyük kitablar yaranır az-az,
Çünki ömürlükdür, bir anlıq deyil.


İngilis filosofu S.Smaylsın da bu tipli əbədiyaşar kitablar haqqında dolğun fikirləri diqqətəlayiqdir. "Kitab ölməzlik qüdrətinə malikdir. O, insan təfəkkürünün ən uzunömürlü məhsuludur" deyib böyük mütəfəkkir. Dəyərli kitablar haqqında söz sahiblərinin, alim və yazıçılarımızın dəyərli fikirlərinin sayını istənilən qədər artırmaq olar.

Rey Kərimoğlunun bu kitabında təsvir olunan döyüş səhnələri, cəbhəboyu vuruşlarda qazanılan uğurlar, döyüşçü dostlarının qəhrəmanlıq səlnamələri ilə bərabər ölümün şərəfindən, şəhidliyin müqəddəsliyindən də bəhs olunur. Bu kitabda gənc yaşlarında qeyri-bərabər olan ağır döyüşlərdə misilsiz torpaq eşqi ilə düşmənin üzərinə şahin kimi şığıyan oğullarımızın həlak olduğu səhnələrin təsvirini isə şübhəsiz həyəcansız oxumaq mümkün deyil. Kitabı oxuyarkən xatirələrdə neçə döyüşçünün həlak olduğu və neçə döyüşçünün ağır yaralandığı səhnələri ilə tanış olarkən bir Vətən oğlu olaraq mən də onların sayı miqdarında ölüb-dirilir, canıma ağır, məşəqqətli yaralar vurulduğunu hiss edirdim.

Bax, bu idi Rey Kərimoğlunun qürur hissi ilə bərabər dərin ürək ağrısı ilə qələmə aldığı kitabın əhəmiyyətli məziyyətləri. Gələcək nəsillər üçün sənədli bir tarix olan bu kitab igid döyüşçülərimizin qəhrəmanlıq səlnamələrini zaman-zaman yaşadacaq...

Valeh Mirzə

Diaspora