QHT Şurası Film Festivalının qaliblərini mükafatlandırdı - "ƏSGƏR ATASI" ikinci oldu

QHT Şurası Film Festivalının qaliblərini mükafatlandırdı  - "ƏSGƏR ATASI" ikinci oldu backend

QAZİLER.AZ saytı musavat.com-a istinadən xəbər verir ki, Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə keçirdiyi Film Festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, mərasimdə çıxış edən Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev festival haqqında geniş məlumat verib. C. Quliyev bildirib ki, festivalda Şuranın dəstəyi ilə QHT-lərin 2008-2016-cı illərdə hazırladığı 100-ə qədər film iştirak edib. Peşəkar kino mütəxəssislərindən ibarət Münsiflər Heyəti festivala təqdim edilən ekran əsərlərindən birinci, ikinci və üçüncü yerin qalibi olan, diploma və Şuranın xüsusi mükafatına layiq görülən filmləri seçib. Son illər ölkəmizdə film festivallarının coğrafiyasının genişləndiyini deyən Cəmil Quliyev Şuranın film festivalı keçirməsinin xüsusi ictimai əhəmiyyəti olduğunu vurğulayıb: “Festivala təqdim edilən ekran əsərləri Kinematoqrafçılar İttifaqının üzvü olan peşəkar kino mütəxəssilərindən ibarət Münsiflər Heyəti tərəfindən seçilib. Festivalda həyatın müxtəlif sahələrini əhatə edən ekran əsərləri yarışıb. Yüzədək filmin qatıldığı festivaldakı ekran əsərlərinin əksəriyyəti sənədli filmlərdir. Bu filmlər böyük zəhmət hesabına çəkilib. Biz çalışdıq ki, filmlərin çəkilişində əməyi olan insanları qiymətləndirək”.



Şura sədri, deputat Azay Quliyev festivalın əhəmiyyətindən danışaraq bildirib ki, Şuranın maliyyə dəstəyi ilə QHT-lərin ölkəmizin milli maraqlarının ölkədə və beynəlxalq aləmdə təbliği, habelə ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə təşkil olunub. Şura sədri deyib ki, müharibə bu gün yalnız qoşunların təmas xəttində deyil, həm də informasiya müstəvisində gedir: “Cənab prezident İlham Əliyev bizə bütün istiqamətlərdə hücum taktikası mövqeyi seçməyi əmr edib. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər, xüsusi ilə erməni vandalizminin ifşasi, soyqırım həqiqətlərinin dünyada tanıdılması sahəsində həyata keçirdiyi işlər hər birimiz üçün böyük nümunədir. Bu cəhətdən vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük vəzifələr düşür. QHT-lər dövlət siyasətinin həyata keçirilməsinə davamlı olaraq dəstək verirlər. Şuranın dəstəyi ilə QHT-lər ötən illər ərzində vətənpərvərliyin, milli maraqlarımızın müdafiəsi ilə bağlı xeyli filmlər hazırlayıblar. Onlar yalnız ölkədə nümayiş etdirilmir, xarici auditoriyalarda da Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə də töhfələrini verirlər”.

Azay Quliyev deyib ki, “kiçik vəsaitlə QHT-lərin fədəkarlıq göstərərək müxtəlif mövzularda maraqlı ekran əsərləri yaratması həqiqətən də təqdirəlayiqdir”. Şura sədri qeyd edib ki, bu tip tədbirlərin yaratdığı rəqabət mühiti QHT-ləri üzərlərinə düşən işi bundan sonra daha yüksək peşəkarlıqla icra etməyə sövq edəcək. QHT rəhbərlərinə müraciət edən Şura sədri bildirib ki, QHT-lərin hər zaman ortaya peşəkar, keyfiyyətli məhsul qoymalarını istəyirlər. QHT-lər icra etdikləri layihələr çərçivəsində hazırladıqları filmlər, sosial çarxlar elə keyfiyyətdə olmalıdır ki, televiziyalar ondan asanlıqla istifadə edə bilsinlər.

Mərasimin sonunda festivalın qalibi olan filmlərin adları açıqlanıb. “25 ilin akkordları” filmi festivalın xüsusi mükafatına layiq görülüb. “Uçmaq istəyirəm” filmi birinci, “Əsgər atası” filmi ikinci və “Günahkarlar və günahsızlar” filmi isə üçüncü yeri qazanıb. Digər 11 ekran əsərinə festivalın diplomları təqdim olunub.

QAZİLER.AZ: Xatırladaq ki, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilən “Əsgər atası” sənədli filmi Qarabağ döyüşlərində iştirak edən ata və onun üç oğlunun döyüş yolundan bəhs edir.

32 dəqiqəlik sənədli filmdə biri şəhid olmaqla, üç oğlu ilə birgə döyüşən ata - Əkbər Rüstəmovun həyatına, döyüş yoluna nəzər salınıb. Onun timsalında əsgər və şəhid atası, əsl vətəndaş obrazı tamaşaçılara təqdim edilib. Nadir xroniki kadrların istifadə olunduğu filmin layihə rəhbəri Şəmistan Əlizamanlı, ssenari müəllifləri İlqar Əlfioğlu, Rey Kərimoğlu, rejissoru Nicat Cəlilovdur.






Diaspora